"Assassin's Creed III" () — "Ubisoft Montreal" studiyası tərəfindən hazırlanmış və "Ubisoft" şirkəti tərəfindən 2012-ci ildə yayımlanmış döyüş-macəra videooyunu. Bu layihə "Assassin's Creed" seriyasının beşinci əsas hissəsi olmuş və 2011-ci ildə satışa çıxarılmış "Assassin's Creed Revelations" oyununun birbaşa sikvelini təşkil etmişdir. Oyun qlobal miqyasda ilkin olaraq 30 oktyabr 2012-ci il tarixində Şimali Amerikada "PlayStation 3" və "Xbox 360" platformaları üçün buraxılmış, 2012-ci ilin noyabrında isə "Wii U" və "Microsoft Windows" platformaları üçün təqdim edilmişdir. Oyunun yenilənmiş ("remastered") versiyası 2019-cu ildə "Windows", "PlayStation 4", "Xbox One" və "Nintendo Switch", 2021-ci ildə isə "Google Stadia" platformaları üçün istifadəyə verilmişdir.
Oyunun süjet xətti real dünya hadisələrinin uydurulmuş tarixi fonunda qurulmuşdur və sülh ilə azad iradəni qorumaq uğrunda vuruşan ssasinlər ilə sülhə mütləq nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər arasındakı minillik mübarizəni təsvir etmişdir. XXI əsrdə cərəyan edən çərçivə süjetində seriyanın baş qəhrəmanı Desmond Maylsın "Animus" adlı cihaz vasitəsilə öz əcdadlarının xatirələrini yenidən yaşaması və 2012-ci il apokalipsisinin qarşısını almaq yollarını axtarması əks olunmuşdur. Əsas hekayə XVIII əsr müstəmləkə Amerikasında, 1754-1783-cü illəri əhatə edən dövrdə cərəyan etmiş və taleyi bir-biri ilə bağlı olan iki personajı izləmişdir. Fransa–hindu müharibəsi zamanı koloniyalarda öz ordeninin mövqeyini möhkəmləndirməyə çalışan britaniyalı tampliyer Heytəm Kenuey və onun yarı mohokmənşəli oğlu Radunhageydu (Konnor). Konnor öz xalqını qorumaq, anasının qisasını almaq üçün assasinə çevrilmiş və tampliyerlərin ABŞ İstiqlal müharibəsinin nəticələrinə təsir göstərmək cəhdlərinə qarşı mübarizə aparmışdır.
Açıq dünyada cərəyan edən "Assassin's Creed III" üçünçü şəxs baxış bucağından təqdim olunmuşdur. Burada əsas diqqət hər bir idarə olunan personajın döyüş və gizlilik bacarıqlarından istifadə edərək hədəfləri zərərsizləşdirməsinə və ətraf mühiti araşdırmasına yönəldilmişdir. Konnor əsas süjet xəttindən kənar əlavə tapşırıqları yerinə yetirmək üçün XVIII əsr Bostonunu, Nyu-York şəhərini və Amerika sərhəd bölgələrini sərbəst şəkildə araşdıra bilmişdir. Oyunda həmçinin çoxistifadəçili rejim də mövcud olmuşdur. Bu, oyunçulara onlayn mühitdə sui-qəsdlər və təqibçilərdən yayınma daxil olmaqla, fərdi və komanda xarakterli tapşırıqları yerinə yetirmək üçün bir-birləri ilə rəqabət aparmaq imkanı vermişdir. "Ubisoft" bu oyun üçün "AnvilNext" adlı yeni oyun mühərriki hazırlamışdır. "Assassin's Creed III" Şimali Amerikanın irokezdilli yerli xalqlarından olan mohokları ön plana çıxaran ilk böyük videooyun layihələrindən biri olmuşdur. Yaradıcı heyət mohok mədəniyyətini mümkün qədər real və orijinal şəkildə əks etdirməyə çalışmış, Konnorun və digər mohavk personajlarının təsviri ilə bağlı mədəniyyət sahəsindəki ekspertlərlə məsləhətləşmələr aparmışdır. "Assassin's Creed III" oyununu dəstəkləmək üçün bir sıra yüklənə bilən məzmun (DLC) paketləri, o cümlədən əsas oyunun hadisələrindən fərqli alternativ zaman xəttində cərəyan edən "The Tyranny of King Washington" adlı süjetli əlavə buraxılmışdır.
Oyun tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmışdır. Onlar layihəni geympley, süjet, oyun dünyası və iddialı miqyasına görə tərifləmiş, lakin qeyri-bərabər inkişaf etdirilmiş oyun mexanikaları, missiya dizaynı və temp barədə tənqidi fikirlər səsləndirmişdilər. Qlobal miqyasda 12 milyondan çox kopyası satılan bu oyun böyük kommersiya uğuru qazanmışdır. "Assassin's Creed III" ilə eyni vaxtda "PlayStation Vita" konsolu üçün "Assassin's Creed III: Liberation" adlı spin-off da buraxılmışdır. Oyunun davamı olan "Assassin's Creed IV: Black Flag" oktyabr 2013-cü il tarixində satışa çıxarılmışdır. Bu yeni oyunun müasir dövrdə cərəyan edən süjeti "Assassin's Creed III" hadisələrinin davamıdır, lakin onun əsas hekayəsi XVIII əsrin əvvəllərində, dəniz quldurluğunun qızıl dövründə cərəyan etmiş və Heytəmin atası, Konnorun isə babası olan Edvard Kenueyin macəralarını işıqlandırmışdır. Müstəmləkə Amerikasında uyğun olaraq tampliyerlərin yüksəlişini və assasinlərin tənəzzülünü əks etdirən digər bir prikvel — "Assassin's Creed Rogue" oyunu noyabr 2014-cü il tarixində buraxılmışdır.
Geympley thumb|left|"Assassin's Creed III" oyunu vəhşi heyvan ovu və eyni vaxtda iki fərqli silahdan istifadə kimi yeni geympley elementlərinə malikdir. Burada baş qəhrəman Konnor bir qrup "qırmızı paltolu"ya qarşı iki fərqli silahdan — tomohavk və çaxmaqdaşlı tapançadan istifadə edir.
"Assassin's Creed III" üçüncü şəxs baxış bucağından təqdim olunan, açıq dünya mühitində qurulmuş döyüş-macəra və stels janrında videooyundur. Oyunun əsas süjet xətti XVIII əsrdə Müstəmləkə Amerikasında yaşamış assasin Radunhageydu (Konnor kimi də tanınır) və onun ABŞ İstiqlaliyyət müharibəsi dövründə baş vermiş müxtəlif tarixi hadisələrdəki iştirakı ətrafında qurulmuşdur. İlk üç əsas ardıcıllıqdan ibarət olan giriş hissəsində oyunçular kolonial tampliyerlərinin lideri və Konnorun atası olan Heytəm Kenueyi idarə edirlər. Müasir dövrdə cərəyan edən mərhələlərdə idarə olunan personaj seriyanın baş qəhrəmanı Desmond Maylsdır. O, Yer kürəsini 21 dekabr 2012-ci il tarixində baş verəcək güclü günəş partlayışından qorumağın yollarını axtarır. Oyun dünyası üç əsas bölgədən ibarətdir: Boston, Nyu-York şəhəri və "Sərhəd" adlanan geniş vəhşi təbiət sahəsi. Şərq sahili və Karib dənizinin bəzi hissələri əlavə hərbi-dəniz missiyaları zamanı araşdırıla bilir.
Oyunun dünyası o vaxta qədər seriyanın ən böyüyü olmuşdur və təkcə "Sərhəd" xəritəsi "Assassin's Creed: Brotherhood"dakı Romadan daha böyükdür. Personajların hərəkət etdiyi mühit seriyanın digər oyunlarına nisbətən daha realdır və oyunçuların qarşılarında baş verən hadisələrə reaksiya verən qeyri-oyunçu personajlarla daha çox qarşılıqlı əlaqəsi var. Məsələn, alma oğurlayan oğru dükançı tərəfindən görülür, o, onun qolundan tutur və mühafizəçiləri çağırır. Əsgərlər oğrunu almasının pulunu ödəməyə məcbur etdikdə yoldan keçən biri düşmüş meyvəni götürür və dükançıya qaytarır. Qeyri-oyunçu personajların öz təkrarlanmayan fəaliyyətləri var. Bu fəaliyyətlər oyunçunun və ya mühafizəçilərin ən kiçik zorakı müdaxiləsi ilə pozulur.
"Kəşfiyyat" rejimi də dəyişdirilmişdir və xəritənin müəyyən hissələrinin sinxronizasiya nöqtəsi tələb etmədən araşdırılmasına imkan verilmişdir, oyun isə indi istənilən vaxt əlçatan olan "sürətli səyahət" rejiminin əsaslı şəkildə dəyişdirilməsini özündə əks etdirir. Amerika şəhərlərinin və meşələrinin memarlığı İntibah dövrü İtaliya şəhərlərindən tamamilə fərqli olduğuna görə tərtibatçılar əvvəlki hissələrin "şaquli" modelini (hündür binalar, kilsələr, kafedrallar, minarələr və s.) daha "üfüqi" xəritələşdirmə üçün tərk etmişdilər (evlərin mərtəbələri az və ya heç yoxdur, abidələr daha qısadır). Eyni zamanda, onlar oyun dünyasını əhəmiyyətli dərəcədə artırmışdılar.Voir aussi : . "Sərhəd" də böyük bir yenilik təqdim edir, çünki bu, demək olar ki, tamamilə vəhşi və "təbii" mühitdədir, personaj isə əvvəllər insan fəaliyyəti ilə formalaşmış şəhər və ya kənd mühitlərində hərəkət edirdi.
Şəhərlərdə və vəhşi təbiətdə daha rəvan parkur hərəkətlərini təmin etmək üçün sərbəst qaçış sistemi sadələşdirilmişdir. Bura ağaclara, dağlara, qayalara dırmaşmaq və onların üzəri ilə qaçmaq imkanları daxildir. Yaxın döyüş sistemi dəyişdirilərək Konnora eyni anda iki fərqli silahdan istifadə etmək və bir neçə rəqibi birdən zərərsizləşdirmək imkanı verilmişdir. Həmçinin, oyunçuların artıq hədəfə kilidlənmə mexanizmini idarə etməsinə ehtiyac qalmır. Konnorun istifadə edə biləcəyi geniş silah çeşidləri mövcuddur. Bura muşketlər, qılınclar, tapançalar, yerli xalqlara məxsus tomohavk və ox-kaman, eləcə də düşmənləri dartmaq və ya yuxarıdan asmaq üçün istifadə olunan ipli nizə və assasinlərin rəmzi sayılan gizli bıçaqlar daxildir. Oyunun hadisələrinin cərəyan etdiyi dövrə görə, demək olar ki, bütün düşmənlərdə odlu silah var. Beləliklə, bir qrup düşmənə qarşı döyüşdə bəziləri Konnoru hədəf almaq üçün geri çəkilir, digərləri isə onunla yaxın döyüşə girir. Düşmənlərin atəş xətlərinə qarşı canlı qalxanlardan istifadə etmək mümkündür. Düşmən süni intellektinin yenidən işlənməsi sayəsində, fürsət verildikdə, koordinasiyalı hücumlar həyata keçirə və ya personajı atəşə tuta bilərlər.
Sağlamlıq göstəricisi avtomatik bərpa olunduğu üçün oyunda artıq dərman vasitələrindən istifadə edilmir. Stels sistemi də tamamilə yenilənmişdir. Bu sistem oyunçulara gizlənmək üçün hündür otlar və ağaclar kimi təbii elementlərdən istifadə etmək imkanı verir, həmçinin istənilən iki nəfərin arasına daxil olaraq kütləyə qarışmağı mümkün edir.
"Assassin's Creed III" layihəsində qar, duman və yağış kimi hava şəraitinin simulyasiyası tətbiq olunmuşdur. Fəsillərin dəyişməsi (məsələn, yay və qış) həm vizual görüntüyə, həm də geympleyə birbaşa təsir göstərir. Qar yağması oyunçunun və düşmənlərin görmə qabiliyyətini azaldaraq gizli hərəkət etməyə kömək edir. Güclü qar hərəkəti yavaşladır və mühafizəçilər patrul xidmətindən daha çox atəşin ətrafında vaxt keçirirlər. Oyunun daxili yaddaşı həmçinin, oyunçunun qarda ayaq izlərini qorumaqla və ya personajı sudan çıxarkən və ya yağışdan sığınacaq axtararkən bir neçə dəqiqə yaş qoymaqla realizmi artırır. Oyunda həm ev heyvanları (at, inək, it və s.), həm də vəhşi heyvanlar (maral, canavar, ayı və s.) daxil olmaqla zəngin fauna təsvir edilmişdir. Vəhşi heyvanlar "Sərhəd" bölgəsində tapılır. Onlardan əldə edilən ət və ya sümük iliyi satılmaq üçün ovlana bilir. Ovlanma keyfiyyəti satış qiymətinə təsir göstərir. Bu, oyunçunu səssiz ova təşviq edir. Bu məqsədlə müxtəlif tələlər və yemlərdən istifadə oluna bilər.
Oyunun iqtisadi sistemi Konnorun sığınacağı və ögey evi sayılan Devenport malikanəsi üzərində qurulmuşdur. Müharibə səbəbindən yurd-yuvalarından didərgin düşmüş dülgərlər, dərzi və digər peşə sahibləri bu əraziyə gəlirlər. Bu qeyri-oyunçu personajlara kömək etmək və onlarla qarşılıqlı əlaqədə olmaq onları malikanə ərazisində məskunlaşmağa həvəsləndirir. Bundan sonra oyunçu onlarla müxtəlif əşyalar hazırlaya, ticarət edə və karvanlar vasitəsilə həmin malları şəhərlərdə sata bilir. Oyunçu bu insanların bir-biri ilə münasibətlər qurmasına kömək edərək kiçik bir icmanın formalaşmasına şərait yaradır.
"Assassin's Creed: Brotherhood" oyununda təqdim olunmuş yeni döyüşçü toplama sisteminin təkmilləşdirilmiş variantı bu layihədə də geri qayıdır. Oyunçular əlavə "Azadlıq" missiyalarını yerinə yetirməklə vətəndaşları assasinlərin sıralarına cəlb edə bilirlər. Əvvəlki oyunlardan fərqli olaraq, oyunçunun assasin köməkçilərinin sayı altı nəfərlə məhdudlaşdırılmışdır, lakin bu personajların hər birinə fərqli şəxsiyyət və keçmiş hekayəsi verilmişdir. Onlar daha geniş bacarıq dəstinə sahibdirlər və iğtişaşlar törətmək, gizli müşayiət təmin etmək, pusqu qurmaq kimi tapşırıqları yerinə yetirirlər. Digər əlavə missiyalara Bencamin Franklinin itirilmiş almanax səhifələrini toplamaq, sürətli səyahət nöqtələrini açmaq üçün yeraltı tunelləri araşdırmaq, ovçuluq və döyüş klublarına qoşulmaq, "Sərhəd" sakinlərinin UFO və seskveç kimi müxtəlif şayiələrini araşdırmaq, həmçinin Konnorun Kapitan Kiddin xəzinəsi haqqındakı əfsanəni üzə çıxarmaq üçün fərqli qalalara və kimsəsiz yerlərə getdiyi dəniz qulduru missiyaları daxildir. Bundan əlavə, seriyada ilk dəfə olaraq boulz, dama, fanorona və "nine men's morris" kimi stolüstü mini oyunlar da əlçatan edilmişdir.