Bəyalı Xanalı oğlu Ataşov — Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi.

Həyatı 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli şəhər orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir.

1970-1975-ci illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmiş, 1975–1987–ci illərdə respublikanın o vaxtki Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl müəssisələrində direktor və baş direktor vəzifələrində çalışmışdır.

1987 - ci ilin mart ayından hal-hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, mərkəzi aparatın maliyyə - iqtisad idarəsində rəis vəzifələrinin öhdəsindən bacarıqla gəlmiş, eyni zamanda istehsalatdan ayrılmadan elmi – pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur.

Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldsilməsi (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə ona vaxtında dosent və professor elmi adları verilmişdir.

Professor Bəyalı Ataşov müstəqil Azərbaycanda ərzaq kompleksinin inkişafı və ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk tədqiqatçılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif və tövsiyələrin bir qismi vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə respublikamızın aqrar bölməsində həyata keçirilmiş “Kənd təsərrüfatında regional islahatlar”, “Özəlləşdirilmiş kənd təsərrüfatı müəssisələrinin təşkili”, “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” kimi pilot layihələrin reallaşdırılmasında istifadə edilmişdir.

Uzun müddət elmi - pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasında davam etdirən, həmçinin bir sıra ölkə və xarici elm ocaqları ilə sıx əməkdaşlıq edən prof.B.X.Ataşov 8 monoqrafiyanın, ali məktəblər üçün 6 dərslik və dərs vəsaitlərinin, çoxsaylı tədris proqramları, metodik göstərişlər və tövsiyələrin, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi respublika və beynəlxalq nüfuzlu jurnallarda (o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan Web Science və Scopus-da) dərc edilmiş 140 – dan artıq elmi məqalələrin müəllifidir.

Gənc iqtisadçı alimlərin yetişdirilməsində və hazırlanmasında fəal iştirak edən B.X.Ataşov Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin böyük elmi şurasının və dissertasiyaların müdafiəsini keçirən bir sıra birgə ixtisaslaşdırılmış şuraların üzvü və həmsədri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Kooperasiya Universitetinin nəzdində yaratdığı FD 2.46 fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini təşkil edən şuranın sədr müavinidir.

45 illik elmi – tədqiqat və elmi – pedaqoji staja malik Əməkdar Elm Xadimi B.X.Ataşovun bilavasitə elmi rəhbərliyi altında indiyə kimi 25 nəfər iddiaçı iqtisad üzrə fəlsəfə doktoru, 3 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər. O, həmçinin son 30 ildə xeyli sayda magistr dissertasiya işlərinin elmi rəhbəri olmuş və olmaqdadır.

Bundan əlavə, digər ali məktəb iddiaçıları tərəfindən müxtəlif illərdə müdafiəyə təqdim edilmiş 50-dən artıq fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti və rəyçisi olmuş, bir çox monoqrafiya, dərslik və dərs vəsaitlərinin, tədris proqramlarının hazırlanıb nəşr edilməsində elmi redaktor və rəyçi kimi iştirak etmişdir.

Prof.B.X.Ataşovun elmi rəhbəri, məsləhətçisi və opponenti olduğu gənc alimlərin böyük bir qismi hal-hazırda ölkəmizin müxtəlif nüfuzlu elm ocaqlarında elmi – pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər.

Çalışdığı Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” kafedrasının professoru qismində tədris metodikasının incəliklərinə dərindən bələd olan B.X.Ataşovun bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri, keçirdiyi məşğələ dərslərini dinləyicilər həmişə maraqla qarşılayıblar.

Müəllifin böyük zəhmət bahasına ərsəyə gətirdiyi “Ərzaq təhlükəsizliyinin aktual problemləri” (2005), “İdarəetmə elmi və rəhbər əməyi” (2011), “Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” (2017), “Kooperasiya hərəkatı: təkamülü, mövcud durumu və inkişaf meyilləri” (2021), “Azərbaycan iqtisadiyyatının qeyri-neftqaz sektorunun müasir durumu və inkişaf perspektivləri” (2026) adlı monoqrafiyalardan, “Müəssisələrin maliyyəsi” (2009), “Maliyyə nəzəriyyəsi” (2014), “Maliyyə bazarları” (2016), “Sığorta işi” (2018), “Sosial işin idarəedilməsi” (2026) adlı dərsliklərdən və dərs vəsaitlərindən gənc tədqiqatçılar və ali məktəb tələbələri yetərincə faydalanırlar.

Elmi – təcrübi, bədii-fəlsəfi tezislər toplusu olan “İdarəetmə elmi və rəhbər əməyi” kitabında idarəetmə iyerarxiyasında ilk addimlar atan gənc rəhbər və perspektivli liderlərə xitabən B.Ataşov yazır: “Fikrimizcə, hər hansı rəhbər kürsü sahibinin əməyinə cəfakeşlik, xüsusi qabiliyyət tələb edən nadir sənətlərin (bəlkə də incəsənətin) bir növü kimi baxmaq lazımdır... Rəhbərlik etmək, lider olmaq üçün hər şeydən əvvəl hər kəsin gərək buna mənəvi haqqı olsun”.  

“Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika)” adlı monoqrafiyasında qlobal iqtisadiyyatda aqrar sahənin yeri və roluna aydınlıq gətirilmiş, ölkəmizin kənd təsərrüfatının mövcud durumu və inkişaf meyilləri araşdırılmış, aqrar istehsalın struktur və səmərəlilik problemlərinə, həmçinin müasir tələblər baxımından aqrar sahənin inkişaf prioritetlərinə xüsusi diqqət yetirilmişdir.

Prof. Eldar Quliyevin rəhbərliyi və B.Ataşovun həmmüəllifliyi ilə hazırlanmış və innovativ ideyaları özündə əks etdirən “Kooperasiya hərəkatı: təkamülü, mövcud durumu və inkişaf meyilləri” adlı monoqrafiyada bütün növdə olan və cəmiyyətin iqtisadi dayaqlarından biri hesab edilən kooperativlərin ümumi əlamətlərinə, müasir kooperativlərin təşkili prinsiplərinə, dəyərlərinə və təsnifatına kifayət qədər diqqət yetirilmişdir. Ümumbəşəri dəyərləri özündə ehtiva edən, əsrlər boyu əhalinin ən zəruri ehtiyaclarını ödəmək üçün maddi nemətlər bolluğuna layiqli töhvələr vermiş kooperativ hərəkata tükənməz potensiala malik, daim təkamüldə, sabit inkişafda olan bir ictimai – təsərrüfat orqanizmi və kreativ təsərrüfatçılıq üsulu kimi baxılmışdır.

“Azərbaycan iqtisadiyyatının qeyri-neft-qaz sektorunun müasir durumu və inkişaf perspektivləri” adlı monoqrafiyasında rəqəmsal texnologiyaların tətbiqinə, “yaşıl” iqtisadiyyatın genişləndirilməsinə, süni intellektdən istifadə müstəvisində perspektivdə ölkəmizin bu sektorun inkişaf proseslərinin proqnozlaşdırılmasına dair müəllifin yeni innovativ yanaşmaları və təklifləri yer almışdır.

Bir mütəxəssis kimi B.X.Ataşov Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin ali təhsil müəssisələrinin akkreditasiyası yoxlamalarına da zaman – zaman cəlb edilib.

Azərbaycan Kooperasiya Universitetinin təsisçi olduğu və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və rüblük dövrülüklə nəşr olunan “Kooperasiya” elmi – praktiki jurnalın baş redaktorunun müavini, Rusiya Kooperasiya Universitetinin “Фундаментальные и прикладные исследования кооперативного сектора экономики” adlı elmi-nəzəri jurnalın, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktik jurnalın, iqtisadçıların xitabət kürsüsü olan “İqtisadiyyat” qəzetinin redaksiya heyətlərinin üzvü kimi də B.X.Ataşovun səmərəli fəaliyyəti qeyd olunmalıdır.

Akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu 7 cildlik Böyük İqtisadi Ensiklopediyanın hazırlanmasına digər tanınmış iqtisadçılarla bərabər prof. B.Ataşov da məsləhətçi və müəllif qismində cəlb olunmuşdur (2012-2015 – ci illər).

Dövrü mətbuatda, eləcə də müxtəlif səviyyələrdə ölkəmizdə və xaricdə keçirilən respublika və beynəlxalq elmi - praktik konfranslarda, simpoziumlarda, seminarlarda Azərbaycan iqtisadiyyatının aktual problemlərinə dair müntəzəm olaraq maraqlı, kreativ ideya və təkliflərlə çıxış edir.

Son illər professorun ölkəmizin universitetlərində elmi fəaliyyətin təşkili və inklüziv inkişafına dair respublikada və xaricdə nüfuzlu elmi jurnallarda dərc etdiyi maraqlı məqalələri də diqqəti cəlb edir. Məsələn, Rusiyanın “Экономика и управление” elmi jurnalında (2023, cild 29, №9, s. 1030-1040) rus dilində çap olunmuş “Azərbaycanın dövlət elm siyasətinin yeni priorotetləri: universitetlərdə elmi fəaliyyətin inkişafı” adlı məqaləsində prof. B.Ataşovun irəli sürdüyü mülahizə və təklifləri elmi ictimayətimizin nümayəndələri tərəfindən rəğbətlə qarşılanmışdır.

19 yanvar 2010 – cu ildən hal-hazıra kimi “Azərittifaq”ın idarə heyətinin üzvüdür.

1982 - 1986 - cı illərdə İmişli şəhər və Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Sovetlərinin deputatı seçilmişdir.

İngilis dilini lüğətlə tərcümə edir, azərbaycan, türk və rus dillərini mükəmməl bilir.

Ailəlidir, iki oğlu var, hər ikisi dövlət qulluqçusudur.

Mükafatları

1970 - ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə V. İ. Leninin anadan olmasının 100-illiyi münasibətilə "Əmək rəşadətinə görə" yubiley medalı ilə təltif edilmişdir. 2006 - cı ildə İyirminci çağırış Azərittifaq Şurasının dördüncü yığıncağının qərarı ilə "Azərbaycan Respublikasının Kooperasiya əlaçısı" adı verilmişdir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2014-cü il sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub (Azərbaycan Kooperasiya Universitetinin 50 illik yubileyi münasibətilə). 2016 - cı il 18 iyul tarixində “Azərittifaq” sistemində uzunmüddətli səmərəli əmək və elmi – pedaqoji fəaliyyəti, ali təhsilli mütəxəssis kadrların və iqtisadçı alimlərin hazırlanmasında xidmətləri və anadan olmasının 70 illiyi nəzərə alınaraq Azərittifaqın idarə heyətinin 33 saylı qərarı ilə “Fəxri kooperator” döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il sərəncamı ilə Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Kooperasiya Universitetinin 60 illik yubileyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Elm və Təhsil nazirinin 01 dekabr 2025 – ci il tarixli 5593 saylı əmri ilə “Fəxri Fərman”la təltif edilmişdir.

Bəyalı Ataşovun çap olunmuş monoqrafiya və dərslikləri 1. Yeni təsərrüfatçılıq şəraitində Azərbaycan Respublikası rayon aqrar – sənaye komplekslərinin struktur dəyişikliklərinin idarə olunmasının iqtisadi – riyazi modelləri. Monoqrafiya (rus dilində). Bakı, “Azərnəşr”, 1993, 12,0 ç.v.

2. Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan Respublikası aqrar – sənaye kompleksinin idarə olunmasının iqtisadi mexanizmi. Monoqrafiya (rus dilində, Ş.Ə.Cəbrayılovla həmmüəllif). Bakı, “Azərnəşr”, 1993, 15,5 ç.v.

3. Azərbaycanın ərzaq kompleksi. Monoqrafiya (rus dilində). Bakı,“Azərnəşr”, 1995,12,5ç.v.