Riçard Stoun () (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı və fəaliyyəti Riçard Stoun Kembric Universitetinin Qonville və Kayus kollecində oxumuş və 1936-cı ildə məzun olmuşdu. Sonra İkinci Dünya müharibəsi başlayana qədər Londonda tanınmış Lloyds sığorta şirkətində sığorta brokeri olaraq fəaliyyət göstərmişdi. Müharibə dövründə dövlət məmuru kimi statistik və iqtisadçı olaraq işləmişdi. Bu müddət ərzində tanınmış iqtisadçı Ceyms Midlə birlikdə ikili yazılışlı mühasibat hesabına əsaslanan rəsmi Milli gəlir və xərcləmə statistikasını təkmilləşdirib 1941-ci ildə nəşr etdirdilər. Riçard Stoun müharibədən sonra 1945-1955-ci illərdə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsini qurdu və bu bölmənin direktoru olaraq işlədi. Eyni zamanda həmin universitetdə maliyyə və mühasibat professoru olaraq işləmiş və 1980-ci ildən sonra təqaüdə fəxri professor olaraq çıxdıqdan sonra da akademik fəaliyyətinə davam etdi.

Riçard Stoun 1984-cü ildə iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyi üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Riçard Stoun bəzən milli gəlir mühasibat sisteminin atası hesab olunur. Bundan başqa Riçard Stoun istehlakçı tələb statistikasını, riyazi tələb modelləri, iqtisadi böyümə və giriş-çıxış modelləri ilə bağlı çox önəmli nəzəri tədqiqatlar aparmış, kitablar və məqalələr yazmışdır.

Əsərləri 1944 - Milli gəlir və xərclər. 1954 - İstehlakçıların qiymətləndirilməsi: Birləşmiş Krallıqda xərclər və davranış, (1920-1938). (Ceyms Midlə birlikdə) 1966 - Sosial elmlərdə riyaziyyat və başqa esselər. 1970 - İqtisadiyyatın riyazi modelləri və başqa esselər. 1971 - Demoqrafik mühasibat uçotu və model qurma. 1975 - Müşahidələrin tənzimlənməsinə birbaşa və dolayı maneələr. 1980 - Stasionarlığa meylli sadə böyümə prosesi.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Riçard Stoun haqqında Nobel mükafatı e-muzeyində məlumat Riçard Stoun haqqında faktlar Riçard Stounun İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:Cəngavər bakalavrları