Abadkənd (1954-cü ilədək "Cındırlı" və ya Candarlı) — Azərbaycan Respublikasının Salyan rayonunun Xələc kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 2956 nəfərdir (2008). Rayon mərkəzindən 22 km şimal–şərqdə, Cənub-Şərqi Şirvan düzündədir. Əhalisi heyvandarlıqla məşğuldur. Orta məktəb, ibtidai məktəb, mədəniyyət evi, kitabxana, ambulatoriya var.

Adı 2007-ci ildə nəşr edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabının 6-cı səhifəsində verilən məlumata əsasən Abadkənd sadə oykonimdir. 1954-cü ilədək Cındırlı (əsli "Candarlı") olmuşdur. Cənub-şərqi Şirvan düzündədir. Oykonim abad və kənd topokomponentlərindən düzəlib, "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan, məskun edilmiş, səliqəli, inkişaf etmiş, becərilmiş, düzəldilmiş yer, yaşayış məntəqəsi" deməkdir. Abad topokomponenti çox vaxt şəxs adlarına qoşularaq rus dilindəki —qrad, —ovka, yunan dilindəki —pol, alman dilindəki —burq topoformantlarına uyğun gəlir və memorial toponimlərin yaranmasında iştirak edir. Bu topokomponentə hind, Pakistan, fars, türk (həmçinin digər türkdilli xalqlar) toponimiyasında rast gəlmək mümkündür. Candarlı toponiminə gəlincə, bu toponimə Çandır/Çandar/Candar variantlarında Türkmənistan–Özbəkistan–Gürcüstan toponimiyasında təsadüf olunur. Azərbaycanın Qazax–Ağstafa bölgəsində Candar göl hidronimi və Çəndirli familiyası da qeydə alınmışdır. XIX əsrdə Azərbaycanın keçmiş Cavad qəzasında yaşayan xələclərin bir tirəsinin adı "Candır" olmuşdur. İndiki Abadkənd kəndinin Xələc inzibati-ərazi vahidinin tərkibində olması bu toponimin etnotoponim olmasını söyləməyə əsas verir. Candar etnonimi Səlcuq oğuzları ilə əlaqələndirilir.

Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild. Bakı şəhəri, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il, 304 səhifə

Foto məlumatlar Abadkənd kəndi 2012

Xarici keçid

İstinadlar

Kateqoriya:Salyan rayonunun kəndləri