Bova (kalabriya yunan dilində: Χώρα του Βούα, romanlaşdırılmış: Chòra tu Vùa; kalabriya dilində: Vùa; qədim yunan dilində: ὁ Βούας, ho Boúas) — İtaliyanın Kalabriya regionunda, Recco Kalabriya metropoliten şəhərində yerləşən kommunadır. Katanzarodan təxminən 120 kilometr cənub-qərbdə, Reccodan isə təxminən 25 kilometr cənub-şərqdə yerləşir. Bova Cənubi İtaliyada qriko dilində danışılan iki ərazidən biri olan Bovesiyanın yunan-bovesi dilində danışan kəndlərindən biridir. Eyni zamanda "İtaliyanın ən gözəl kəndləri" siyahısına daxildir.
Tarix Arxeoloji tapıntılar bu ərazidə insan məskunlaşmasının neolit dövrünə qədər uzandığını təsdiqləyir. Roma dövründən əvvəl ərazidə ausonlar yaşayırdı. Yunan kolonistləri indiki San Paskuale məhəlləsinin yerində Delia və ya Deri adlanan şəhər saldılar. Bu şəhər ərazidəki əsas yunan mərkəzləri olan Recco, Lokri və Sirakuza arasındakı müharibələrin gedişatına qoşuldu və sonradan sonuncunun hakimiyyəti altına düşdü. Roma işğalından sonra vətəndaşlıq hüquqları olan şəhərə çevrildi.
440-cı ildə Delia vandallar tərəfindən talan edildi. Dənizdən fasiləsiz hücumlar ərazidəki şəhərlərin çoxunu sahildən uzaq, daha təhlükəsiz yerlərə köçməyə məcbur etdi. Deliya sakinləri indiki Bovanı Aspromonte dağlarının yamacında, dəniz səviyyəsindən təxminən 900 metr yüksəklikdə saldılar. Bu, sarasenlərin şəhərə dəfələrlə hücum etməsinə və 953-cü ildə onu talan etməsinə mane olmadı. Sakinlərin çoxu Siciliya müsəlman əmiri Həsən əl-Kəlbinin əmri ilə qul kimi Afrikaya aparıldı.Ərəblər Bovanı 1075-ci ildə yenidən mühasirəyə aldılar.
Normanlar dövründə (XI əsr) Bova Reccio arxiyepiskopunun tabeliyində kilsə mülkü oldu və 1806-cı ildə feodalizm ləğv edilənədək onun əlində qaldı. XVI əsrdə Bovanın ərazisində Afrika quldurlarına qarşı müdafiə üçün çoxsaylı sahil gözətçi qüllələri tikildi.
İkinci Dünya müharibəsi zamanı şəhər 1943-cü ildə Müttəfiqlər tərəfindən güclü bombardman edildi.
Demoqrafik dinamika
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:İtaliya şəhərləri