Vüsal Mirşahin oğlu Seyidov - (30 oktyabr 2004, Vayxır kəndi, Babək rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan karateçisi, Şotokan və Fudokan karate yarışlarının iştirakçısı, Avropa və Dünya çempionatlarının mükafatçısıdır.O, 2025-ci ildə Polşanın Pulavı şəhərində keçirilən 10-cu Fudokan Dünya Çempionatında qızıl medal qazanmışdır. Seyidov WKF, Şobu İppon və Şobu Sanbon növləri üzrə beynəlxalq yarışlarda nəticələr əldə etmişdir. Məşqçisi Nəriman Quliyevdir.
Həyatı və Təhsili
Seyidov 30 oktyabr 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik illərini doğulduğu kənddə keçirmişdir.
2010-cu ildə Vayxır kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2021-ci ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur. Həmin il ali məktəblərə qəbul imtahanında 530 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin, Hərbi həkim ixtisasına qəbul olmuşdur.
İdman Fəaliyyəti
2015-ci il
İlk beynəlxalq yarışında İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə iştirak etmiş və qızıl medal qazanmışdır. Bu nəticə onun karate idmanına marağının artmasında mühüm rol oynamışdır.
2016-cı il
Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanmışdır.
2017-ci il
Türkiyədə keçirilən Qara və Xəzər dənizi ölkələrinin çempionatında bürünc, həmin il Naxçıvan Muxtar Respublikasında təşkil olunan açıq çempionatda isə qızıl medala layiq görülmüşdür.
2018-ci il
Bakı şəhərində keçirilən Qara və Xəzər dənizi ölkələrinin çempionatında gümüş medal qazanmışdır. Həmin il «Arpaçay Open» turnirində, Bakı şəhərində keçirilən beynəlxalq turnirdə və İran İslam Respublikasında təşkil olunan beynəlxalq yarışda qızıl medal qazanmışdır.
2019-cu il
• Gürcüstanın Batumi şəhərində keçirilən "Open Batumi" beynəlxalq turnirində və "Baku Open" yarışında qızıl medal, İran İslam Respublikasında keçirilən «Karate Festival» turnirində və Türkiyənin Rizə şəhərində təşkil olunan Qara və Xəzər dənizi sahili ölkələrinin çempionatında isə gümüş medal qazanmışdır.
• Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 11-ci Şotokan Karate üzrə Avropa Çempionatında WKF və Şobu İppon növlərində qızıl medallar qazanaraq ikiqat Avropa çempionu olmuşdur.
2022-ci il
Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq turnirdə və Bakı şəhərində təşkil olunan "Arpaçay Open" yarışında qızıl medal qazanmışdır. Həmin il Bolqarıstanın Kranevo şəhərində keçirilən 12-ci Şotokan Karate üzrə Avropa Çempionatında WKF, Şobu Sanbon və Şobu İppon növləri üzrə qızıl medal qazanaraq üçqat Avropa çempionu olmuşdur. 2022-ci ildə Respublika çempionatında isə bürünc medal qazanmışdır.
2023-cü il
"Arpaçay Open" turnirində qızıl medal qazanmışdır. Həmin il Özbəkistanın Daşkənd şəhərində keçirilən 13-cü Şotokan Karate üzrə Dünya Çempionatında ikinci yeri tutaraq dünya çempionatının gümüş medalçısı olmuşdur.
2024-cü il
• Bolqarıstanın Albena şəhərində keçirilən 14-cü Şotokan Dünya Çempionatında fərdi kumite yarışlarında gümüş, komanda döyüşlərində isə qızıl medal qazanmışdır. Həmin il Bakı şəhərində keçirilən çempionatda bürünc medal qazanmışdır. Ənənəvi karate üzrə Respublika çempionatında qızıl medal qazanmış və dünya çempionatında iştirak etmək hüququ əldə etmişdir. 2024-cü ildə karate üzrə ikinci qara kəmər imtahanını da vermişdir.
• 2024-cü ilin sonlarında İtaliyada keçirilən WKF üzrə gənclər arasında dünya çempionatında iştirak etmişdir. Bu yarışdan sonra idman fəaliyyətini davam etdirərək növbəti beynəlxalq yarışlara hazırlaşmışdır.
2025-ci il
• Bakı şəhərində keçirilən "Qran-pri" turnirində bürünc medal qazanmışdır. Həmin il Səhiyyə İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində səhiyyə işçiləri arasında keçirilən marafonunda qızıl medala layiq görülmüşdür.
• Polşanın Pulavı şəhərində keçirilən 10-cu Fudokan Karate üzrə Dünya Çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmış və dünya çempionu olmuşdur.
İstinadlar