Yaşlı Con (; ; ) — Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Fridrixin oğlu, Şlezviq-Holşteyn hersoqu. Eyni illərdə yaşayan və ögey qardaşı III Kristianın oğlu Gənc Conla qarışdırılmaması üçün Yaşlı Con olaraq anılır. Heç vaxt evlənmədi və varisi olmadı.

1521-ci ildə Xaderslevdə dünyaya gəldi. Atası Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Conun kiçik qardaşı Şahzadə Fridrix, anası isə onun ikinci xanımı və Polşa kralı IV Kazimirin nəvəsi Pomeraniyalı Sofiyadır. 1523-cü ildə əmisi oğlu II Kristianın taxtdan endirilməsinin ardından ailənin yaşca ən böyük kişi üzvü olan atası I Fridrix adıyla Danimarka və Norveç taxtına çıxdı. Kralın ikinci oğlu kimi taxt namizədi idi və bu səbəblə Vittenberqdə hərbi təlim-tərbiyə aldı. Uşaqlıq illəri anasıyla birlikdə Kildəki malikanədə siyasi həyatdan uzaq keçdi. Burada lüteran məzhəbinin şərtlərinə uyğun böyüdüldü.

Atasının 1533-cü ildə ölümündən sonra anaları dul-kraliça Sofiya övladlarının haqlarını müdafiə etmək məqsədilə onları da yanına alaraq Qottorp qəsrində məskunlaşdı. Taxta çıxan ögey qardaşı III Kristianla aparılan danışıqların ardından qardaşları Adolf və Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu adını aldılar.

1544-cü ildə isə ata mal-mülkü tamamilə qardaşlar arasında bölüşdürüldü. Ancaq kiçik qardaşları Fridrix rahib olması səbəbilə bu bölgüdən kənar qaldı. Doğulduğu Xaderslev qəsrini özünü mərkəz seçən Yaşlı Con Şlezviq-Holşteyn-Xaderslev hersoqu ünvanı aldı. 1559-cu ildə ögey qardaşı III Kristian vəfat etdi və onun oğlu II Fridrix taxta çıxdı. Onun səltənətində də qardaşlar arasındakı mülk idarəsi əmin-amanlıqla davam etdi. Ancaq ölən qardaşının xanımı Saks-Launberqli Doroteya ilə yaşadığı eşq və evlilik istəyi yeni kralın qəzəbinə səbəb oldu. Bu səbəblə qalan illərini gözdən kənarda yaşadı.

1580-ci ildə vəfat etdi və geridə varis qoymadığı üçün bütün mal-mülkü qardaşı Adolf və qardaşı oğlu II Fridrixə qaldı.

Mənbə

Ədəbiyyat

Thomas Otto Achelis: Haderslev i gamle Dage 1292–1626, Haderslev, 1929 Troels Fink: Hertug Hans den Ældre, in: Sønderjyske Årbøger, 1997, p. 37–58 Lennart S. Madsen: Junker Christian og hertug Hans den Ældre, in: Inge Adriansen, Lennart S. Madsen and Carsten Porskrog Rasmussen: De slesvigske hertuger, Aabenraa, 2005, p. 87–118 Emilie Andersen (ed.): De Hansborgske Registranter, two volumes, Copenhagen 1943 and 1949 Emilie Andersen (ed.): De Hansborgske Domme 1545–1578, three volumes, Copenhagen, 1994

İstinadlar