Məhəmməd Təqiyyəddin ən-Nəbhəni (; ) — Hizbüt-Təhririn banisi, qazı və müəllim. Onun banisi olduğu təşkilatın fəaliyyəti hazırda bir çox ölkədə qadağandır.

Həyatı 1909-cu ildə Hayfanın İczim qəsəbəsində anadan olmuşdur.

Əl-Əzhər Universitetində təhsil almış və Fələstinin müxtəlif yerlərində qazı və müəllim işləmişdir.

Gənclik illərində İzzəddin əl-Qəssamla birlikdə ingilislərə və yəhudilərə qarşı mübarizə planları hazırladı. Əvvəlcə Müsəlman Qardaşlarına yaxın olan ən-Nəbhəni təşkilatın lideri Həsən əl-Bənnanı təqdir edir, çıxışlarında isə Seyid Qütbün fikir və ifadələrinə yer verirdi. Daha sonra təşkilatın icma formasında qalmasını və siyasi partiya xarakteri daşımamasını əsas gətirərək təşkilatdan ayrıldı.

1948-ci ildə Fələstinin İsrail tərəfindən işğal edilməsindən sonra ən-Nəbhani bölgənin yalnız sistemli ideoloji və siyasi fəaliyyət vasitəsilə azad edilə biləcəyini düşünərək 1949-cu ildən etibarən gələcək partiyanın təşkilati və ideoloji əsaslarını formalaşdırmağa başladı. O, "Fələstini azad etmək" başlığı ilə ilk yazısını qələmə aldı və bu yazısında VII əsrdən etibarən islam dinin Fələstin üzərindəki təsirini təsvir etmiş və müsəlmanların müstəmləkəçi qüvvələrə tabe olmaları səbəbindən gerilədiklərini müdafiə etmişdir.

1950-ci ilin avqustunda "Risalətül-Ərəb" (Ərəb mesajı) adlı əsərini İsgəndəriyyədə keçirilən Ərəb Birliyi zirvə görüşündə təqdim etdi. Əsərdə ərəb kimliyinin əsasını islam dininin təşkil etməli olduğunu və ümmətin ideoloji və siyasi dirçəlişinin bu şüur əsasında təmin edilə biləcəyini vurğuladı.

Ərəb Birliyi Zirvəsinin onu müzakirələrə cəlb etməməsindən sonra ən-Nəbhəni 1953-cü ildə, həmin dövrdə İordaniyanın nəzarətində olan Şərqi Qüdsdə "Hizbüt-Təhrir" adı ilə siyasi partiya təsis etdi. Onun partiya yaratmasına əsas səbəbin 1948-ci ildə ərəb qüvvələrinin İsrail qarşısında məğlubiyyəti və ya 1949-cu ildə Müsəlman Qardaşlarının lideri Həsən əl-Bənnanın öldürülməsindən duyduğu narahatlıq olduğu qeyd edilir.

Ən-Nəbhani partiyanın yaradılması barədə İordaniya hökumətinə məlumat verdi. Hökumət 1954-cü ildə, həmin dövrdə İordaniya ordusunun rəhbəri olan britaniyalı general Con Beqot Qlabbın tələbi ilə partiyanın fəaliyyətini qadağan etdi. Bundan sonra Livana gedən ən-Nəbhəni 1956-cı ildə partiyanın vəsaitini mənimsəməkdə ittiham edilərək həbs edildi. O, 1977-ci ilin dekabrında Beyrutda həbs olundu və həbsdə də öldü.

Həmçinin bax Ehsan Abbas

İstinadlar