Bənu Təğlib () — Ədnanilərə mənsub ərəb qəbiləsi.

Mənşəyi Bənu Təğlib Ədnanilərdən olan Bəni-Rəbiənin əsas qollarından biridir. Qəbiləyə adını verən Təğlib ibn Vailin əsl adının Disar olduğu, atasının onun düşmənlərinə qalib gəlməsi arzusuyla ona Təğlib adını verdiyi qeyd edilir. Təğlibin Qənm, Əvs və İmran adlı üç oğlu var idi. Onun nəsli əsasən Qənm vasitəsilə davam etmişdir. Qənimin nəslindən olan Bəkr ibn Hubeybin isə altı oğlu olmuşdur:

Cüşəm Malik Amr Sələbə Haris Müaviyə

Onların nəslindən gələnlər (Bəni-Züheyr ibn Cüşəm, Bəni-Əttab ibn Səd ibn Züheyr, Bəni-Şöbə və Bəni-Həmdan) qəbilənin əsas qollarını təşkil etmiş və bunlara "Ərəqim" adı verilmişdir.

Tarixi Cahiliyyə dövründə öz döyüşkənlikləri və aqressivlikləri ilə tanınan Bənu Təğlib qəbiləsi, Sasani hökmdarı II Şapurun Suriyaya hərbi kampaniyası zamanı hücuma məruz qalmış və onlar Sasanilər tərəfindən əsir alınaraq Bəhreyn, Dərin və ətraf ərazilərə nəql edilmişlər.

Bənu Təğlib V–VI əsrlərdə isə Kindəlilərin hakimiyyəti altına girmişdir. V əsrin sonlarına doğru onlarla Bənu Bəkr arasında 40 il davam edən Bəsus müharibəsi başlamışdır. Bu döyüşlərdə Bənu Təğlib Bənu Bəkrə məğlub olmuşdur (525).

İslamın gəlişi ərəfəsində Bənu Bəkr ilə Sasanilər arasında baş vermiş və Sasanilərin məğlubiyyəti ilə nəticələnmiş Zi Qar döyüşündə Bənu Təğlib, Sasaniləri dəstəkləmişdir.

Məhəmmədin sağlığında bir hissəsi müsəlman olmuş BəniTəğlib qəbiləsi, Əbu Bəkrin xəlifəlik illərində isə peyğəmbər olduğunu iddia edən Səcahı dəstəkləmişlər.

Siffin döyüşündə Muaviyəni dəstəkləyən Bəni Təğliblilər, Harrə döyüşündə Yezidi, Mərci-Rəhit döyüşündə isə Mərvan ibn Həkəmi dəstəkləmişlər. Onlar bir hissəsi Əməvilər və Abbasilər dövründə hərbi və inzibati işlərdə çalışmış, Bistəm ibn Əmr ət-Təğlibi, Sind və ardınca Azərbaycan valisi təyin edilmişdir.

Bənu Təğlib ilə eyni adı daşıyan Bənu Təğlib ibn Hulvan qəbiləsi ərəplərin Qəhtanilər qoluna mənsubdur və Kəlb qəbiləsi Bənu Təğlib ibn Hulvanın mühüm qollarından biridir.

Dini inancı Qəssanilər və Ləxmilərlə qonuş olan Bənu Təğlib qəbiləsi, bölgədə Xristianlıq hakim olduğundan bu dinə inanmışlar.

Məhəmmədin peyğəmbərliyi dövründə Mədinəyə gəlmiş və bir hissəsi İslamı qəbul etmiş Bənu Təğlib qəbiləsi heyəti, Bənu Təğlibin xristian qalmaq istədiyini və onlara icazə verilməsini istəmişlər. Məhəmməd də uşaqların vəftiz edilməməsi şərti ilə onların bu istəyini qəbul etmişdir.

İstinadlar Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Rəbiə