"Bangaranga" — Bolqarıstan müğənnisi Daranın ifa etdiyi və 28 fevral 2026-cı il tarixində buraxılan mahnı. Mahnının prodüserliyini Monuar üstlənmişdir. Bu musiqi əsəri 516 xal toplayaraq qalib gəlmiş və 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmişdir.

Yaradılması "Bangaranga" mahnısı Dara və Anna Cudit Vik tərəfindən, həmçinin səhnələşdirmə prosesi ilə də məşğul olan Kristian "Monuar" Tarçea və Dimitris "Starçild İks" Kontopulos ilə birlikdə yazılmış və bəstələnmişdir. "Bangaranga" qismən kukeri ənənəsindən ilhamlanaraq ərsəyə gətirilmişdir. Yamayka patva dilində olan mahnının adı azərbaycanca "şən qarışıqlıq", "hay-küy" və ya "dəcəllik" kimi tərcümə olunur. Dara 2025-ci ildə özünə qoyulan diaqnozdan sonra mahnının mətnini təşviş pozuntusu, eləcə də diqqət əskikliyi və hiperaktivlik sindromunun öhdəsindən gəlməsinə kömək etmək məqsədilə yazdığını bildirmişdir.

Kontopulos daha əvvəl Avroviziya Mahnı Müsabiqəsində Rusiya təmsilçisi Sergey Lazarevin "You Are The Only One", Yunanıstan təmsilçisi Stefaniyanın "Last Dance" və Moldova təmsilçisi Nataliya Qordiyenkonun "Sugar" mahnıları da daxil olmaqla bir çox yarışma mahnısının müəllifi olmuşdur.

2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Daxili seçim Bolqarıstanın 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunun ikinci şousunda Dara münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində Bolqarıstanın təmsilçisi seçilmişdir. Fevralın 28-dək isə yarışma mahnısının seçimi baş tutmuşdur. Bu mərhələdə ifaçı üç mahnı səsləndirmiş və onlardan "Bangaranga" münsiflər heyəti ilə tamaşaçı səsverməsinin nəticələrinə əsasən qalib gəlmişdir.

Avroviziyada 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində, "Wiener Stadthalle" konsert zalında baş tutmuşdur. Müsabiqə müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinaldan, həmçinin 16 may 2026-cı il tarixindəki final mərhələsindən ibarətdir. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasimində Bolqarıstanın ikinci yarımfinalın birinci hissəsində çıxış edəcəyi müəyyənləşmişdir. Sonradan Daranın yarımfinalın açılışını edəcəyi qərara alınmışdır. Daranın çıxışına Fredrik Ridman və Keyş fon Arnold tərəfindən quruluş verilmiş, səhnədə onu rəqqaslar İker Sederblom Errera, Ellinea Siambalis, Liza Höqstrem və Mateo Kordova Pomo müşayiət etmişdilər. O, 278 xal toplayaraq ikinci yarımfinalın qalibi olmuş və böyük finala vəsiqə qazanmışdır.

Final mərhələsində Dara həm münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsində birinci yeri tutaraq ümumilikdə 516 xalla qalib gəlmişdir ki, bu da Avroviziya Mahnı Müsabiqəsi tarixində Bolqarıstanın ilk qələbəsi kimi qeydə alınmışdır.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar