Cenifer Qarner () — amerikalı aktrisadır. Houston, Texasda doğulmuş, Charleston, Qərbi Virciniyada böyümüşdür. Qarner Denison Universitetində teatr təhsili almış və Nyu-York şəhərində Roundabout Theatre Company-də səhnə arxası aktrisa kimi fəaliyyətə başlamışdır. O, Time of Your Life (1999–2000) adlı Fox gənclik dram serialında baş rolda, Pearl Harbor (2001) və Catch Me If You Can (2002) filmlərində isə ikinci dərəcəli rollarda çıxış etmişdir. Garner 2000-ci illərin əvvəllərində ABC kanalının Alias (2001–2006) adlı casusluq triller serialında gizli agent Sidney Bristow obrazı ilə məşhurlaşmışdır. Bu rola görə o, Qızıl Qlobus mükafatı qazanmış, dörd dəfə Primetime Emmy mükafatına namizəd olmuşdur.

Sonrakı illərdə Qarner romantik komediyalarda – 13 Going on 30 (2004), Juno (2007), Ghosts of Girlfriends Past (2009) və Valentine’s Day (2010) filmlərində baş rollarda çıxış etmiş, həmçinin superqəhrəman filmlərində Elektra obrazını canlandırmışdır. O, daha sonra Dallas Buyers Club (2013), Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day (2014), Love, Simon (2018), Peppermint (2018), Yes Day (2021) və The Adam Project (2022) filmlərində rol almışdır. 2023-cü ildə Apple TV+ platformasında yayımlanan The Last Thing He Told Me dram serialında baş rolu ifa etmişdir.

Aktrisalığından əlavə, Qarner erkən uşaqlıq təhsili sahəsində fəal müdafiəçidir və Save the Children USA təşkilatının idarə heyətində çalışır. O, həmçinin üzvi uşaq qidaları istehsal edən Once Upon a Farm şirkətinin həmtəsisçisi və baş brend direktoru kimi fəaliyyət göstərir. Bundan başqa, Garner məşhurların uşaqlarını paparatsilərin müdaxiləsindən qorumaq üçün aparılan kampaniyaların fəal tərəfdarıdır .Erkən həyat

Cennifer Anne Qarner 17 aprel 1972-ci ildə Texas ştatının Houston şəhərində anadan olmuş və üç yaşında Qərbi Virciniyanın Charleston şəhərinə köçmüşdür. Onun atası William John Qarner Texas A&M Universitetində kimya mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsi almış, Union Carbide şirkətində kimya mühəndisi kimi çalışmışdır; anası Patricia Ann English evdar qadın olmuş, sonradan yerli kollecə ingilis dili müəllimi kimi işə başlamışdır. Onun iki bacısı var. Qarner özünü uğurlu böyük bacısından fərqlənməyə çalışan tipik ortancıl uşaq kimi təsvir etmişdir. Qarner siyasi cəhətdən fəal ailədə böyüməsə də, atasını "çox mühafizəkar", anasını isə "sakitcə liberal" kimi xarakterizə etmişdir. O, hər bazar günü yerli Metodist kilsəsinə gedir və Yay Müqəddəs Kitab Məktəbinə qatılırdı. Yeniyetməlik dövründə Garner və bacılarına makiyaj etmək, dırnaqlarını boyamaq, qulaqlarını deşdirmək və saçlarını rəngləmək qadağan olunmuşdu; Qarner zarafatla ailəsinin dünyaya baxışını "demək olar ki, amiș" adlandırmışdır.

O, Charleston şəhərindəki George Washington Liseyində təhsil almışdır. 1990-cı ildə Qarner Ohayo ştatının Granville şəhərində yerləşən Denison Universitetinə daxil olmuş, ixtisasını kimyadan teatra dəyişmiş və Pi Beta Phi qardaşlıq təşkilatının üzvü olmuşdur. 1993-cü ilin payız semestrini Konnektikut ştatının Waterford şəhərindəki Eugene O’Neill Teatr Mərkəzində yerləşən Milli Teatr İnstitutunda keçirmişdir. Universitetin yay tətilində o, yay teatrında çalışmışdır. 1994-cü ildə teatr sənəti üzrə bakalavr dərəcəsi ilə məzun olmuşdur. Karyera

1990-cı illər Universitet illərində Qarner yay teatrında çıxış edirdi. O, həm səhnədə oynayır, həm də bilet satışı, dekorasiya qurulması və məkanların təmizlənməsinə kömək edirdi. 1992-ci ildə İllinoys ştatının Mount Carroll şəhərindəki Timber Lake Playhouse-da, 1993-cü ildə Miçiqan ştatının Augusta şəhərindəki Barn Theatre-də, 1994-cü ildə isə Corciya ştatının Atlanta şəhərindəki Georgia Shakespeare Festival-da çalışmışdır. 1995-ci ildə Nyu-Yorka köçmüşdür. İlk ilində o, Roundabout Theatre Company-nin A Month in the Country tamaşasında səhnə arxası aktrisa kimi həftədə 150 dollar qazanmış və ilk dəfə ekran qarşısına Melissa Gilbert-in qızı rolunda Zoya adlı romantik mini-serialda çıxmışdır. 1996-cı ildə o, Harvest of Fire televiziya filmində amiș qadını, Dead Man’s Walk mini-serialında isə mağaza sahibi obrazını canlandırmışdır. O, müstəqil qısametrajlı In Harm’s Way filmində çəkilmiş, Spin City, Swift Justice və Law & Order seriallarında epizodik rollarda görünmüşdür.

1997-ci ildə Los-Ancelesə köçdükdən sonra Qarner ilk baş rolunu Rose Hill televiziya filmində ifa etmiş, ilk bədii film çıxışını isə Washington Square dramında etmişdir. O, həmçinin Mr. Magoo komediyasında, 1999 müstəqil dramında və Woody Allen-in Deconstructing Harry filmində görünmüşdür. 1998-ci ildə Garner Fantasy Island serialında bir epizodda rol almış, Fox kanalının Significant Others serialında müntəzəm obraz kimi çəkilmişdir. Garner-in 1998-ci ildəki ən mühüm rolu J. J. Abrams-ın Felicity serialında olmuşdur. 1999-cu ildə o, Fox-un Time of Your Life serialında baş obrazlardan biri olmuş, həmçinin Aftershock: Earthquake in New York mini-serialında və The Pretender serialının iki bölümündə rol almışdır.

2000-ci illər 2000-ci ildə Garner Ashton Kutcher-in sevgilisi rolunu Dude, Where’s My Car? komediyasında ifa etmişdir. 2001-ci ildə o, həyat yoldaşı Scott Foley ilə birlikdə Stealing Time dramında görünmüş, Pearl Harbor filmində isə tibb bacısı rolunda kiçik epizodda iştirak etmişdir. Həmin il Qarner ABC kanalının Alias adlı casusluq triller serialında baş rol – Sidney Bristow obrazına seçilmişdir. Serial 2001–2006-cı illərdə beş mövsüm yayımlanmış, Qarner-in maaşı bölüm başına 40 min dollardan başlayaraq serialın sonunda 150 min dollara qədər yüksəlmişdir. O, bu rola görə Qızıl Qlobus mükafatı, Ekran Aktyorları Gildiyası mükafatı və dörd dəfə Primetime Emmy namizədliyi qazanmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Ben Afflek Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar