Meksika () ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları () — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur.
Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala.
Monterrey, Qvadalaxara, Puebla, Xuares, Tixuana, Nesaualkoyotl, Çiuaua və Leon Meksikanın ən böyük şəhərlərinidir.
Coğrafiyası Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir. Əsasən dağlıq ölkə olan Meksikanın ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən 1000 m-dən yuxarıda, yalnız 1/3 hissəsi isə düzənlikdə yerləşir.
Meksika sahili boyu ensiz ovalıqlar uzanır. Onların böyük təsərrüfat əhəmiyyəti vardır. Ovalıqları kəsib keçən çaylar suvarma əkinçiliyinin inkişafına səbəb olmuşdur. Sakit okeanın sahili boyu uzanan ovalıqların eni 250 km-ə çatır. Ölkənin relyefi iqlimin, torpağın və bitki örtüyünün xarakterini müəyyənləşdirir. Dağ silsilələrinin mineral və meşə resursları bir çox rayonların əhalisinin təsərrüfat fəaliyyətinin əsasını təşkil edir. Məşhur Meksika tədqiqatçısı Kampilyo Saensin təsnifatına əsasən ölkə ərazisinda kifayət qədər qiymətli və nadir metallar, sink, qurğuşun, mis, manqan, civə, sürmə və digər metallar vardır. Qeyri-filiz ehiyatlarından kükürd, flüyerit, barıt, qrafıt, təbii qaz və tikinti materialları daha zəngindir.
Ölkə ərazisində iqlimin formalaşmasına onun coğrafi mövqeyi ilə yanaşı relyefın də böyük təsir vardır. Yayda ən çox istilər tropik qurşaqda yerləşən ştatlarda yox, Sonora, Aşağı Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Yağıntılarn paylanmasında da relyefın rolu böyükdür.
Ölkə ərazisində rütubətli tropik, rütubətli mülayim və quru iqlim zonalarının ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmişdir. Rütubətli tropik zona orta illik temperaturun +18°, orta illik yağıntının 750 mm-dək olması ilə xarakterizə olunur. Bu iqlim zonasına Yukatan yarımadası, Şərqi Syerra-Madre, Syerra Madre-de-Oaxaka, Serraniya-Nofte-de-Çyapasın 1000 m-dək hündürlüyü olan əraziləri, Meksika körfəzinin sahilindəki düzənliklər daxildir. Rütubətli mülayim zonada ən isti ayın orta temperaturu +18°, illik yağıntının miqdarının isə 600 mm-dək olması xarakterik haldır və əsasən dağlıq əraziləri əhatə edir.
Quru iqlim zonasında yağıntının illik miqdarı təxminən 250 mm, Altar səhrasında, Aşağı Kaliforniyanın şərqində 100 mm-dən çox deyildir. Meksikanın fiziki-coğrafi proseslərinə ətraf okean və dənizlərin təsiri olduqca böyükdür. Burada Meksika körfəzinin rolu daha böyükdür. Körfəz üzərində formalaşan hava kütlələri əraziyə olduqca çoxlu rütubət gətirir. Körfəzdən keçən isti Qolfstrim cərəyanı balıqçılığın inkişafı üçün əlverişli şərait yaradır. Kontinental şelfın zəngin neft ehtiyatları ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Karib dənizi üzərində formalaşan hava kütlələri də əraziyə xeyli rütubət gətirir. Atlantik okeanından fərqli olaraq Sakit okean Meksikanın iqlim şəraitinə o qədər də ciddi təsir göstərmir. Meksika dağlıq ölkə olduğundan onun çayları hidroenerji ehtiyatlıdır, nəqliyyat kimi az istifadə edilir.
Ölkə ərazisində qırmızı-sarı laterit torpaqlar əsasən rütubətli tropik və rütubətli mülayim iqlim şəraitində formalaşır. Qırmızı laterit torpaqlar Verakrus ştatında, Nayarit ştatının sahil zonasında və Serraniya-Norte-de-Çyapas dağ silsiləsinin ayrı-ayrı ərazilərində, nisbətən bataqlıqlaşmış ərazilərdə qleyli torpaqlar, quru səhra və yarım səhra iqlimi şəraitində isə boz torpaqlar yayılmışdır. Daxili dağətəyi ərazilərdə qara, yüksək dağlıq yamaclarda dağ-qara və qonur, subtropik, tropik çöl və yarımsəhra iqlimi şəraitində boz-qonur torpaqlar yayılmışdır.
Tarixi
Amerikanın ispanlar tərəfindən kəşf edilməsinə qədər Meksika ərazisində Mayyalıların və Atsteklərin dövləti mövcud olmuşdur. 1518-ci ildə İspaniya konkistadoru Xuan Qrixalvanın ekspedisiyası Meksikaya ilk dəfə qədəm basmışdır. 1519-cu ildə ispan konkistadoru Kortesin dəstəsi Meksika ərazisinə gəlmiş, burada Verakruz adlı şəhərin təməlini qoymuşdur. Tezliklə o, heç bir döyüş olmadan Astek dövlətinin paytaxtı Tenoçtitlanda (indiki Mexiko) daxil olur və astek hökmdarı Montesumunu əsir götürür.
1520-ci ildə asteklərin ispanlara qarşı üsyanı baş verir. 1521-ci ildə Kortes 10 minlik antiastek ruhlu hindli ordusu ilə Astek dövlətini fəth etmişdi.
1522-ci ildə Kortes Yeni İspaniyanın ilk qubernatoru və general kapitanı oldu. 1524-cü ildə Yeni İspaniyaya Qvatemala və Qonduras birləşdirildi.
1535-ci ildə mərkəzi Mexiko şəhəri olmaqla Yeni İspaniya adlı vitse-krallıq quruldu. Yeni İspaniyanın ilk vitse-kralı Antonio de Mendosa təyin olundu.
Meksikada 1810–1824-cü illərdə İspaniya müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsi baş vermişdi. 1821-ci ildə ispan zülmündən xilas olan və müstəqillik əldə edən Meksikanın ümumi ərazisi 5 mln. km2 -ə qədər idi. Bu ərazi Solt-Leyk gölündən müasir Kosta-Rika sərhədlərinə kimi uzanırdı.
Müstəqil Meksikanın ilk Konstitusiyası 1824-cü ildə qəbul olunmuşdu. Elə həmin il Mərkəzi Amerika dövlətləri federasiyası Meksika imperiyasından ayrılaraq özünün müstəqilliyinə nail oldu.
1846–1848-ci illərdə ABŞ ilə müharibə nəticəsində onun ərazisinin təxminən yarısı, 2,2 mln. km2
Əhalisi
Meksika əhalisinin formalaşması əsasən yerli hindularla və sonradan İspaniyadan köçüb gəlmiş ispanların qarışığı əsasında baş vermişdir. Yavaş da olsa yeni metis etnik qrupu yaranıb, formalaşmışdır. Latın Amerikasının qədim mədəniyyətə malik ölkələrindən xusüsilə də Peru və Boliviyadan fərqli olaraq Meksika əhalisinin 85%-i metislərin payına düşür. Müstəmləkə dövründə bura bir qədər zənci qullar da gətirilmişdir.
1521-ci ildə siyahıyaalmanın nəticəsində məlum olmuşdur ki, ölkə əhalisinin sayı 9.1 mln. nəfərdir və onun da 7,3 mln. nəfəri astek tayfalarıdır. Ölkə ərazisinin müstəmləkəyə çevrilməsi, hinduların kütləvi qırğını, sonradan isə onlar üçün yaradılan ağır şərait əhalinin getdikcə azalmasma səbəb olmuşdur. X əsrin əvvəllərində baş verən müharibələrdə də əhalini sayının azalması müşahidə edilmişdir. 1920-ci ildə sonra əhalinin sayı əvvəlcə sabitləşməyə və getdikcə artmağa başlamışdır. Əhalinin çox hissəsinin mərkəz ştatlarda cəmləşməsi həm təbii, həm də sosial-iqtisadi amillə əlaqədardır.
Əhalinin, xüsusilə ispanların ölkənin mərkəzi rayonlarına, El-Baxio, Valye-de-Toluqa, Valye-de-ulba vadilərinin və yaylalarının yumşaq iqlimi, məhsuldar torpaqları, meşə massivləri, xarici ticarət üçün əlverişli limanları cəlb etmişdir.
İqtisadi tərəqqi, nəqliyyat vasitələrinin yaxşılaşması, yeni şəhərlərin yaranması, ölkədə əhalinin mərkəzdə yerləşməsinə baxmayaraq, daxili miqrasiya əsasında yeni kənd təsərrüfatı rayonlarında əhali getdikcə artır. Ölkənin şimal rayonlarının iqtisadiyyatında heyvandarlığın xüsusi çəkisinin artması da bura əhali miqrasiyasına şərait yaratmışdır. Neft hasilatının artması, müvafiq sənaye sahələrinin yaranması, ABŞ-la sərhəd zonasında sənaye obyektlərinin və mərkəzlərinin yaranması, ticarət-iqtisadi əlqələrin genişlənməsi, turizm digər sahələr əhalinin yerləşməsi, sıxlığı və əmək ehtiyatlarının formalaşmasına təsir edən əsas amillər olmuşdur.
"Demoqrafık partlayış" şəraitində tropik, yarımsəhra və səhraların mənimsənilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Bu ərazilərin mənimsənilməsinə hələ müstəmləkə dövründə başlanılmışdır. XIX əsrdə Avropa immiqrantları bu əraziləri mənimsəməyə cəhd göstərmiş, lakin ciddi dönüş yarada bilməmişdilər. Hazırda yüksək urbanizasiyalaşmış mərkəzdə əhali sıxlığı problemini həll etmək üçün yeni torpaqların mənimsənilməsi dövlət tərəfindən planlı surətdə həyata keçirilir. Yeni-yeni sənaye sahələrinin yaradılması istehsal münasibətlərinin inkişafı şəhələrin artmasına, mövcud şəhərlərin isə böyüməsinə səbəb olmuşdur. Bütövlükdə ölkə üzrə əhalinin artımı üç iri mərkəzdə — Mexiko, Qvadalaxara və Monterreydə daha çoxdur. Belə ki, bu şəhərlərdə iri sənaye obyektləri cəmləşmiş, siyasi, mədəni, maliyyə, bazar münasibətləri funksiyaları çoxalmış, digər şəhər və rayonlarla əlaqələrinin artması nəticəsində infrastrukturlar xeyli yaxşılaşdırılmışdır. Güclü maliyyə imkanları və iqtisadi bazası olmayan şəhərlərdə isə artım, demək olar ki, müşahidə edilmir. Ölkə əhalisinin məskunlaşmasında əsas problemlərdən biri hələ ispan konkistadorları dövründə öz ərazilərindən tamamilə qovulmuş və bugünə qədər əzab-əziyyət çəkən hindu problemidir. 21 müxtəlif hindu dilində danışan bu əhali iri rayonların sərhəddində yaşayır.
İqtisadiyyatı Meksikanın inkişaf tarixində iqtisadiyyatın müxtəlif sahələri növbə ilə üstünlük təşkil edir. Belə ki, müstəmləkə dövründə dağ-mədən sənayesi üstün idisə, XX əsrin əvvəllərində əkinçilik və emal sənaye sahələri böyük əhəmiyyət kəsb etməyə başlamışdır. 1930–1960-cı illərdə kənd təsərrüfatı ilə sənaye sahələrinin bərabərləşməsi birləşdirən kommunikasiyarm sənayenin ayrı-ayrı sahələrinin isə xüsusi çəkisinin artması başlanmışdır. Sənaye-aqrar ölkəsi olan Meksika Latın Amerikasında çox sürətlə inkişaf edən ölkələrdən biridir. Son illər ciddi maneələri dəf edən ölkənin milli iqtisadiyyatı böyük müvəffəqiyyətlərə nail olmuşdur. Son 5 ildə ümumi daxili məhsulun artımı 2–2,8% olmuşdur. Ölkədə iqtisadiyyatın dirçəldilməsi, dövlət vəsaitinə qənaət etməklə struktur dəyişiklikləri etmək, neftin ixracından asılılığı azaltmaq, xarici kapitala şərait yaratmaq sahəsində böyük işlər görülmüşdür. Özəlləşdirmə prosesini sürətləndirməklə dövlət büdcəsi gəlir hesabına digər sahələrin inkişaf etdirilməsinə nail olmuş, dövlət nəzarətində əsas sahələr olan neft, qaz sənayesi, elektroenergetika, dəmir yol nəqliyyatını saxlamışdır. Yaxın gələcəkdə Meksika dünyanın sənaye məhsulu istehsalında, xüsusilə də toxuçuluq, yeyinti, kimya sənayesi, nefte emalı, dağ-mədən sənayesi, metallurgiya, nəqliyyat vəsaitləri və istehlak malları istehsal sahəsində inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaqdır.
Sənayesi Müstəmləkə dövründə Meksikada əsasən qiymətli metallar istehsal edilirdi və başqa faydalı qazıntıların hasilatı barədə fıkirləşilmirdi. Özünün müstəqilliyini elan edənə kimi ölkə İspaniyanın xammal mənbəyi idi, hazır məhsulların hamısı İspaniyadan gətirilirdi. Ölkə müstəqilliyini əldə etdikdən sonra ilkin dövrlərdə, yəni 1821–1880-ci ildə sənayenin yenidən qurulmasına o qədər də meyil etmirdi, lakin 1880–1925-ci illərdə xarici investisiyaların yavaş da olsa əraziyə axını başladı. Dəmir yolu çəkilişinin başlanması, fıliz mədənlərinin və neft rayonlarının dəniz limanları və ABŞ ilə sərhəd məntəqələrini birləşdirən kommunikasiyaların yaradıdılması, xarici şirkətlərə güzəştlərin həyata keçırilməsi başlandı. XIX əsrin əvvəllərində artıq kimya məhsulları istehsal edən müəssisələrin fəaliyyəti başladı.
Ölkənin yanacaq-energetika balansının əsəsını təşkil edən neft sənayesi 1938-ci ildə tamamilə milliləşdirilmişdir. Ölkədə neft ehtiyatlarının aşkar edilməsi mənimsənilməsi sahəsində böyük işlər görmüşdür.