Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən mədəniyyət hadisələri.

Mətbuat alt=|left|thumb|"Zənbur" jurnalının 6 iyun 1919-cu il tarixli 9-cu nömrəsi Azərbaycan mətbuatı tarixində 1918–1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.

1918–1920-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat. Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı. Bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı. Özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar.

Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.

Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal" (1918–20), "Azərbaycan" (1918–20), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917–19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918–19), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur.

thumb|300px|İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Tobçubaşov. Bakı, 1894|alt= Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi, onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ 19-cu əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdı. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, 19-cu əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), 20-ci əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-Rus" (1903–05) qəzetləri meydana çıxmışdır. Rusiyada 1905-ci il inqilabından sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin "Həyat" (1905–06) qəzeti, Əli bəy Hüseynzadənin "Füyuzat" (1906–07) jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişlər.

Cümhuriyyətə gələn yolda Azərbaycan mətbuatının inkişafında "Molla Nəsrəddin"-in təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə, maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynadı. Beləliklə, 19-cu əsrin sonları — 20-ci əsrin əvvəllərinin bütün bu dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir.

Azərbaycan və ümumtürk milli məfkurəsinin formalaşmasında və inkişafında mühüm rol oynayan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspiralı və digərləri milli mətbuatın tərəqqisinə də güclü təsir göstərdilər.

Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının həqiqi sələfləri 1911-ci ildən sonra meydana gəlmişdilər. Hələ 1912-ci il martın 6-da bir qrup ziyalı Bakıda Orucov qardaşlarının mətbəəsində gələcək Xalq Cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən "İqbal" (1912–15) gündəlik qəzetinin nəşrinə başlamışdılar. 1915-ci il aprelin 27-nə kimi davam edən, 923 sayı çıxmış bu qəzeti müxtəlif vaxtlarda Sənətulla Eynullayev (İbrahimov), Seyid Hüseyn Sadıq (Kazımoğlu), Məhəmməd Əmin Rəsulzadə və M. Ə. Əbdüləzizzadə redaktə etmişlər. "İqbal" qəzetinin fəaliyyətində Azərbaycan milli fikrinin Əliabbas Müznib, Üzeyir Hacıbəyli, Əli Razi, Səməd Mənsur, Əlipaşa Səbur, Hüseyn Cavid və b. xadimləri yaxından iştirak etmişlər.

1914-cü il oktyabrın 15-də Ə. Müznibin redaktorluğu ilə digər bir milli mətbuat nümunəsi — "Dirilik" jurnalı nəşrə başlayır. Burada Ə. Müznibin və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqını özünüdərkə hazırlayan poetik və publisist əsərləri dərc edilmişdir. 250px|thumb|left|"Açıq söz" qəzeti|alt= 1915-ci il oktyabrın 2-də Bakıda, ilk dəfə olaraq, milli proqramlı "Açıq söz" qəzetinin nəşrinə başlanır. "Açıq söz", əslində, qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin də rəhbərləri və yazarları "İqbal" və "Dirilik" qəzetlərinin əsas müəllifləri idilər. "Açıq söz" qəzeti İsa bəy Aşurbəyovun keçmiş "Kaspi" mətbəəsində, Məhəmməd Əli Rəsulzadənin müdirliyi və Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxırdı. "Açıq söz" qəzeti Azərbaycanın ictimai-siyasi fikir tarixində, ilk dəfə olaraq, xalqın istiqlal uğrunda gələcək mübarizə konsepsiyası olan "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını açıq şəkildə təbliğ edirdi. "Açıq söz"ün səhifələrində 20-ci əsr Azərbaycan milli fikrinin ən xadimləri — Seyid Hüseyn, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Əliabbas Müznib, gənc şair və dramaturqlar — Cəfər Cabbarlı və Mirzəbala Məmmədzadə çıxış edirdilər. "Açıq söz" Cümhuriyyət dövrü ərəfəsində Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin canlı salnaməsi idi. Bu qəzet xüsusilə Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir mübarizəsinin başında dururdu. Məhəmməd Əmin Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram məqaləsində yazırdı:

Bu dövrün "İqbal", "Dirilik", "Təkamül", "Açıq söz", "İstiqlal" və s. mətbuat orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, beləliklə, milli məfkurənin formalaşmasına əvəzsiz yardım edirdilər. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün Azərbaycan milli mətbuatının başlıca şüarına çevrildi. Sənətulla Eynullayev Açıq söz qəzetinin 15 mart tarixli sayında Bakıda yaxınlaşmaqda olan rus-bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Dəhşətli saat gəlir, birlik gərək!". Müəllif Azərbaycan xalqının siyasi partiyalarını xarici irticaya qarşı milli birliyə çağırır və xəbərdarlıq edirdi: əks halda, "Baş kəsildikdə, saqqalla bərabər gedəcəkdir".

"Müsavat" partiyası Azərbaycan xalqını milli mübarizələrə hazırlamaq üçün 1917-ci il iyulun 10-da "Müsavat" adlı qəzetin nəşrinə başladı. Cəmi altı sayı işıq üzü görmüş bu qəzet "Yaşasın Cümhuriyyəti-ənam, var olsun milli-məhəlli muxtariyyət!" şüarı ilə çıxırdı.

1917-ci ilin oktyabrından sonra "Müsavat" partiyasının siyasi proqramında dəyişiklik edilərək, "milli muxtariyyət" tələbi "milli müstəqillik"lə əvəz olunduqda "Müsavat" qəzetinin nəşri dayandırılır və 1918-ci il fevralın 4-dən Türk Ədəmi Mərkəziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqlal" qəzeti çıxmağa başlayır.

1918-ci ilin əvvəllərində Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə özünün ən yüksək həddinə çatır. Rus-bolşevik və erməni-daşnak irticası Müsavatın hakimiyyətə gəlməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxır, ölkədə hərc-mərclik, fitnə-fəsadlar, soyqırımları törətməyə başlayır. 1918-ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qaragüruhçuları tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımları bu dövr Azərbaycan milli mətbuatının başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxın oynayırdı.

Ədəbi mühit Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur.

Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar — Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib və başqaları idilər. Xüsusən, "Cümhuriyyət şairi" Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi.

Cümhuriyyətin verdiyi qələm azadhğından bəhrələnirdilər. Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Abdulla bəy Divanbəyoğlu və başqaları pedaqoji işdə, publisistika sahəsinde, dövlət işlərində çalışır, siyasi həyata qoşulurdular. Firidun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və Salman Mümtazı daha çox ədəbiyyat tarixi məsələləri düşündürürdü. Belə ki, Yusif Vəzir "Litva tatarlarının tarixi", "Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər" kitablarını yazır, Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı. Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov, Hüseyn Minasazov və başqaları Tiflisdə çalışırdılar.

1918–20 illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kesərli silahı olan publisistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rengarəng və zengin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müs təqilliyinin qorunub saxlanması, milli ordunun yaranması, ölkədə demokratik parlament seçkiləri ve islahatlarm keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlerin didişməsi və s. publisistikanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın esasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya dayanırdı. Bu konsepsiya 20 əsrin əvvəllərində Azərbaycanda intişar tapmış "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideahında təcəssüm olunurdu.

Teatr thumb|left|Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı.

Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti 20-ci əsrin əvvəlində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 1900-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk daimi teatr truppası yarandı. "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında mühüm rol oynadı. 1912-ci ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi.