Toskanalı Matildanın məzarı — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş və başqa sənətkarlar tərəfindən icra olunmuş geniş çoxfiqurlu abidədir. Abidənin hazırlanması 1633-cü ildə Roma Papası VIII Urban tərəfindən sifariş edilmiş və Vatikandakı Müqəddəs Pyotr bazilikasında quraşdırılmışdır. Abidə indi də ilkin quraşdırıldığı yerdə qalmaqdadır. Abidənin son hissələri 1644-cü ildə tamamlanmışdır.Wittkower, p. 254-5

Tarixi

Heykəl VIII Urban tərəfindən 1633-cü ildə Covanni Lorenso Berniniyə sifariş edilmiş və Müqəddəs Pyotr bazilikası üçün nəzərdə tutulmuşdur; əsər bu gün də həmin məkanda saxlanılır. Əsərin hazırlanması təxminən on il davam etmiş və son hissələri 1644-cü ildə tamamlanmışdır. Heykəl XI–XII əsrlərdə Kilsəni Müqəddəs Roma imperatorunun qüvvələrinə qarşı müdafiə etmiş Matilda di Kanossanın xatirəsinə həsr olunmuşdur. Matilda əvvəlcə XII əsrdə San Benedetto di Polirone abbatlığında dəfn edilmişdi, lakin Papa Urban onun qalıqlarının Romaya gətirilməsi üçün təşəbbüs göstərmişdir. Bu addımın həm papanın Toskana ilə bağlılığı, həm də Matildanın papalığa dəstəyi ilə əlaqəli olduğu ehtimal edilir.

Təsviri və stili

Kompozisiya sarkofaq formalı əsasdan ibarətdir; bu hissə Kanossa yürüş səhnəsini — imperator IV Henrinin Papa VII Qriqoriyə tabe olmasını — təsvir edən relyeflə bəzədilmişdir və iki mələk fiquru tərəfindən dəstəklənir. Üst hissədə isə sol əlində Müqəddəs Pyotrun açarlarını və papalıq tacını, sağ əlində isə qılınc tutan Matilda heykəli yerləşir. Bu səhnə tarixdə “Kanossa yürüş”, “Kanoss alçaldılması” və ya “Kanossa gediş” kimi tanınır və 1077-ci ildə imperator IV Henrinin Kanoss qalasına gedərək Papa VII Qriqori qarşısında tövbə etməsi və aforozun ləğvini xahiş etməsi ilə bağlıdır. Həmin vaxt qala Matilda tərəfindən idarə olunurdu və o, papanı qonaq kimi qəbul edirdi.

Harvard İncəsənət Muzeylərinin kolleksiyasında Bernininin bu əsər üçün hazırladığı gil model əsasında tökülmüş bürünc heykəlcik saxlanılır. Bu nümunənin model və ya papa üçün nəzərdə tutulmuş hədiyyə olduğu ehtimal edilir; onun yüksək işlənmə səviyyəsi bunu təsdiqləyir. Heykəlin arxa hissəsində Bernininin alət izləri müşahidə olunur ki, bu da kompozisiyanın əvvəldən Müqəddəs Pyotr bazilikasındakı niş üçün nəzərdə tutulduğunu göstərir.

Bundan əlavə, Bode muzeyi də bu əsərə aid model nümunəsini öz kolleksiyasında saxlayır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:XVII əsrin heykəlləri Kateqoriya:İtaliyadakı mərmər heykəllər Kateqoriya:Bernininin heykəlləri Kateqoriya:1630-cu illərin heykəlləri Kateqoriya:Vatikandakı heykəllər Kateqoriya:1640-cı illərin heykəlləri Kateqoriya:Mələk heykəlləri Kateqoriya:İtaliyadakı qadın heykəlləri Kateqoriya:Vatikandakı qadın heykəlləri Kateqoriya:Toskanalı Matilda