Qazax Dövlət Dram Teatrı — Azərbaycan, Qazax şəhəri, Heydər Əliyev prospekti, Mədəniyyət evində fəaliyyət göstərən dövlət dram teatrıdır.
Teatr 1938-ci ildə yaradılmışdır. Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən Xalq teatrı kimi mövcud olmuş, 1988-ci ildən "Dövlət Dram Teatrı" kimi yenidən fəaliyyətə başlamışdır.
Tarixi Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılmış, 1943-cü ildə dram teatrına çevrilmiş və ona Səməd Vurğunun adı verilmişdir.
Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərmişdir. O dövrdə repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin əsərləri, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı. Teatrda Gürcüstan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, Əməkdar artistlər Əliheydər Həsənzadə, Rüxsarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərmişdir.
1960-cı ildən Xalq teatrı kimi mövcud olmuş, 1988-ci ildən "Dövlət Dram Teatrı" kimi yenidən fəaliyyətə başlamışdır. 1989-cu il iyun ayının 1-də Xalq şairi Bəxtiyar Vahabzadənin "Dar ağacı" tarixi faciəsi ilə ilk tamaşasını göstərmişdir. Bu illər ərzində 70-dən artıq əsərə quruluş verilmiş, teatr respublikada keçirilən festivallarda dəfələrlə iştirak etmişdir. Müxtəlif illərdə Respublikanın Xalq artistləri Zülfüqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, Əməkdar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstərmişdir.
Teatr rus, alman, bolqar, türk, tacik, qazax dramaturgiyasına müraciət etmişdir. Klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir.
Hal-hazırda teatrın direktoru Allahverdi Əhməd oğlu Musayevdir.
Fəaliyyəti Qazax Dövlət Dram Teatrı müxtəlif illərdə repertuar tamaşaları ilə yanaşı, qastrol səfərlərində və teatr festivallarında iştirak etmişdir. Teatrın kollektivi Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində olmuş, 1990-cı illərin əvvəllərində atəşkəsdən əvvəl Qarabağ bölgəsinin Ağdərə və Tərtər rayonlarında hərbçilər qarşısında çıxış etmişdir.
Teatr, həmçinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi müxtəlif teatr festivallarında iştirak etmişdir. Həmçinin 2018-ci il iyunun 18-də teatr kollektivi Bakı şəhərinə qastrol səfəri etmişdir. Kollektiv səfər çərçivəsində Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirmişdir.
Tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb. Əsas rolu teatra dəvət olunmuş aktyor və teleaparıcı Mehman Piriyev canlandırıb. Digər rollarda Əməkdar artist Hacı Hacıyev, aktyorlar İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov və Nəsimi Aşpazov çıxış etmişlər. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədov, əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasının müəllifi isə şair Hikmət Orhundur.
2023-cü il sentyabrın 25-də, Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının "Qonaq teatr" layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir zamanı yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu və quruluşu Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəliyə məxsus "İnan mənə" tamaşası Teatr Xadimləri İttifaqının böyük zalında Bakı tamaşaçılarına təqdim olunub.
Tamaşada Yusif Qoca (Elçin), Zəmanə Dərviş (Aysel), Minayə İbrahimova (Yasəmən), Elşad Əliyev (Vüqar), Aydın Orucov (Professor Əmirov) və Əhməd Musayev (Emin) rol almışlar. Kütləvi səhnələrdə Məmməd Hacıəliyev, Xəqan Qurbanov, Nizami Aşbazov və Turac Məmmədova iştirak etmişlər.
Teatr ilk dəfə Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə Nicat tərəfindən yazıçı Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love butik" tamaşasına quruluş vermişdir. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Kəmalə Eyyubova olub. Rolları Əməkdar artist Hacı Hacıyev, Xanım Məmmədova, Yusif Qoca və Zəmanə Dərviş canlandırıblar. Təxminən 45 dəqiqə davam edən tamaşa ailə-məişət mövzusunda melodram janrındadır. 12 mart 2024-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının dəvəti ilə ittifaqın səhnəsində nümayiş etdirilmişdir.
Növbəti ilin mart ayında bu tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart – Milli Teatr Günü münasibətilə keçirilən bayram tədbirində və "Bölgə teatrlarının Bakı premyerası" layihəsinin bağlanış mərasimində nümayiş etdirilir və layihə çərçivəsində mükafatlandırılır.
Eyni zamanda Semyuel Bekketin eyniadlı mono-pyesi əsasında hazırlanan "Səssiz" mono-tamaşası da bu mükafata layiq görülür. Beləliklə, Qazax Dövlət Dram Teatrı iki nominasiya üzrə mükafat əldə edir.
Bu mono-tamaşa həmçinin 87-ci teatr mövsümü zamanı da tamaşaçılara təqdim olunur və Qazaxıstanın Astana şəhərində keçirilən III Beynəlxalq "Teatr ALL" Festivalında iştirak edir.
Festivalda Abdulla Elşadlının Semyuel Bekketin eyniadlı pyesi əsasında hazırladığı "Səssiz" mono-tamaşası, Əməkdar artist Xəzər Gəncəlinin Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırladığı "Teleqram" komediyası və teatrın kollektivi qazaxıstanlı yazıçı Roza Mukanovanın "Bir çətir altında – mən" pyesi əsasında Əməkdar artist Musa Eyyubovun quruluş verdiyi eyniadlı tamaşası da iştirak edib.
Teatr 2025-ci iyulun 12-də Əməkdar artist Xəzər Gəncəlinin türkiyəli yazıçı-dramaturq Cahit Atayın "Pusquda" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası ilə 87-ci teatr mövsümünü başa vurur. Mövsüm ərzində Əli Əmirlinin "Xeyir xəbər" pyesinin motivləri əsasında hazırlanmış "Şəhid atası" tamaşasının premyerasını keçirmişdir. Tamaşa Qazaxda müxtəlif dövlət və özəl təşkilatların əməkdaşları üçün nümayiş etdirilib, həmçinin Ağdam şəhərinə qastrol səfəri çərçivəsində təqdim olunub.
2025-ci il dekabrın 29-da, Qazax Dövlət Dram Teatrı Ağstafa Rayon Mədəniyyət Mərkəzində "Sehrli qış nağılı" adlı nağıl-tamaşasını nümayiş etdirmişdir. Səhnə əsəri Səbuhi Əsədsoyun eyniadlı pyesi əsasında hazırlanıb. Uşaqlar üçün nəzərdə tutulan interaktiv tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mirzə Nicat, quruluşçu rəssamı Aysan Omarova, butafor rəssamı isə Samir Həsənov olmuşdur. Rolları Sərdar Rüstəm, Məlahət Vəliyeva, Nazilə Məmmədova, Xaqan Qurbanov, Məmməd Hacəliyev, Xəyalə Eminalıyeva və Zəmanə Dərviş ifa etmişlər.
Həmin ilin mart ayının 21-i uşaqlar üçün hazırlanmış daha bir tamaşa "Ünsürlərin sehri – Bulağın sirri" nağıl-tamaşası teatr tərəfindən Novruz bayramı münasibətilə nümayiş etdirilir. Tamaşa teatrın aktyoru Ceyhun Vəlizadənin eyniadlı pyesi əsasında hazırlanmışdır. Quruluşçu rejissoru isə Allahverdi Musayevdir. Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev və Əhməd Musayev ifa etmişlər.
Yeni il ərəfəsində Vüsal Hüseynovun yazıb-quruluş verdiyi "Yeni il möcüzəsi", Novruz bayramı ərəfəsində Ceyhun Vəlizadənin yazıb-quruluş verdiyi "Ünsürlərin sehri", 1 İyun – Uşaqlar Günü münasibətilə isə Cəmilə Allahverdiyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Musa Eyyubovun quruluş verdiyi "Əkil və Bəkil" nağıl-tamaşaları nümayiş etdirilir.
18 dekabr 2025-ci ildə Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyinə həsr olunmuş "Simurq quşu" tamaşası nümayiş etdirilir. Səhnə əsəri yazıçının eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Tamaşa teatrın əməkdaşı Hikmət Orhun tərəfindən səhnələşdirilib. Quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayeva olmuşdur. Tamaşada rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev və Kamil Məmmədov ifa etmişlər.
2025-ci ilin noyabrında, Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki – bizimki!" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilmişdir. Tamaşanın quruluşunu teatrın direktoru, rejissor Allahverdi Musayev hazırlamışdır. Tamaşanın rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti isə Ceyhun Vəlizadədir. Rolları Əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırmışlar. Səhnə əsərinin süjeti dünyagörüşləri fərqli olan iki insanın münasibətləri, dialoqları, sevgi, ehtiras, peşmanlıq, mübahisə və qovuşmaq arzusu üzərində qurulub.
Eyni ayda tetrda məktəblilər üçün "Çal, oyna!" nağıl-tamaşası nümayiş etdirilir. Tamaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrı tərəfindən təqdim olunur. Səhnə əsəri şair-dramaturq İsgəndər Coşqunun "Çal, oyna!" mənzum nağıl-pyesi əsasında hazırlanıb. Tamaşada heyvan obrazları vasitəsilə hiylə və yalana mənfi münasibət, zəhmətə, dürüstlüyə, etibara və əməyə hörmət kimi dəyərlər ön plana çəkilir. Tamaşaya Zülfiyyə Hacıyeva quruluş vermişdir. Quruluşçu rəssam Aysan Omarova, musiqi tərtibatçısı isə Vahid Bayramovdur.
Oktyabr ayında, Qazax Dövlət Dram Teatrında Mirzə Cəlilin "Ölülər" pyesinin motivləri əsasında hazırlanmış "Tfu" tamaşasının premyerası keçirilir. Müsibət janrında hazırlanan tamaşanın quruluşunu rejissor Abdulla dekonstruksiya edib Qazax Dövlət Dram Teatrının aktyoru Ceyhun Vəlizadə ilə birgə hazırlamışdır. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən biri olan "Ölülər" pyesinə yeni yanaşma əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Aysan Omarova, icraçı rəssamı və butaforçusu Samir Həsənov, musiqi tərtibatçısı isə Şəms Kazımzadədir. Rolları Əməkdar artistlər Xəzər Gəncəli və Hacı Hacıyev, aktyorlar Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Zəmanə Dərviş, Xaqan Qurbanov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Kamil Məmmədov və Səbinə Yusifova canlandırmışlar.
20 sentyabr 2025-ci ildə teatr "Pusquda" tamaşası ilə 88-ci teatr mövsümünə başlayır. Türkiyəli yazıçı-dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərində ağalıq sistemi tənqid olunur. Tamaşanın quruluşçu rejissoru və Azərbaycan dilinə tərcüməçisi Əməkdar artist Xəzər Gəncəli, rejissor assistenti Zəmanə Dərvişdir. Quruluşçu rəssamlar Səyyat Məmmədov və Aysan Omarova, butafor-rəssam isə Samir Həsənovdur. Rolları Vüsal Hüseynov, Sərdar Rüstəm və Rüfət Ömər ifa etmişlər.
Qazax Dövlət Dram Teatrı 2025-ci il iyulun 18-də Şəbnəm Xeyrullanın "Arqon" mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurmuşdur. Psevdosuisidal hoqqa janrında hazırlanan tamaşada Arqon obrazını teatrın aktyoru Vüsal Hüseynov canlandırıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı isə Aysan Omarova olub. Şəbnəm Xeyrullanın "Arqon" pyesi 2024-cü ildə keçirilmiş "CHARACTERS" Müasir Dramaturgiya Festivalının qalibi olmuşdur.
Teatrda 2025-ci il iyunun 14-də Qurtuluş Günü münasibətilə "İnan mənə" tamaşası nümayiş etdirilir. Birhissəli psixoloji dram janrında hazırlanan səhnə əsəri Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşunu Əməkdar artist Xəzər Gəncəli vermişdir. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Kəmalə Eyyubovadır. Rolları Yusif Qoca, Zəmanə Dərviş, Minayə İbrahimova, Elşad Əliyev, Sərdar Rüstəm, Əhməd Musayev, Məmməd Hacalıyev, Rüfət Eminalıyev və Nəsimi Aşbazov ifa etmişlər.