Səid Əli oğlu Rüstəmov (doğum adı: Mircabbar Mirəli oğlu Seyidrüstəmzadə; ) — Azərbaycan-sovet bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1957), Stalin mükafatı laureatı (1951). O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblının rəhbəri (1951) olmuşdur.
1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlamışdır.
Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır. Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap etmişdir. Bəstəkar kimi Səid Rüstəmovun yaradıcılığı janr etibarilə kifayət qədər genişdir. O, musiqili komediya janrına müraciət etmişdir; bir çox irihəcmli vokal-instrumental və instrumental əsərlər yaratmışdır; bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkar yaradıcılığı tarixində bu janrda yaradılan klassik nümunələr hesab edilir.
Səid Rüstəmov 1983-cü ilin may ayında ağır infarkt keçirmişdir. Bununla da bəstəkar xəstəxanaya aparılmışdır. Xəstəxanadan sonra Səid Rüstəmov Mərdəkanda, şəxsi bağ evində yaşamağa başlamışdır. Səid Rüstəmovun iyun ayının 10-da vəziyyəti ağırlaşmış, həmin gün də Bakıda vəfat etmişdir. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Həyatı
Erkən illəri və təhsili thumb|left|230px|Səid Rüstəmovun Bakıda özünün adının verildiyi küçədə yaşadığı evin indiki görünüşü.
Səid Əli oğlu Rüstəmov və ya əsl adı ilə Mircabbar Seyidrüstəmzadə 12 may 1907-ci il tarixində Rusiya imperiyasının İrəvan şəhərində anadan olmuşdur. Bəstəkarın qızı Rəna Rüstəmova xatirələrində qeyd edir ki, "…atam İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə olsun "Yerevan" demədi." Onun qızı Rəna Rüstəmova atasının ailəsinin məskunlaşması və adı barədə bu cür bildirir:
Uşaq yaşlarında atasını itirən Səid Rüstəmovun tərbiyəsi ilə böyük qardaşı Mirhüseyn Rüstəmov məşğul idi. Tar alətində çalmağı bacaran Mirhüseyn Rüstəmov kiçik qardaşı Səid Rüstəmovun musiqiyə həvəs göstərməsində də mühüm rol oynamışdır. 1918-ci ildə baş verən hadisələr, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınlar bu ailənin də taleyində öz izini qoymuşdur. Qırğınla əlaqədar Türkiyəyə qaçmalı olan ailə tezliklə geri dönmüş, lakin İrəvanda evlərinin dağıldığını gördükdə 1919-cu ildə Gəncəyə köçməyə başlamışlar. Səid Rüstəmovun aləsi burada çox qalmır – qardaşı Mirhüseyn Rüstəmovun ermənilər tərəfindən qətlə yetirilməsindən sonra Ağdaşa köçürlər.
Demək olar ki, 12 yaşlı Səid Rüstəmovun musiqi ilə məşğuliyyəti Ağdaşda olan klubdan başlanır. O, burada piano çalmağı öyrənir, kiçik yaşlarından qulaq asıb sevdiyi xalq melodiyalarını bu alətdə ifa edir, klubda təşkil edilən konsertlərdə çıxış edirdi. Həmin klubda Maqsud Şeyxzadənin "28 nisan inqilabı"adlı pyesi tamaşaya qoyulmuşdu. Səid Rüstəmov bu tamaşadan böyük təəssüratla ayrılmış, sonradan özü də bir pyes yazmışdı. Bunu da həvəskar aktyorlar tamaşaya qoymuşdular. 1921-ci ildə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Rüstəmov Müəllimlər Seminariyasına daxil olur. Burada başqa fənlərlə yanaşı musiqi dərsləri də keçirilirdi. Səid Rüstəmov burada truba ifa etməyi öyrənir və tələbələrdən təşkil edilmiş orkestrin çıxışlarında iştirak edir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənətinə bağlayır. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində özü tərəfindən bu cür səslənib:
Rəsm çəkməyə həvəsi və istedadı olan Səid Rüstəmov rəssamlıq məktəbində də məşğul olur, həmçinin bu məktəblə bir binada məşğələlərə gəlib qulaq asmağa başlayır. Məhz burada onun musiqi istedadını görən müəllimlərdən biri Səid Rüstəmovu Üzeyir Hacıbəylinin yanına gətirir. Bir çox başqa musiqiçilər kimi, Səid Rüstəmovun həyat və yaradıcılıq fəaliyyətindən Üzeyir Hacıbəyovla tanışlığı həlledici rol oynayır. 1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilir.
Musiqi texnikumunda Səid Rüstəmovun not üzrə müəllimi Üzeyir Hacıbəyov idi. Muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-cı ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır.
Pedaqoji fəaliyyəti
200px|thumb|left|Səid Rüstəmov tərəfindən yazılmış "Tar məktəbi" kitabı tar ifaçılığının tədrisi ilə bağlı ən vacib dərslik kimi qiymətləndirilir. Pedaqoji iş cavan yaşlarından Səid Rüstəmovun fəaliyyət göstərdiyi mühüm sahələrdən biri olmuşdur. Müəllimlər Seminariyasında, daha sonra Pedaqoji İnstitutda təhsil alması Səid Rüstəmovun ümumtəhsil sahəsində uğurlu fəaliyyətini şərtləndirmişdir. Onun tar müəllimi kimi inkişaf etməsində də ümumi pedaqogikanın əsaslarına, tədris metodikasına bələd olması mühüm rol oynamışdır.
Səid Rüstəmov 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilir. Səid Rüstəmovun cavanlıq illərinə aid olan fotoşəkillərdən birini o, sevimli şagirdlərindən biri, sonradan İkinci Dünya müharibəsində göstərdiyi şücaətlərlə tanınan, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə ilə birlikdə çəkdirmişdi.
Üzeyir Hacıbəyov Səid Rüstəmovun namizədliyini Azərbaycan konservatoriyasının xalq şöbəsində müəllimlik etməyə irəli sürdüyü zaman o, hələ musiqi texnikumunda təhsil alırdı. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlamışdır. O, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə konservatoriyada xalq çalğı alətləri kafedrasının açılmasını qiymətləndirən ilk musiqiçilərdən biri olmuş və ömrünün sonunadək bu kafedrada tar ifaçılığının sirlərini gənclərə öyrətməklə məşğul olmuşdur. Eyni zamanda o, tədris prosesinin nəinki tar ixtisasına, eləcə də musiqi nəzəriyyəsinə aid zəruri ədəbiyyatla təmin edilməsi üçün əlindən gələni əsirgəməmiş, 1931-ci ildə cavan həmkarları – Asəf Zeynallı, Fuad Əfəndiyev ilə birlikdə azərbaycan dilində olan "Not savadı" dərsliyini tərtib etmiş, həmçinin rus musiqiçilərinin işlərini – Georgi Konyusun "Elementar musiqi nəzəriyyəsi" və Nikolay Rimski-Korsakovun "Harmoniya" dərsliyini azərbaycan dilində tərcümə etmişdir. Səid Rüstəmovun kiçik oğlu, bəstəkar Eldar Rüstəmov bu barədə qeyd etmişdir:
Səid Rüstəmov 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitunda təhsilini tamamlamışdır. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Bu günə kimi bu dərslik dəfələrlə nəşr edilmişdir. Dərslik müasir dövrdə də orta və ali musiqi məktəblərində istifadə edilir. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır.
Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap etmişdir. Kitab Leonid Bretanitski, Səid Rüstəmov və G. Burşteynin redaktorluğu ilə "Azmusnəşr" nəşriyyatında çap edilmişdir. "Skripka əlifbası" kitabının nəşrində əsas məqsəd – skripka çalan gənc şagirdlərə SSRİ xalqlarının mahnı və oyun havaları melodiyaları, klassik rus musiqisi əsərləri və sovet kompozitorlarının əsərləri üzərində qurulmuş ibtidai dərs kitabını vermək idi.
Səid Rüstəmov tar ixtisasından dərs dediyi uzun müddət ərzində bir çox istedadlı musiqiçilər yetişdirmişdir. Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva, xalq artisti Hacı Xanməmmədov, Əməkdar artist Adil Gəray kimi tanınmış musiqiçilər onun tar sinfində təhsil almışdılar. Səid Rüstəmovun tələbələri içərisində həmçinin Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov, Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar incəsənət xadimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Oqtay Quliyev, Vaqif Əbdülqasımov, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov və başqa tanınmış musiqiçilər də mövcuddur.
Yaradıcılığı
1930–1940-cı illər thumb|right|250px|Səid Rüstəmov Bakı Musiqi Məktəbində dərs dediyi şagirdləri ilə birlikdə. Soldan sağa: Mehdi Hüseynzadə, Səid Rüstəmov və Mürsəl Nəcəfov. 1930-cu il.
1930-cu illərdən etibarən Səid Rüstəmovun həyatı və sənət yolunun mühüm bir mərhələsi başlanır. 1931-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan xalq çalğı alətlərindən ibarət ilk notlu orkestr yaradır. Həmin orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. Belə bir orkestrin yaradılması milli musiqi mədəniyyəti tarixində əlamətdar hadisə olmaqla bərabər, Səid Rüstəmovun həyat və yaradıcılığında da yeni səhifə açmışdır. Dörd il sonra Üzeyir Hacıbəyov orkestrdə rəhbərliyi Səid Rüstəmova həvalə edir. Səid Rüstəmov 1975-ci ilə qədər həmin orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdır.
Xalq çalğı alətləri orkestri Səid Rüstəmovun rəhbərliyi altında Azərbaycanın musiqi həyatında fəal iştirak edir, Bakıda və bölgələrdə konsertlərlə çıxış edir. 1937-ci ildə bu orkestrin Ümumittifaq radio festivalında iştirakı uğurlu olur. Həmin ilin fevral ayında orkestrin Moskvaya və Leninqrada ilk konsert səfərləri baş tutur və buradakı çıxışları da böyük müvəffəqiyyətlə qarşılanır. 1938-ci ilin aprel ayında Moskvada keçirilən Birinci Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə "Böyük teatr"ın () səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası həmin orkestrin müşayiəti ilə nümayiş edilir. Komediyanın musiqisini xalq çalğı alətləri üçün köçürən Səid Rüstəmov olmuşdur. Həmin il Süleyman Rüstəmov Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Bu orkestrdə iş Səid Rüstəmovun dirijorluq fəaliyyətinin başlanğıcı idi. Eyni zamanda orkestrlə əməkdaşlıq onun bəstəkar kimi yaradıcılığının əsasını qoymuş oldu. Bu orkestr üçün xalq musiqisi nümunələrini işləməyə başlayan Səid Rüstəmov daha sonra həmin ifaçı kollektivi üçün "Bayatı-kürd" fantaziyasını, ilk orijinal əsərlərini, o cümlədən "Şadlıq rəqsi" əsərini, "Cəngi" kimi pyeslərini bəstələyir.
1930-cu illərdə Səid Rüstəmovun bəstəkar kimi yaradıcılığının janr dairəsi getdikcə genişlənir. O, dram tamaşasına musiqi sahəsində qələmini sınayır – Mirzə İbrahimovun "Həyat" pyesinə musiqi yazır. Sonrakı illərdə də bəstəkar bir çox tamaşalara musiqinin müəllifi kimi tanınır. Həmin illərdə Səid Rüstəmovun musiqiçi kimi fəaliyyət sahəsi də şaxələnir, belə ki, o, folklor nümunələrinin toplanması sahəsində mühüm işlər görür. Konservatoriya nəzdində görkəmli müğənni Bülbül tərəfindən təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edən Səid Rüstəmov xalq musiqisi nümunələrini, rəqsləri, aşıq mahnılarını toplayıb nota köçürür. 1937-ci ildə onun "Azərbaycan xalq rəqsləri" toplusu nəşr edilir. 1938-ci ildə də Səid Rüstəmovun qələmə aldığı bir neçə dəyərləri toplu işıq üzü görür – onun Cabbar Qaryağdıoğlunun ifasından nota yazdığı "50 Azərbaycan xalq mahnısı" və "Aşıq mahnıları" adlı dörd toplusu nəşr edilir.