Nazim Əsədulla oğlu Rzayev () — Azərbaycan dirijoru, Azərbaycan Televiziyası və Radiosunun Kamera Orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti (1977), SSRİ (1980) və Azərbaycan (1974) dövlət mükafatları laureatı, professor (1985).
Həyat və yaradıcılığı Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olmuşdur. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor sinfi) bitirmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləmişdir. 1958-ci ildə ifaçılıqdan dirijorluğa keçmişdir. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak etmişdir.
Nazim Rzayev 1961–1963-cü illərdə SSRİ xalq artisti rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulmuşdur. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak etmişdir. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.
Nazim Rzayev 1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa etmişdir. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutmuşdur.
Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olmuşdur. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləmişdir.
Dirijorluqla yanaşı, Nazim Rzayev pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını almışdır.
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.
Xatirəsi 2025-ci ilin dekabrında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1977 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958 SSRİ Dövlət mükafatı — 6 noyabr 1980 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Min bir gecə" baletinə görə) Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1974 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasına görə) "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 9 dekabr 1966, 7 iyul 1967, 24 fevral 1979, 14 iyun 1985
Filmoqrafiya Dirijoru olduğu filmlər: 1962 — Əmək və qızılgül 1965 — Arşın mal alan 1966 — Qaraca qız 1966 — Yaşamaq gözəldir, qardaşım! 1967 — Biri vardı, biri yoxdu… 1967 — Torpaq. Dəniz. Od. Səma 1968 — Mən ki gözəl deyildim 1969 — Bizim Cəbiş müəllim 1972 — Gilas ağacı 1972 — İntibah 1972 — Qızıl qaz 1973 — Göyçək Fatma 1973 — Mücrü 1991 — Qəzəlxan
İstinadlar
Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycanlı dirijorlar Kateqoriya:Moskva Dövlət Konservatoriyasının məzunları