Pirofillit Al2 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Növ müxtəliflikləri Xromlu pirofillit (3%-dək Cr2O3); aqalmatolit – sıx gizlipulcuqlu kütlələr.
Xassələri Rəng – ağ, sarımtıl-ağ, gümüşü-ağ, boz, yaşılımtıl, qəhvəyi, alma kimi yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, yağlı, lövhəvari aqreqatlarda – sədəfi; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6-2,9; Sərtlik – 1-1,5; Ovulur; vərəqləri əyilgəndir, lakin elastik deyil. Sıx kütlələri görünüşcə və əl ilə yoxladıqda yağlıdır; Ayrılma – {001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik; Mineral aqreqatları: nazikvərəqli, lövhəvari - şüalı, xırdapulcuqlu, dərzşəkilli, sıx.
Mənşəyi və yayılması Hidrotermal pirofillit adətən damarətrafı dəyişilmələrin məhsulu kimi alüminium oksidi ilə zənginləşmiş süxurlarda müşahidə edilir. Alüminium oksidi ilə zəngin olan süxurlar metamorfik pirofillit üçün də əlverişlidir. Mineral hidrotermal damarlarda, kristallik şistlərdə, törəmə kvarsitlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kvars, mika, kassiterit, topaz və b. Mineralın tapıldığı yerlər: Çinin bir sıra rayonları; Maqadan vilayəti, Çistoqorov (Rusiya); Ovruç yatağı (Ukrayna); Şimali Karolina (ABŞ) və b. Azərbaycanın Daşkəsən rayonunda Şişqaya alunit-pirofillit yatağı yerləşir. Pirofillit çox vaxt bu rayonun metasomatitlərində də təzahür edir. İkinci dərəcəli mineral kimi Kiçik Qafqazın bir sıra sulfid yataqlarının (Çıraqdərə, Toğanalı, Bittu-bulaq, İtqırılan, Nəsirvaz və b.) törəmə kvarsitlər formasiyasına aid olan filizyanı metasomatitlərində müşahidə edilir.
Tətbiqi Keramika, kagız, rezin, elektrotexnika, tikinti sənayesi üçün mühüm xammaldır. Aqalmatolit müxtəlif məmulatların – kiçik heykəllərin, bəzək şeylərinin və b. hazırlanmasında istifadə edilir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE MINERAL PYROPHYLLITE
Kateqoriya:Filosilikatlar Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Triklinik sinqoniya mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri