Əmiraslan xan Cahangir xan oğlu Xoyski () — Azərbaycan dövlət xadimi. Qubada və Bakıda qubernator müavini, Qazax qəzasının müvəqqəti general-qubernatoru.

Əmiraslan xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmiraslan xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmiraslan xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə mühacirət edərək İstanbulda yaşayıb. Siyasətlə məşğul olub. İstanbuldakı Azərbaycan Məlumat Bürosunun katibi Əhməd Cəfəroğlu 17 sentyabr 1921-ci ildə Parisdəki Sülh Nümayəndə Heyətinə göndərdiyi məktubda Büronun bu şəxslərdən ibarət olduğunu yazıb: sədr həkim Musa bəy Rəfiyev, katib Əhməd Cəfəroğlu, üzvlər Şəfi bəy Rüstəmbəyli, Əmir(aslan) xan Xoyski, Həmdi bəy Qaraağazadə, Əşrəf bəy Tağıyev və Məhəmməd bəy Ağaoğlu.

Əmiraslan xan Xoyski 1954-cü ildə Ankarada (ya da 1966-cı ildə İstanbulda) vəfat etmişdir.

Ailəsi Əmiraslan xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmiraslan xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz soyadlarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular.

Mənbə

İstinadlar

Kateqoriya:Xoyskilər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin general-qubernatorları Kateqoriya:Quba qəzasının rəisləri Kateqoriya:Gəncə qəzasının rəisləri