Tofiq Əliheydər oğlu Allahverdiyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı.
Həyatı Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq Xəzər gəmiçiliyi fabrik-zavod şagirdliyi məktəbində çilingərlik üzrə təhsil almış və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsinə daxil olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur.
1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır. 1944-cü ilədək Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi olmuşdur.
Tofiq Allahverdiyev 1944-cü ilin fevral ayından SSRİ Xalq Müdafiə Komissarlığı Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil almış, 1945–1947-ci illərdə İranda, SSRİ konsulluğunda katib işləmişdir. 1947-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini, 1947–1948-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışmışdır. 1948-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri olmuş, X Ümumittifaq Həmkarlar İttifaqları Qurultayında Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası (ÜİHİMŞ) üzvlüyünə, birinci plenumda isə ÜİHİMŞ Rəyasət Heyəti üzvlüyünə seçilmişdir.
1950-ci ilin may ayından 1952-ci ilin aprel ayınadək Tofiq Allahverdiyev Azərbaycan KP MK katibi, sonra isə Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Daha sonra "Gürganneft" tresti rəisinin müavini işləmiş, 1953–1955-ci illərdə SSRİ Neft Sənayesi Akademiyasının dinləyicisi olmuşdur. 1955–1961-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. 1961–1966-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dosent işləmiş, 1966-cı ildən 1982-ci ildə təqaüdə çıxanadək Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olmuşdur.
Tofiq Allahverdiyev 1939-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, 1956 və 1959-cu illərdə Sov. İKP XX və XXI qurultaylarının nümayəndəsi olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü və büro üzvü, 1971-ci ildən isə Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur. SSRİ Ali Sovetinin (3-cü və 5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (3-cü və 7–10-cu çağırışlar) deputatı seçilmişdir.
Tofiq Allahverdiyev "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
Tofiq Allahverdiyev uzun sürən xəstəlikdən sonra 7 iyun 1987-ci ildə vəfat etmişdir.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri