200px|thumb|right|Ruandalı qaçqınlara yardım səylərini dəstəkləyən beynəlxalq qüvvələrin üzvü olan Fransa əsgəri hava limanını əhatə edən tikanlı məftilləri tənzimləyir. (1994) 200px|thumb|right|RBCT-nin Aruşada yerləşən ofisi (2003) Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (; ) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir.

Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi. 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi. Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı. Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi.

İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı. Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz; bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib. Bu məqsədlə də tribunal soyqırımla bağlı ilk hökmünü Akayesuya qarşı çıxarmışdı. Müvəqqəti baş nazir Jan Kambanda təqsirini etiraf etmişdi. Bununla da beynəlxalq cinayət ədalət mühakiməsi tarixində ilk dəfə olaraq hökumət başçısı barəsində hökm çıxarılmışdı.

RBCT-nin Tamamlanma Strategiyasına əsasən, Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsinə uyğun olaraq, bütün birinci instansiya işlərinin məhkəmə baxışı 2008-ci ilin sonuna qədər başa çatmalı (bu tarix daha sonra 2009-cu ilin sonuna qədər uzadılmışdı), bütün işlər isə 2010-cu ilə qədər tamamlanmalı idi. 2009-cu ilə olan məlumata görə, tribunal 50 məhkəmə prosesini başa vurmuş və 29 təqsirləndirilən şəxsi məhkum etmişdi. Bu zaman 11 məhkəmə prosesi davam edirdi və həbsdə olan 14 nəfər məhkəmə baxışı üçün gözləməkdə idi. Həmçinin, prokuror 5 nəfəri mühakimə üçün milli yurisdiksiyaya vermək niyyətində idi. Digər 13 nəfər hələ də azadlıqda idi, bəzilərinin öldüyü ehtimal edilirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tribunalı, bağlanması və öhdəliklərinin Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminə (Mexanizm) ötürülməsinə hazırlaşmaq üçün, 31 dekabr 2014-cü il tarixinədək işini başa çatdırmağa çağırmışdı. Mexanizmin RBCT şöbəsi hələ 1 iyul 2012-ci ildən fəaliyyət göstərməyə başlamışdı. Tribunal 31 dekabr 2015-ci ildə rəsmi olaraq bağlandı.

Tribunalın Ruanda Vətənpərvər Cəbhəsi (RVC) tərəfindən törədilən müharibə cinayətlərini və RVC lideri Pol Kaqameni mühakimə etməməsi "qalibin ədaləti" kimi xarakterizə olunacaq qədər geniş şəkildə tənqid edilmişdi.

Ruanda soyqırımı

200px|thumb|right|Kiqali Soyqırım Muzeyində nümayiş olunan, soyqırım qurbanına məxsus kəllə sümüyü və əşyalar Ruanda soyqırımı 800,000-dən çox etnik tutsinin və siyasi cəhətdən mötədil hutuların Ruandada hökumət tərəfindən idarə olunan ekstremist Hutu əsgərləri və polis dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsini əhatə edir. 1994-cü il soyqırımı aprelin 6-da başlamış və 100 gün ərzində davam edərək iyulun ortalarında başa çatmışdır.

Ölkədə çoxluğu təşkil edən hutu etnik qrupu ilə azlıqda qalan tutsilər arasındakı gərginlik zamanla inkişaf etmiş, lakin xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində Ruanda üzərində Almaniya və Belçika müstəmləkəçiliyi nəticəsində artmışdı. Hər iki qrupun bu cür təsnif edilməsi etnik mənsubiyyətdən çox fiziki xüsusiyyətlərə əsaslanırdı və müstəmləkəçilərin zorla və öz istəkləri ilə yerli əhaliyə qəbul etdirdikləri bir quruluş idi. Bununla belə, hutular və tutsilər arasındakı sosial fərqlər, bir qayda olaraq, güclü maldarlıq ənənələrinə malik olan tutsilərə, əsasən kənd təsərrüfatı ilə məşğul olan hutular üzərində sosial, iqtisadi və siyasi üstünlük qazanmağa imkan vermişdi. Müstəmləkəçilik dövründə mövcud olmuş bu fərq tutsilərin hakimiyyətə gəlməsinə də kömək olmuşdu; lakin bu vəziyyət 1959-cu ildə başlamış hutu inqilabının 1961-ci ilədək tutsi monarxiyasını ləğv etməsi ilə başa çatmışdı.

İki qrup arasında düşmənçilik sonralar da davam etmişdi; belə ki, "əlavə etnik gərginlik və zorakılıq aktları vaxtaşırı alovlanmış və 1963, 1967 və 1973-cü illərdə Ruandada tutsilərin kütləvi şəkildə öldürülməsinə səbəb olmuşdu". Uqandada RVC-nin yaradılması və onun Ruandaya hərbi müdaxiləsi etnik nifrəti daha da gücləndirdi. Bu hərbi əməliyyatlarda əldə edilən atəşkəs 1992-ci ildə hökumətlə RVC arasında danışıqlarla nəticələndi.

6 aprel 1994-cü ildə o zamankı Ruanda prezidenti Juvenalya Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın olduğu təyyarə vuruldu və nəticədə təyyarənin göyərtəsində olan hər kəs həlak oldu. Hutular baş verənlərə görə RVC-nin məsuliyyət daşıdığını iddia edərək həm tutsilərə, həm də mötədil hutulara qarşı dərhal soyqırıma başladılar.

Ruanda soyqırımı zamanı qətllərin çoxunu İnterahamve və İmpuzamuqambi kimi tanınan radikal hutu qrupları həyata keçirmişdi. Radio verilişləri də bu prosesdə aktiv rol oynayırdı; belə ki, tutsiləri məhv edilməli olan "tarakan" kimi etiketləyən bu verilişlər dinc hutu sakinlərini tutsi etnik qrupundan olan qonşularını öldürməyə sövq etməklə soyqırımı daha da şiddətləndirirdi. Nəhəng miqyasına və xüsusən də belə qısa müddət ərzində reallaşmasına baxmayaraq, soyqırım, demək olar ki, tamamilə əlbəyaxa və adətən maçete və dəyənəklərdən istifadə etməklə həyata keçirilmişdi. Törədilən vəhşiliklər arasında minlərlə tutsi qadınının təcavüzə uğraması, həmçinin qurbanların parçalanması və eybəcərləşdirilməsi vardı. Bir çox qətllərdə isə qatillər qurbanların şəxsən tanıdığı insanlar idi – qonşuları, iş yoldaşları, keçmiş dostları, bəzən hətta evlilik vasitəsilə qohum olduqları şəxslər olurdu. Soyqırım nəticəsində ən azı 500,000 tutsi öldürülmüş, əsasən hutulardan ibarət olan təxminən 2 milyon qaçqın isə qonşu Burundi, Tanzaniya, Uqanda və keçmiş Zairin qaçqın düşərgələrinə getmişdi.

RBCT-nin qurulması 200px|thumb|right|RBCT-nin binası. Kiqali, Ruanda Birləşmiş Millətlər Təşkilatının Ruandaya Yardım Missiyası böyük uğursuzluq kimi qiymətləndirilir. Belə ki, Ruanda soyqırımına beynəlxalq reaksiya zəif idi. Həftələrlə böyük güc dövlətləri Ruandada soyqırımın baş verdiyini inkar edirdilər. ABŞ hadisəni "soyqırım" adlandırmaqdan imtina edirdi, çünki bu termindən istifadə ölkə üçün qoşun göndərmək öhdəliyi yaradacaqdı; lakin bir il əvvəl Somalidə humanitar missiya zamanı bir neçə əsgəri öldürülən ABŞ bunu etmək istəmirdi. Nəhayət, 1994-cü ilin iyulunda, soyqırım başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurası hadisələrin araşdırılmasını tələb etdi və soyqırımda ən çox təqsiri olan şəxsləri təqib etmək üçün beynəlxalq cinayət tribunalının yaradılması üçün hərəkətə keçdi. 955 saylı qətnaməni qəbul etməklə Təhlükəsizlik Şurası 8 noyabr 1994-cü ildə RBCT-ni yaratdı. RBCT 1 yanvar 1994-cü ildən 31 dekabr 1994-cü ilədək Ruanda və qonşu dövlətlərin ərazisində beynəlxalq humanitar hüquq əleyhinə törədilmiş digər cinayətlərə də baxmalı idi.

Ruanda Məhkəməsinin qurulmasında Keçmiş Yuqoslaviya Məhkəməsinin rolu böyükdür və məhkəmələr arasında böyük bənzərliklər vardır. Bununla belə, sonuncudan fərqli olaraq, Ruanda Tribunalı beynəlxalq xarakterli silahlı qarşıdurmada törədilmiş cinayətləri deyil, daxili münaqişənin gedişində törədilmiş cinayətləri mühakimə etməyi qarşısına məqsəd qoymuşdu.

RBCT-nin strukturu 200px|thumb|right|RBCT-də ABŞ-ni təmsil edən hakim Teodor Meron 200px|thumb|right|RBCT-də Yamaykanı təmsil edən hakim Patrik Lipton Robinson 200px|thumb|right|RBCT-də Çexiyanı təmsil edən hakim Robert Fremr Tribunal dörd "palata"dan və 16 hakimdən ibarət idi; palatalardan üçü birinci instansiya qismində məhkəmə işlərinə, biri isə apellyasiya şikayətlərinə baxırdı. Bundan əlavə, 9 ad litem hakimi də daxil olmaqla ümumilikdə 25 nəfər hakim fəaliyyət göstərirdi. Ad litem hakimlər II və III Palatalara təyin edilmişdi. Hər hansı hakimin iştirak etməməsi halında çağırılacaq əlavə 9 ad literim hakimdən ibarət ehtiyat heyət də mövcud idi.

Aşağıdakı cədvəllərdə sıra nömrəsi hakimlər arasındakı iyerarxiyanı bildirir. I Palata # Hakim Ölkə Status19.Mparani Raconson Üzv (ad litem hakim)

II Palata # Hakim Ölkə Status4.Vilyam Sekule Sədrlik edən hakim14.Solomq Balungi Bossa Üzv (ad litem hakim)15.Li Qakuqia Mutoqa Üzv (ad litem hakim)16.Seon Ki Park Üzv (ad litem hakim)

III Palata # Hakim Ölkə Status1.Van Yonsen RBCT-nin prezidenti, sədrlik edən hakim2.Florens Rita Arri RBCT-nin vitse-prezidenti, üzv17.Qberdao Qustav Kam Üzv (ad litem hakim)13.Bəxtiyar Tuzməhəmmədov Üzv18.Robert Fremr Üzv

Apellyasiya Palatası # Hakim Ölkə Status3.Teodor Meron Sədrlik edən hakim5.Patrik Lipton Robinson Üzv7.Fausto Pokar Üzv8.Liu Daqun Üzv6.Mehmet Güney Üzv11.Karmel Aqius Üzv9.Arlett Ramaroson Üzv10.Andresiya Vaz Üzv12.Xalidə Rəşid Xan Üzv

Prokurorluq 200px|thumb|right|RBCT-nin prokuroru Riçard Qoldstoun Prokurorluq müxtəlif bölmələrdən, o cümlədən İstintaq və İttiham şöbələrindən ibarət idi. İstintaq şöbəsi 1994-cü ildə Ruandada törədilmiş cinayətlərdə şəxslərin əli olduğunu göstərən sübutların toplanmasına cavabdeh idi. Bu şöbəyə baş müstəntiq rəhbərlik edirdi. İttiham şöbəsi isə tribunaldakı bütün işlərin təqibinə cavabdeh idi və bu şöbəyə baş ittihamçı rəhbərlik edirdi.

Prokurorlar Riçard Qoldstoun, 1994-cü ilin sonu – 30 sentyabr 1996 (936 saylı qətnaməyə əsasən) Luiza Arbur, 1 oktyabr 1996 – 15 sentyabr 1999 (1047 saylı qətnaməyə əsasən) Karla Del Ponte, 15 sentyabr 1999 – 14 sentyabr 2003 (1259 saylı qətnaməyə əsasən) Hassan Bubakar Callou, 15 sentyabr 2003 – 31 dekabr 2015 (1505 saylı qətnaməyə əsasən)

Qeydiyyat Qeydiyyat RBCT-nin ümumi rəhbərliyinə və idarə olunmasına cavabdeh idi. Bu bölmə həmçinin tribunalın prosedur və sübut qaydaları üzrə ona həvalə edilmiş digər hüquqi funksiyaları yerinə yetirirdi və tribunalın əlaqə kanalı hesab olunurdu. Bölməyə BMT baş katibinin nümayəndəsi rəhbərlik edirdi.

Soyqırıma hüquqi qiymətin verilməsi RBCT Nizamnaməsinin 2-ci maddəsində soyqırım cinayəti aşağıdakı kimi ifadə olunmuşdur:

Rutaqanda işində Məhkəmə Palatası bildirmişdir ki, Soyqırım Konvensiyası şübhəsiz beynəlxalq adət hüququnun tərkib hissəsi hesab olunur.Rutaganda, (Trial Chamber), December 6, 1999, para. 46 Ruandaya münasibətdə konvensiyanın hüquqi qüvvəsinə gəldikdə isə Muhimana işində göstərilir ki, Ruanda 1948-ci il Konvensiyasını 12 fevral 1975-ci ildə imzalamışdır.Muhimana, (Trial Chamber), April 28, 2005, para. 492

Seromba işində soyqırım cinayətinin tərkib elementləri sadalanır: birincisi, Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan hərəkətlərdən biri törədilməlidir; ikincisi, bu hərəkət xüsusi olaraq hədəf seçilmiş milli, etnik, irqi və ya dini qrupa qarşı törədilməlidir; üçüncüsü hədəf seçilmiş qrupu tamamilə və ya qismən məhv etmək niyyətilə törədilməlidir.Seromba, (Trial Chamber), December 13, 2006, para. 316 RBCT qadağan olunmuş əməl və xüsusi niyyətlə bağlı yanaşmasını Kamuhanda işində aşağıdakı kimi ifadə etmişdir: "Soyqırım cinayətində həm mens rea, həm də actus reusun aşkar edilməsi tələb olunur. Mens rea Nizamnamənin Maddə 2(2) müddəasında göstərilən xüsusi niyyət və ya dolus specialisdən ibarətdir. Actus reus Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan beş hərəkətdən hər hansı birinin törədilməsindən ibarətdir".Kamuhanda, (Trial Chamber), January 22, 2004, para. 622