"Səs" qəzeti — Azərbaycanda nəşr olunan qəzet.
Sonradan qəzetin əsasında Səs Media Qrup (və ya "Səs" Media Qrupu) yaradılıb.
Azərbaycanda dövlət/hökumət nəzarətində fəaliyyət göstərən hakimiyyətyönümlü media-qrupdur. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir.
Yaranma tarixi "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir.
Fəaliyyəti Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5–10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.
"Səs" qəzeti YAP-ın bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də H. Əliyevin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Heydər Əliyev "Səs" qəzeti haqda söyləmişdir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2011-ci ildə "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamaqlarının 20 illik yubileyi münasibətilə təbrik etmiş və "Tərəqqi" medalı ilə təltif etmişdir.
2020-ci ilə qədər qəzet gündəlik 5 min tirajla nəşr olunub, redaksiya heyəti 40 nəfərə yaxın olub. Ölkənin bir sıra bölgələrində müxbir postları var idi. Qəzetin bazası əsasında "Səs" İnformasiya Agetliyi və "Səs" internet TV-si yaradılıb.
14 noyabr 2025-ci ildə "Səs" qəzetinin 2026-cı ildən həftəlik nəşrə keçəcəyi açıqlanıb.
SİA
Səs İnformasiya Agentliyi və ya qısaca SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, ingilis, rus və türk dilində xəbər xidməti göstərir.
Agentliyin sia.az adlı saytı fəaliyyət göstərir.
SƏS TV
“Səs” Media Qrupuna daxil olan Səs İnternet Televiziyası (SƏS TV) 11 yanvar 2011-ci ildə yaradılıb.
SİA Sport
SİA Sport 2017-ci ilə qədər "siasport.az" domenində müstəqil sayt kimi fəaliyyət göstərib.
SİA Travel
SİA Travel-in rəsmi saytı olan "siatravel.az" veb-saytı 2023-cü ilə qədər fəaliyyət göstərib.
Həmçinin bax Yeni Azərbaycan (qəzet) İki sahil (qəzet) Yeni Müsavat Gündəlik Teleqraf Yeni Çağ (media qrup) Xalq Cəbhəsi
İstinadlar
Xarici keçidlər "Səs" qəzetinin 20 yaşı tamam olur