Koroğlu Rəhimov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri.

Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur.Qurbani A. Koroğlunun Ağdərə səfəri: (Dastan).- B. Azərbaycan.- 1995.- 31 s. Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.

Bioqrafiya

Erkən illəri thumb|220x220px|alt=|Koroğlu Rəhimov gənc yaşlarında|left Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə doğma kəndinə — Ermənistan SSR Zəngibasar rayonunun Sarıcalar kəndinə köçmüşdür. Orta təhsilini Həbilkənd orta məktəbində başa vurmuşdur. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlmiş və burada Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vuraraq yarımçıq qalmış təhsilini tamamlamışdır. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlamışdır.

1988-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdir.Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" Bakı: "Poliqraf", 2005, səh. 129–130.

Müharibədə iştirakı Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılmışdır. 30 aprel 1992-ci ildə "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunmuşdur. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib. Dəstə 15 erməni yaraqlısını məhv etmiş və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə etmişdir. Koroğlu 5 faşisti məhv etmişdi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi — Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti — düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edildi.

21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu rabitə qovşağının önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.

Ölümü thumb|200px|Bakıda Şəhidlər xiyabanında Koroğlu Rəhimovun məzarı 3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu erməni hərbçilərindən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. Cəsarətli komandirin şəhid olması onun bütün döyüş yoldaşlarını təəccübləndirir. 1992-ci ildə vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.

Şəxsi həyatı Atası İsmayıl Rəhimov müəllim, anası Sura xanım evdar qadın idi. İsa Rəhimov və Şahin Rəhimov adlı qardaşıları və iki bacısı var. 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı qurmuşdur. Rəşad, Samir, Ülviyyə adlı üç övlad atası idi. Koroğlu, Mətin, Əzizağa, Fateh və Mələk adlı beş nəvəsi var.

İrsi və xatirəsi 250px|left|thumb|Bakının Nərimanov rayonunda Koroğlu Rəhimovun büstü. thumb|250px|alt=|Koroğlu Rəhimovun xatirə lövhəsi

Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.

20 dekabr 2008-ci ildə Koroğlu Rəhimovun 55 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında yığıncaq keçirilib. Yığıncaqda Koroğlu Rəhimovun döyüş yoldaşları, ailə üzvləri, ictimai-siyasi xadimlər, ziyalılar, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Prezident aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov, universitetin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun direktoru İsa Alıyev və başqaları çıxış ediblər.

Ədəbiyyat Ölümündən sonra qəhrəmanlığı haqqında "Azərbaycan", "Vətən səsi", "Azərbaycan ordusu" və digər qəzetlərdə geniş məqalələr yazılıb.Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Tərtib edəni: H. M. Həmidova.- B., 2008.- s.176 Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin "Koroğlunun Ağdərə səfəri",Qəhrəman atasının təşəkkürü: [Yazıçı, publisist A. Qurbaniyə] //Ədəbiyyat qəzeti.- 1995.- 3 mart. Əli Qurbaninin "Koroğlular uzaqdan gələn yolda", Qədir Aslanın "XX əsrin Koroğlusu", Oqtay Əliyevin "Əbədiyyətə qovuşan Koroğlu", Sabir Arazlının "Koroğlu" kitabları nəşr olunmuş, 2-ci sinif oxu kitabında Koroğlu Rəhimov haqqında hekayə və Oqtay Rzanın "İki Koroğlu" şeiri dərc edilib. O, Koroğluya həsr etdiyi şeirin bir bəndində belə yazır.

Filmoqrafiya 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasında istehsal olunan "Azərbaycan milli qəhrəmanları" silsiləsindən 4-cü sənədli filmi "Vətənim mənim" Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanov, prodüseri Böyükağa Məmmədovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub. 31 oktyabr Koroğlu Rəhimovun ad günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Koroğlu Rəhimovun ailə üzvləri, döyüşçü dostları, yazarlar, QHT təmsilçiləri və gənclər iştirak edib. Tədbirdə film nümayiş etdirilib. Qardaşı İsa Rəhimov, "Əbədiyyətə qovuşan Koroğlu" kitabının müəllifi Oqtay Əliyev, Koroğlu Rəhimovun bölüyündə döyüşmüş Şahin Zəkiyev, şairə-publilist Nəsibə İsrafilqızı, milli qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım da tədbirdə iştirak edib. Həmin il Etibar Məmmədovun ssenarisi əsasında "Əbədiyyətə qovuşan Koroğlu" filmi ekranlaşdırılmışdır.20-ci əsrin "Koroğlu"su: [Kinematoqrafçılar İttifaqında Etibar Məmmədovun ssenarisi əsasında çəkilmiş "Əbədiyyətə qovuşan Koroğlu" sənədli filminin təqdimat mərasimi] // Mərkəz.- 2010.- 20 yanvar.- S. 11. 40 dəqiqəlik ekran əsərində Koroğlu Rəhimovun döyüş yolu öz əksini tapıb. 2010-cu ilin yanvarın 19-u sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan Respublikas Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilat dəstəyi ilə keçirilib.

Azərbaycan milli qəhrəmanları. Koroğlu Rəhimov. Vətənim mənim (film, 2010) — (qısametrajlı sənədli televiziya filmi) Əbədiyyətə qovuşan Koroğlu (film, 2010) — (tammetrajlı sənədli televiziya filmi)

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Azərbaycan Milli Qəhrəmanları. Azərbaycan müəllimi.- 2010.- 28 may.-S.242–243Hacızadə İ. Milli qəhrəmanlarımızdan biri //Azərbay- can.- 1994.- 21 sentyabr. İstinadlar

Ədəbiyyat

Dastançı Əli Qurban. Koroğlular uzaqlardan gələn yolda.- B. Elm, 1998.- 194 s. Ənsər B. İgidə ölüm yoxdur: [Həyatı, təhsili və döyüş şücaəti haqqında] //Ənsər B. Ağrıdağlı qəhrəmanlar.- B. 2004.- S. 67–74 Vətən səsi.- 1994.- 24 dekabr. Hacızadə İ. İgid ölər adı qalar //Günay.- 1995.-25 yanvar. Rəhimov İ. Dədəm Qorqud deyərdi ki… //Azərbaycan ordusu.- 1996.- 2 fevral. Rüstəmbəyli R. Koroğlu //Aydınlıq.- 1992.- 24 iyul.

Xarici keçidlər Milli Qəhrəmanlar saytında Koroğlu Rəhimov

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Ağdərədə vəfat edənlər Kateqoriya:Xaçmazda doğulanlar (Oğuz) Kateqoriya:SSRİ leytenantları