Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.

Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.Искусство Азербайджана Всеобщая история искусств. — Искусство, 1961.. — Т. 2-й. — С. 113. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.

1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.

Sarayın yeri Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının "Qala" adlandırılan ən qədim hissəsində yerləşir. Hazırda o, qədim şəhər divarları ilə əhatə edilib. Saray kompleksinin yerləşdiyi ərazi kiçikdir, təqribən bir hektar sahə tutur. Sarayın yanında yerləşən tikililər sarayla birbaşa əlaqədardır. Sarayla birlikdə bu tikililər bütöv bir kompleksi təşkil edir. Kompleksə daxil olan tikililər minarəsi ilə Şah məscidi, onun yanında Şirvanşahlar türbəsi, Divanxana (şimal tərəfdən saraya bitişikdir) və Seyid Yəhya Bakuvinin türbəsidir ("Dərviş türbəsi" kimi də tanınan bu türbə sarayın cənubunda yerləşir). Əvvəllər türbənin yaxınlığında qədim məscid var idi. İndi isə onun yalnız qalıqları qalıb. Saray kompleksi tikililəri yaxınlığında həmçinin saray hamamı və ovdan yerləşir. Onlar Şirvanşahlar türbəsinin qərbində yerləşir.

Kompleks təpənin yuxarı hissəsində olduğuna görə qədim şəhərdə üstün coğrafi mövqeyi var və uzaqdan nəzərə çarpır. Bakının orta əsrlərə aid binaları arasında o, memarlığın ağırlığına, tikilmə üsullarına və əzəmətinə görə fərqlənir. Keçmişdə saray bürcləri olan divarla əhatə edilmişdi və beləliklə, Bakı qalasının daxili istehkamı kimi istifadə edilirdi. Baxmayaraq ki, hazırda bu divarın heç biri izi qalmayıb, ancaq XX əsrin 20-ci illərində sarayın şimal-şərq hissəsində bürcün təməllərini və divarın əlaqədar hissəsini görmək olurdu.

Sarayın tarixi

Şirvanşahlar dövründə

1192-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra Şirvan şahı I Axsitan (1160–1197) öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. XV əsrdə Bakı şəhərinin iqtisadi və siyasi yüksəlişi ilə Şirvanşah I Xəlilullah (1417–1465) da eyni addımı atmışdır. Sara Aşurbəylinin fikrincə Şirvanşahlar sarayının tikintisi I Xəlilullahın atası Şirvanşah I İbrahimin dövründə (1382–1417) başlamışdır. 1412-ci ildə Qaraqoyunlular dövlətinin hökmdarı Qara Yusif (1410–1420) Çalağan döyüşündə I İbrahimi əsir aldıqdan sonra ondan sarayda saxlanılan qızıl və cavahiratı tələb etməsi haqqında məlumat mövcuddur. Şirvanşahlar sarayına daxil olan tikililərin bir hissəsi isə I Xəlilullahın dövründə tikilmişdir. Kompleks öz vaxtında əhəmiyyətli dərəcədə böyük ərazini əhatə edirdi. Bu ərazidə saray qulluqçuları və xidmət üçün evlər yerləşirdi. Qaraqoyunlular dövlətinin hökmdarı Qara İsgəndərin (1421–1435) Şirvana basqınları dövründə Bədr Şirvani də Bakıya köçərək Şirvanşahın sarayında yaşamışdır.

XIV əsrin sonlarında tikilmiş sarayın mərkəzi hissəsi və Keyqubad məscidi kompleksin erkən dövrdə tikilmiş binalarıdır. Şirvanşah I Keyqubad (1317–1348) böyük ehtimalla Bakıda yaşamış və Keyqubad məscidi də onun adı ilə adlandırılmışdır. Saray binasına aid heç bir kitabə dövrümüzə çatmamışdır. Ona görə də onun tikilmə ili saray kompleksinə daxil olan memarlıq abidələrindəki yazılarda olan tarixlərə uyğun olaraq təyin edilir. Belə iki yazı yalnız Şirvanşahlar türbəsində və Şah məscidinin minarəsində tamamilə qorunub saxlanılıb. Hər iki yazı tikililərin ucaldılmasını əmr edən I Xəlilullahın adını çəkir. Tikinti illəri olaraq da bunlar qeyd edilir: türbədə hicri ilə 839 (1435–1436), Şah məscidinin minarəsində 845 (1441–1442).

Türbə, saray və məscid eyni materialdan istifadə edilərək tikilib, yonulma və tikilmələri də eyni cürdür. V. N. Leviatov belə nəticəyə gəlir ki, saray binası və tikililər təqribən eyni vaxtda meydana gəlib və hətta saray onlardan bir az əvvəl, XV əsrin ilk onilliklərində qurulub.

Daha sonra hamam və ovdan tikilib. XV əsrin ikinci yarısında Seyid Yəhya Bakuvinin türbəsi, Şirvanşah I Fərrux Yasarın dövründə (1501-ci ilə qədər) isə Divanxana və qərb fasadına bitişik əlavə bina tikilib.

Səfəvi-Osmanlı dövründə

280px|thumbnail|right|Şirvanşahlar sarayı Engelbert Kempferin Bakı qravürasında "Sultans Residenz" adı ilə, 1683, İohann Baptist Homannın atlası Saray binası haqqında 1501-ci ilə qədərki dövrə aid məlumat aşkar edilməyib. Fars salnamələrindən biri deyir ki, 1501-ci ildə I Xəlilullahın oğlu Şirvanşah I Fərrux Yasarın ordusu Səfəvilər sülaləsindən olan Şah I İsmayıl tərəfindən məğlubiyyətə uğradılır. Döyüşdə Şirvanşah Fərrux Yasar həlak olur; I İsmayılın ordusu Bakıya hərəkət edir, onu mühasirəyə alır və bir neçə hücumdan sonra şəhəri ələ keçirir. Sonra, salnaməyə görə, Şah İsmayılın əmri ilə Şirvanşahın hündür binası dağıdılır. Bu ifadənin Şirvanşahın sarayının dağıdılması mənasına gəldiyi fikirləşilir. Amma V. N. Leviatov qeyd edir ki, orta əsrlər salnamə ruhuna uyğun olaraq, bu ifadə Şirvanşahların hakimiyyətinin və ali hakimiyyət hüquqlarının məhv edildiyi mənasına gəlir. Mümkündür ki, Bakının Səfəvilər tərəfindən alındığı və Şah I İsmayılın ordusunun orada ağalıq etdiyi vaxtda saray qarət edilib və ehtimal ki, qismən dağıdılıb. Bakının alınmasından bir müddət sonra isə Bakı şəhərini və bütün ətrafını, həmçinin Şirvanı Səfəvilər dövlətinin təyin etdiyi canişinlər idarə edirdi. XVI əsrin ilk yarısında sarayda kimin yaşadığı və hansı şəkildə yaşadığı haqqında məlumat yoxdur. Şirvan canişini Hüseyn bəy Şamlının öz yerinə təyin etdiyi cilovdarı Şahgəldi ağa Şirvanşahlar sarayına çox yaxın məhəllələrdən birində yaşamışdır və həmin məhəllə indiki dövrə qədər Şahgəldi ağanın adı ilə adlandırılmışdır.

XVI əsrin ikinci yarısında Səfəvilər və Osmanlı imperiyası arasında müharibə gedirdi. Bu müharibə dövründə, 1578-ci ildə türklər Bakını ələ keçirir. Hazırda Osmanlılar imperiyasının vaxtından saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası qalıb. Darvazanın portalında yerləşdirilən yazıdan aydın olur ki, onlar Osmanlı sultanı III Muradın dövründə (1574–1595) tikilib. Ədəbiyyatda qeyd edilir ki, bu dövrdə sarayda türk paşaları yaşayırdı. Bunun sübutu da Murad darvazasıdır.

XVII əsrdə saray boş idi və orada heç bir hökumət adamı yaşamırdı. Monastırın baş keşişi və İsfahan missiyasının nümayəndəsi kapuçin Pater Rafael dyu Man 1660-cı ildə öz əsərində Bakı qalasındakı Şirvanşahlar sarayını təsvir edir və onun dağılmasından və boşalmasından bəhs edir.Средневековый Восток / Редколлегия: Г. Ф. Гирс (председатель), Е. А. Давидович, С. Б. Певзнер, И. В. Стеблева. — Наука, 1980. — С. 22. — 318 с. 1723-cü ildə Bakı şəhəri I Pyotrun ordusu tərəfindən mühasirə olundu və top atəşinə məruz qaldı. Bununla əlaqədar olaraq sarayın cənub-şərqi fasadı ziyan gördü. XIX əsrin ortalarında saray Rusiya imperiyasının Hərbi Nazirliyinə təhvil verilməzdən qabaq xaraba vəziyyətdə idi.

Bakı xanları Şirvanşahlar sarayında yaşamırdılar. Sarayın xaraba şəklində olması və Övliya Çələbinin Bakı qalasının təsvirində saraydan bəhs etməməsi buna sübutdur.

Rusiya imperiyası dövründə 185px|thumb|left|Xan sarayı. Rəs. Qriqori Qaqarin Rusiya hərbi nazirliyi sarayı qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.

Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.

Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. 2-й. — С. 359.

Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə etdi, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edildi. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulmuşdu.

Saray kompleksi hazırda isə XIX əsrin ilk yarısında tikilmiş qala divarları əhatə edilib.

Müasir Azərbaycan dövründə

1918-ci il 31 mart soyqırımı zamanı Şirvanşahlar sarayı ziyan gördü. Ermənilərin atdığı top mərmiləri Şah məscidinin minarəsini zədələdi.Рустамова-Тогиди С. А. 1918. Азербайджанские погромы в фотографиях и документах. Стр. 50

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) memarlıq abidələrinin tədqiqi və qeydə alınması üçün bir çox tədbirlər həyata keçirildi. 1918-ci ilin sonlarında memar-texnik İsmayıl bəy Nəbioğlu tərəfindən Şirvanşahlar sarayının ölçmə çertyojları həyata keçirildi. M. Ə. Əliyevə görə bu çertyojlar yüksək keyfiyyətlidir, öz dövrünə görə yaxşı düzəldilib, hətta akademik A. M. Pavlinovun işindən daha yaxşıdır. 1920-ci ilin əvvəllərində Müsəlman Şərqinin tədqiqi cəmiyyətində İsmayıl bəy Nəbioğlu sarayın taleyi haqqında mühazirələr oxudu. Dövr mətbuatı məruzənin saray haqqında müxtəlif şəkillər və çertyojlar təsvir etdiyini qeyd edir. Məruzə və müzakirədən sonra cəmiyyətin rəyasət heyəti seçildi. Cəmiyyət rəyasət heyətinə yaxın gələcəkdə saraya ekskursiya təşkil etməyi həvalə etdi. M. Ə. Əliyev qeyd edir ki, bu faktiki olaraq, Azərbaycan xalqının öz tarixi-memarlıq irsinin tədqiqi üçün ilk ümumi müraciəti idi.Алиев М. А. Об изучении исторического наследия по архитектуре Азербайджана дореволюционного периода // Доклады Академии наук Азербайджанской ССР. — 1971. — С. 78–80.

1920-ci ildə Azərbaycan SSR hakimiyyəti sarayın qorunması üçün ölçü götürməyə başladı. Bu işin iştirakçılarından biri yazırdı: