Hacı Azər oğlu Əliyev () — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.
Hacı Əliyev həmçinin 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində baş tutan Dünya Çempionatının, 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının və 2017-ci ildə Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, üç dəfə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycan güləşçisi olub.
2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının qızıl medalına sahib olan Hacı Əliyev, 2014, 2018, 2019 və 2023-cü illərdə Avropa Çempionatının qızıl medallarını da qazanıb. Bununla da Hacı Əliyev dörd dəfə Avropa Çempionatının qalibi olan birinci və yeganə Azərbaycan sərbəst güləşçisidir. Hacı Əliyev həm də 2017 və 2021-ci illərdə İslam Həmrəyliyi Oyunlarının da qalibi olub.
Hacı Əliyev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Karyerası ərzində 48 beynəlxalq yarışa qatılan Hacı Əliyev onların 15-də qızıl medal, 10-da gümüş medal, 14-də isə bürünc medal qazanıb. Hacı Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.
O, 2024-cü il avqustun 11-də karyerasını başa vurub.
Həyatı Hacı Azər oğlu Əliyev 1991-ci il aprelin 21-də Naxçıvan şəhərində anadan olub. 1997–2008-ci illərdə Naxçıvan şəhərində 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev, 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Hacı Əliyevin atası Azər Əliyev Naxçıvanda sərbəst güləş üzrə məşqçi olaraq çalışırdı. Məhz atası oğlunun güləşçi olmasını arzulayırdı. Məhz buna görə də Hacı Əliyev 1999-cu ildə qardaşı Yaşar Əliyev ilə birgə sərbəst güləşlə məşğul olmağa başladı. Əliyevlər ailəsində birinci uğura 2013-cü ildə Avropa Çempionatının bürünc medalçısı olmağla Yaşar Əliyev imza atsa da, qardaşı Hacı Əliyev növbəti illərdə daha ciddi nailiyyətlər qazanaraq dünya şöhrətli güləşçi oldu. Hacı Əliyev 2004-cü ildən Elman Əzimzadənin rəhbərliyi altında məşq edir.
2014-cü ildə ailə həyatı quran Hacı Əliyevin 2015-ci ilin avqust ayında qızı Aişə dünyaya gəldi. Hacı Əliyev 2015-ci ildə Las-Veqasda baş tutan Dünya Çempionatında qazandığı çempionluğu məhz qızı Aişəyə həsr etdi.
Karyerası Hacı Əliyev 2007-ci ilin iyun ayında Dağıstanda baş tutan yeniyetmələrin beynəlxalq yarışında mübarizə apardı və qızıl medalın sahibi oldu. Daha sonra o, iyul ayında Trabzon şəhərində baş tutan I Qara dəniz Oyunlarında qüvvəsini sınadı. Rumıniya və Moldova güləşçilərini məğlub edən 16 yaşlı Hacı Əliyev, final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Rusiya nümayəndəsi Vladimir Yaxovlev üzərində 5:3 hesabı ilə qələbə qazandı və I Qara dəniz Oyunlarının qalibi oldu.
Hacı Əliyev 2024-cü il avqustun 11-də sosial şəbəkə hesabında paylaşım edərək karyerasını sonlandırdığını bildirib.
2008-ci il: Yeniyetmələrin Avropa Çempionatında "gümüş" Hacı Əliyev 2008-ci ilin may ayında Antalya şəhərində baş tutan yeniyetmələr arasında beynəlxalq turnirdə mübarizə və yarışın bürünc medalının sahibi oldu. Bu uğurdan sonra o, beynəlxalq səviyyədə birinci nailiyyətinə imza atdı. Hacı Əliyev 2008-ci ilin iyun ayında Latviyanın Dauqavpils şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının medalına sahib oldu. O, final görüşündə Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliyə məğlub oldu və çempionatın gümüş medalına sahib oldu. Daha sonra o, 2009-cu ilin fevral ayında Azərbaycan Çempionatında mübarizə apardı və final görüşündə Ağahüseyn Muradova məğlub olaraq çempionatının gümüş medalçısı oldu. Mart ayında Latviyanın Riqa şəhərində baş tutan beynəlxalq turnirdə beşinci pillənin sahibi olan Hacı Əliyev, həmin ilin sonlarında Azərbaycanın Milli Qəhrəmanı, güləş məşqçisi Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə və Azərbaycan Kubokunda mübarizə apardı və yarışların qalibi oldu.
2010-cu il: Avropa Çempionatında debüt Hacı Əliyev 2010-cu ilin əvvəlində İvan Yarıginin xatirəsinə həsr olunan Qran-Pridə və Kiyev şəhərində baş tutan beynəlxalq yarışda mübarizə aparsa da, uğur qazana bilmədi. Həmin ilin 12–18 aprelində Azərbaycanın ev sahibliyində güləş üzrə Avropa Çempionatı baş tutdu. Azərbaycan Güləş Federasiyası (AGF) və sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri tərəfindən Avropa Çempionatında mübarizə aparacaq sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində son Avropa Çempionatının qalibi Zəlimxan Hüseynova etimad göstərilməsi qərara alındı. Amma çempionatın başlamasına bir gün qala, Zəlimxan Hüseynov xəstələndiyinə görə məşqçilər təcili olaraq onu əvəzləməli oldular. Məşqçilər tərəfindən çempionatda mübarizə aparmaq şansı Hacı Əliyevə verildi.
18 yaşlı Hacı Əliyev aprelin 14-də Heydər Əliyev adına İdman Arenasında Avropa Çempionatlarında debüt etdi. O, birinci görüşdə Almaniya güləşçisi Tim Şleyqer ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində Hacı Əliyev 0:1 hesabı ilə məğlub olsa da, növbəti hissələrdə 3:0 və 3:1 hesabları ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Moldova nümayəndəsi Andrey Perpelita ilə qarşılandı. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Hacı Əliyev birinci hissədə 4:5 hesabı ilə rəqibinə məğlub olsa da, növbəti hissədə 1:0 hesabı ilə qalib gəldi. Həlledici hissədə isə Andrey Perpelita 5:0 hesabı ilə rəqibindən üstün oldu. Bununla da Hacı Əliyev Avropa Çempionatında mübarizəni dayandırdı və çempionatını 8-ci pillədə başa vurdu. Avropa Çempionatından sonra Hacı Əliyev iyul ayında Qızıl Qran-Pridə mübarizə apardı və birinci görüşdəcə məğlub olaraq mübarizəni dayandırdı. Beynəlxalq turnirlərdə uğursuz nəticələr qazansa da, 2010-cu ilin sonlarında o, "Hünər meydanı" turnirində və Gəncə şəhərində baş tutan İsax Cəfərovun xatirəsinə həsr olunan turnirdə qalib olmağı bacardı.
2011-ci il: Gənclərin Avropa Çempionatında final Hacı Əliyev 2011-ci ilə fevral ayında Bolqarıstanın Burqas şəhərində baş tutan Dan Kolovun xatirəsinə həsr olunan beynəlxalq turnirlə start verdi. Həmin turnirdə o, 8-ci pillənin sahibi oldu. May ayında isə Hacı Əliyev Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və bu səfərdə medalçılar sırasına düşə bilmədi.
Beynəlxalq turnirlərdə ardıcıl uğursuz nəticələrdən sonra Hacı Əliyev ciddi uğura imza atmağı bacardı. O, 2011-ci ilin iyun ayında Serbiyanın Zrenyanin şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Final görüşündə Ömər Uzana məğlub olan Hacı Əliyev, gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. Bu uğurdan sonra o, iyul ayında Qızıl Qran-Pridə mübarizə aparsa da, medalçılar sırasına düşə bilmədi. 2011-ci ildə Hacı Əliyev növbəti uğura Çeçenistanın Qroznı şəhərində baş tutan Ramzan Kadırovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə imza atdı. O, həlledici görüşdə Rusiya nümayəndəsi Əhməd Çaxayevə məğlub oldu və gümüş medalın sahibi oldu.
2012-ci il: Qazanılan birinci nailiyyətlər Hacı Əliyev 2012-ci ilə Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə aparmaqla start verdi. O, Ağahüseyn Mustafayev ilə birgə həmin turnirin bürünc medallarına sahib oldu. May ayında isə Hacı Əliyev və Ağahüseyn Mustafayev Azərbaycanın ev sahibliyində baş tutan sərbəst güləş üzrə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycan yığmasının heyətində yer aldılar. Saypulla Absaidovun rəhbərliyi altında Azərbaycan yığması "A" qrupunda Belarus, Bolqarıstan, Qazaxıstan və Rusiya yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə Rusiya güləşçiləri ilə üz-üzə gəldi və 7:0 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Hacı Əliyev Alexander Boqamayevi 1:0 hesabı ilə məğlub etdi və qələbədə pay sahibi oldu. Növbəti görüşdə Azərbaycan güləşçiləri Bolqarıstan yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində bu səfər Hacı Əliyev əvəzinə Ağahüseyn Mustafayev mübarizə apardı və qələbədə pay sahibi oldu. Qrup mərhələsinin üçüncü görüşündə Azərbaycan pəhləvanları Qazaxıstan yığması ilə üz-üzə gəldi. Bu görüşdə də Azərbaycan yığması tam üstün nəticə göstərdi və 7:0 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Hacı Əliyev də qələbə qazanan güləşçilərdən oldu. Qrup mərhələsinin son görüşündə Azərbaycan yığması Belarus güləşçiləri ilə üz-üzə gəldi. Hacı Əliyevin qələbədə pay sahibi olduğu görüşdə Azərbaycan pəhləvanları 6:1 hesabı ilə qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması İran güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan güləşçiləri İran yığmasına 3:4 hesabı ilə məğlub oldu və sərbəst güləş üzrə Dünya Kubokunun gümüş medalına sahib oldu. Komandanın heyətində qələbə qazanan güləşçilər Hacı Əliyev, Şərif Şərifov və Camaləddin Məhəmmədov oldu. Ümumi olaraq isə turnir ərzində Azərbaycan yığmasının heyətində fərqlənin güləşçilər, mübarizə apardığları bütün görüşlərdə qalib gələn Hacı Əliyev və Şərif Şərifov.
Dünya Kubokunda gümüş medala sahib olan sərbəst güləş üzrə Azərbaycan yığması may ayında Qəbələdə təlim-məşq toplanışında oldu. İyun ayında isə sərbəst güləşçilər Almaniyanın Dortmund şəhərində baş tutan Almaniya Qran-Prisində mübarizə apardı. Hacı Əliyev Almaniya Qran-Prisində dörd dəfə Dünya Çempionatının qalibi olan Rusiya nümayəndəsi Kuduxova məğlub oldu və turnirin bürünc medalına sahib oldu. Daha sonra o, Azərbaycanda baş tutan Qızıl Qran-Pridə mübarizə apardı və bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib oldu. İlin sonunda isə Hacı Əliyev Azərbaycan Çempionatında mübarizə apardı. Həlledici görüşdə o, Ağahüseyn Mustafayevi məğlub etdi və Azərbaycan Çempionatının qalibi oldu.
2013-cü il: Universiada Oyunlarında "bürünc" thumb|342x342px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev XXVII Universiada Oyunlarının qaliblərini və medalçılarını qəbul edən zaman. (Hacı Əliyev sağdan birinci / 24 iyul 2013-cü il) Hacı Əliyev 2013-cü ilə Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə bürünc medalına sahib olmaqla start verdi. Artıq Azərbaycan yığmasının aparıcı üzvlərindən biri hesab olunan Hacı Əliyev, 18–24 martda Gürcüstanın Tbilisi şəhərinin ev sahibliyində baş tutan Avropa Çempinatına yollanacaq Azərbaycan yığmasının heyətində yer aldı. Çempionatdan əvvəl "Azerisport" idman portalına müsahibə verən sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov, Hacı Əliyevdən uğur gözlədiyini bildirdi. Hacı Əliyev Avropa Çempionatında martın 20-də mübarizə apardı. O, birinci görüşdə Macarıstan nümayəndəsi Yozef Molnar ilə üz-üzə gəldi və 2:0 (5:0, 4:0) hesabı ilə inamlı qələbə qazandı. 1/4 final mərhələsində isə Hacı Əliyev Gürcüstan güləşçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşdı. Gərgin idman mübarizə şəraitində baş tutan görüşün birinci hissəsində Xinçeqaşvili 1:0 hesabı ilə qələbə qazandı. Növbəti görüşdə isə Əliyev 5:2 hesabı ilə inamlı qələbə qazandı. Həlledici hissədə isə Xinçeqaşvili 3:1 hesabı ilə üstün oldu və nəticədə Hacı Əliyev Avropa Çempionatında mübarizəni dayandırdı.