Nizami Xudiyev () — Azərbaycan Respublikasının Milli Məclisinin I, II və III çağırış deputatı, filologiya elmləri doktoru, professor.
Həyatı Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Evlidir, 3 övladı var. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Xudiyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır..
Nizami Xudiyev 23 may 2021-ci ildə böyrək çatışmazlığından vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:Azərbaycan Televiziyasının sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri