Pavel Dmitriyeviç Sisianov (; ) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı. 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Hüseynqulu xanın əmisi oğlu tərəfindən öldürülüb.
Həyatı Pavel Sisianov 1754-cü ildə 9 və ya 20 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində gürcü ailəsində anadan olub. 1772-ci ildə Preobrajensk alayında hərbi xidmətə başladı. 1786-cı ildə polkda komandir təyin edilir və 2-ci türk müharibəsində iştirak edir. 1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil oldu. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşunun inspektoru təyin edilmişdir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tbilisiyə hücum edir. İran ilə müharibənin onun işlərini çətinləşdirməsinə və Rusiyanın Napoleon ilə apardığı müharibə səbəbindən əsgər çatışmazlığının olmasına baxmayaraq o, müəyyən qədər diplomatik yolla, müəyyən qədərsə silah gücüylə Xəzər sahilinin, Dağıstanın və Cənubi Qafqazın müxtəlif kiçik hökmdarlarını Rusiyanın tərəfinə çəkməyi bacardı.
Gürcüstanı ələ keçirdikdən sonra Cənubi Qafqaza hücum edir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Bir neçə Azərbaycan xanlığını işğal edir. Onların arasında Gəncə, Şamaxı, Şəki və Qarabağ xanlıqları mövcuddur.
Hərbi işdən əlavə Sisiyanov həm də ədəbi fəaliyyət ilə məşğul olur, fransız dilindən şeirlər tərcümə edirdi.
Məhvedilməsi
1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasa da ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Bəzi mənbələrə görə, general Pavel Sisianovun öldürülməsi hadisəsində Şeyxəli xanın rolu olmuşdur. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisianovun cəsədi Tiflisə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Rusiya-İran müharibəsi (1804-1813) iştirakçıları Kateqoriya:Rusiya-İran müharibəsi (1796) iştirakçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:XVIII əsr tərcüməçiləri Kateqoriya:İran əleyhdarlığı