Zakir Cavad oğlu Bağırov () — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960).
Həyatı Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib.
Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib. Zakir Bağırov ordudan tərxis olunandan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı bitirib.
Pedaqoji fəaliyyəti Zakir Bağırov Azərbaycan Dövlət Konservatoriyasıda 45 il müəllim kimi fəaliyyət göstərmiş, 1949-cu ildən ömrünün sonunadək musiqi-nəzəri fənlərindən dərs demişdir. O, 1970-ci ildən 10 il ərzində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda 1950-1958-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsini icra etmişdir.
Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. Bəstəkar 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü olmuşdur. Zakir Bağırov 1963-1965-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. Eyni zamanda Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir.
Ölümü Zakir Bağırov 8 yanvar 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Əsərləri Opera "Aygün" (1972) "Qoca Xattabıç"
Operetta "Kəndimizin Mahnısı" (1958) "Qayınana" (1974)
İnstrumental xalq çalğı alətləri orkestri üçün süitalar (1956, 1969) fortepiano ilə orkestr üçün konsert (1970) orqan üçün improvizasiya və fuqa (1973) "Çahargah" muğamı əsasında arfada solo üçün əsər kamera-instrumental əsərləri, mahnı və romans.
Mahnıları Ay qız (sözləri T.Əliyev) Bilsən, necə sevindim (sözləri H.Hüseynzadə) Lirik mahnı (sözləri Ənvər Əlibəylinin) Ay qaşı, gözü qara qız (sözləri İslam Səfərlinin) Gəl,gəl (sözləri İslam Səfərlinin) Könlüm sənindir (sözləri ….)
Kitabları Azərbaycan xalq rəqsləri. Not yazısı T.Quliyev, Z.Bağırov, M.İsmayılov. Bakı, 1951. "Dügah" muğamı. Bakı, 1936.
Filmoqrafiya "Ağ qızıl" ustaları (film, 1958) Aygün (film, 1960) Bərəkətli torpaq (film, 1954) Bizim Azərbaycan (film, 1959) Gənc Leninçilər (film, 1951) "Kazbek" qutusu (film, 1958) Quba bağlarında (film, 1953) Mən Xəzər dənizçisiyəm (film, 1961) Nizami (film, 1959) Səadət yolu ilə (film, 1956) Təbiətin dostları (film, 1958) Uğurlu yol! (film, 1975) Yeni il gecəsində (film, 1958)
Mükafatları "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 "Əməkdə fərqlənməyə görə" medalı — 22 avqust 1986 "Yubiley" medalı
Xarici keçidlər Bağırov Zakir
İstinadlar
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:Operetta bəstəkarları