Əlinəzərli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsində kənd. 22 may 2007-ci il tarixli 345-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli kənd inzibati ərazi vahidi hesab edilmişdir.

Toponimikası Etnotoponimdir. Oykonim əlinəzərli nəslinin adı ilə bağlı yaranmışdır. Toponim "Əli Nəzərin nəslindən olanlar, əlinəzərlilər" mənasını bildirir.

Tarixi Yerli məlumata görə, kəndin əsası XVIII əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, kənd əhalisinin əsasını təşkil edən elat tayfaları Şimali Azərbaycanın qərb bölgəsindən köçməyə məcbur olmuş və indiki ərazidə məskunlaşmışlar. Yaşayış məntəqəsinin adı onun əsasını qoymuş şəxsin adı ilə bağlıdır. Meşə zolağı var. Nəsillər: Əlinəzərlilər, Danalılar, Papaqçallar, Aşurlar, Məmmədalılar. Kolxoz qurulmuş (1937) "Sosializm" (1937-1991) və "Alı Mustafayev" (1991-1997) adlandırılmış, islahatla bağlı ləğv edilmişdir (01.11.1997).

Alnazar (Əlinəzər) dörd qardaşdan biri olub. 1758-ci ildə Gürcüstanda müharibə başlayıb. Həmin dövrdə Borçalı qəzasında yaşayan azərbaycanlılara qarşı gürcülərin böyük hücumu olub və qaçqınçılıq baş verib.Qarabağa gəlib sığınanlar arasında həmin dörd kişi də olub. Onlardan biri Bərdə rayonunun Soğanverdilər kəndində qalıb. Onlardan birinin adı Alnazar olub və o, bura gəlib məskunlaşıb. Digərinin adı Bədi olub. Dünyamalılar kəndinin qərb tərəfində onun adı ilə bağlı bir təpə var, “Bədi təpəsi” adlanır. Bir qardaş da İmişli ərazisində yaşayıb – Boxça Alı.Kənddəki böyük tirələrdən biri Danalılar olub. Bu ad Danə Alının adı ilə bağlıdır. Danalı ərazidə vergi yığan şəxs olub. Onun Eminalı və Fətalı adlı qardaşları olub. Eminalılar, Danalılar və Fətalılar həmin Alıdan törəyiblər.

Fətəlioğlu Küdrüsü

Rəvayətə görə, keçmişdə Fətəlioğlu adlı varlı, qoçaq, mərd və səxavətli bir kişi varmış. Fətəlioğlunun ev-eşiyi hündür bir təpənin üstündə yerləşirmiş. Lakin qonşuluqdakı cinli tayfası onun yerini-yurdunu ələ keçirmək istədiyi üçün onlarla döyüşməli olmuşdur. Fətəlioğlu cinlilərə üstün gəlmişdir. El arasında “Fətəlioğlu kürdüsü” deyilən yer məhz onun adı ilə bağlıdır. Daha sonralar həmin ərazidə Əlinəzərli kəndi salınmışdır.

Tarixi abidələri Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə Kərəm Əliyevin büstü Rizvan Nəsirovun büstü qoyulmuşdur. Qalayçılar

Coğrafiyası və iqlimi Kənd Bakıdan 277 km məsafədə, rayon mərkəzindən 10 km şərqdə, Daşburun dəmiryol stansiyasından 38 km, Beyləqan-İmişli şose yolundan 7 km aralı, Mil düzündə yerləşir. Şimaldan və şimal-şərqdən rayonun orta Əlinəzərli, şərqdən və cənub-şərqdən Dünyamalılar, cənubdan Mayak, cənub-qərbdən Şəfəq, qərbdən və şimal-qərbdən Birinci Aşıqlı kəndləri ilə həmsərhəddir.

Əhalisi Kənddə 662 ailədə 1616 nəfər sakin yaşayır. 279 nəfər məcburi köçkün məskunlaşıb.

Kənddən Böyük Vətən müharibəsində 19 nəfər iştirak etmiş, 9 nəfər həlak olmuş, 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 38 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur.

İqtisadiyyatı Təsərrüfatların sayı 420-dir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə qarışıq yem sexi vardır.

Kəndin sahəsi 1434 ha-dır. Ondan dövlət mülkiyyətində 144 ha, bələdiyyə mülkiyyətində 402 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 32, perspektiv inkişaf fondu 19, örüş 40,8, suvarma kanalları və arxlar 57,6, kollektor-drenaj şəbəkəsi 157,6, ictimai tikinti 11.8, kənd altında ümumi istifadə olan 55,8, yollar 22,7, məktəb 4,7 ha) xüsusi mülkiyyətdə 888 ha (o cümlədən özəlləşdirilən torpaqlar 806, həyətyani 82 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür.

Mədəniyyəti Kənddə kitabxana, klub və rabitə şöbəsi mövcuddur.

Təhsil Kənddə R.Nəsirov adına orta məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Din Kənd əhalisinin böyük hissəsi İslam dininin şiə məzhəbinə məxsusdur.

Molla Əli Beyləqani – müctəhid, ilahiyatçı alim, İranın Ərdəbil şəhərində mədrəsə, Tehran şəhərində ali ruhani təhsili almış, İraqın Nəcəf şəhərində yüksək təhsil ocağında ilahiyyat elmləri üzrə elmi işlə məşğul olmuş, alimlik adı almışdır. 13 yaşında ikən valideynlərindən xəbərsiz karvana qoşulub İranın Ərdəbil şəhərinə getmiş (1918), Tehranda və İraqın Nəcəf şəhərində yüksək ruhani təsil aldıqdan sonra bir neçə il Ərdəbildə şəhər qazisi (şəriət hakimi) işləmişdir. Əlinəzərli kəndinə qayıtmış (1938), "Sosializm" kolxozunda ferma müdiri (1939-1946), kolxoz idarə heyyətinin sədri (1946-7952), "Stalin" kolxozunun sədr müavini (1952-1954), briqadir (1954-1956), "Kirov" kolxozunda anbardar-xəzinadar (1956-1980) işləmişdir. Uzun müddət kəndin mədəni, ictimai, iqtisadi və təsərrüfat hayatında yaxından iştirak etmiş, el arasında böyük nüfuza malik olmuşdur. Yaşadığı dövrdə yalnız öz rayonunda deyil, azərbaycanın bir çox bölgələrində nüfuzlu el ağsaqqalı, din alimi, dünyavi və dini elmlərin dərin bilicisi kimi hörmətə malik olmuşdur.

Səhiyyə Kənddə tibb məntəqəsi və 25 çarpayılıq xəstəxana var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Beyləqan rayonunun kəndləri