Bakcell — Azərbaycanın mobil rabitə operatoru. 1994-cü ildə təsis edilmiş və ölkədə mobil rabitə xidməti göstərən ilk şirkət olmuşdur. Şirkətin məlumatına görə, 3 milyondan artıq abunəçiyə xidmət göstərir. Ölkənin mobil rabitə bazarında Azercell və Azerfon (Nar) ilə rəqabət aparır.
2005-ci ildən Azərbaycanın NEQSOL Holding şirkətlər qrupuna daxildir. 2026-cı ilin iyun ayından şirkətin baş icraçı direktoru Qunnar Pankedir.
Tarixi Yaranması və özəlləşdirilməsi (1994–2004) "Bakcell" 1994-cü il martın 4-də təsis edilmiş və analoq standartlı ETACS operatoru kimi fəaliyyətə başlamışdır. Rouminq xidməti 1999-cu ildə istifadəyə verilmişdir. Şirkətin özəlləşdirilməsi 2003-cü ildə başa çatmış, 2004-cü ilin yanvarından Bakcell tam özəl kapitallı şirkət kimi fəaliyyət göstərir.
NEQSOL Holding dövrü (2005 – hazırkı dövr) NEQSOL Holding 2005-ci ildə Bakcelli satın alaraq telekommunikasiya sahəsinə daxil olmuşdur. Holdinq neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir; 2019-cu ildə "Vodafone Ukrayna" operatorunu da almışdır.
Texnoloji inkişaf İl Hadisə 2013 "Ulduzum" loyallıq proqramı təqdim olunub 2015 Azərbaycanda ilk dəfə 4G LTE əsasında kommersiya xidmətləri təqdim edilib 2017 "HD Voice" texnologiyası istifadəyə verilib; 4G xidməti Gəncədə istifadəyə verilib 2018 "Mənim Bakcellim" mobil tətbiqi təqdim olunub; Bakı Metropolitenində 4G xidməti təqdim edilib 2019 4G şəbəkəsi bütün ölkə ərazisini əhatə edib; şirkət Formula 1 Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisi olub 2020 "099" prefiksi istifadəyə verilib 2022 Azərbaycanda ilk dəfə VoLTE və eSIM xidmətləri istifadəyə verilib 2023 5G şəbəkəsi Bakının bəzi ərazilərində sınaq rejimində istifadəyə verilib
Rəhbərlik Şirkətin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da vəzifəsindən ayrılmışdır. 2026-cı il iyunun 8-də telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə malik Qunnar Panke baş icraçı direktor təyin edilmişdir. Panke əvvəllər Azərbaycan, Almaniya, Fransa və Rumıniyanın telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır.
Şəbəkə və əhatə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına görə, Bakcell şəbəkəsi ölkə əhalisinin 99,9%-ni, ərazisinin isə 92,6%-ni əhatə edir.
Şəbəkə keyfiyyəti müstəqil təşkilatlar tərəfindən də qiymətləndirilmişdir. 2017-ci ildə "P3 Communications" şirkəti Bakcelli sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı şəbəkə ("Best in Test") adlandırmışdır. "Ookla" şirkətinin "Speedtest Awards" qiymətləndirməsində Bakcell 2024-cü ilin birinci yarısında Azərbaycanın ən sürətli mobil şəbəkəsi seçilmişdir; bu dövrdə ortalama yükləmə sürəti 55,36 Mbit/s olmuşdur.
Həmçinin bax Azercell Azerfon NEQSOL Holding
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın mobil rabitə operatorları Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan telekommunikasiya şirkətləri