Hətəm Abdulla oğlu Əhmədov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ticarət naziri (1946–1953).
Həyatı Hətəm Abdulla oğlu Əhmədov 1903-cü ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Dəmirçi şagirdi işləyərkən, 17 yaşında komsomol üzvü olmuş və Azərbaycan komsomolunun yaradılmasında fəal iştirak etmişdir. 1921-ci ildə Zaqatala komsomol təşkilatının vasitəçiliyi ilə Bakıya, Mərkəzi Sovet Partiya Məktəbində təhsil almağa göndərilmişdir. Həmin məktəbi bitirdikdən sonra Moskvadakı Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olmuş, 1924-cü ildə bolşeviklər partiyasına üzv olmuşdur.
Hətəm Əhmədov universiteti bitirdikdən sonra Bakı partiya təşkilatlarında işləməyə başlamışdır. 1929-cu ildə xalq maarifi sahəsində çalışmağa göndərilmiş, lakin 1930-cu ildə yenidən partiya işinə qaytarılaraq 1931-ci ilədək Azərbaycan K(b)P-nin Şuşa və Ağdam rayon komitələrində işləmişdir. 1931-ci ildə o, ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı ilə Gürcüstana göndərilmiş 1935-ci ilədək Suxum və Axalsıxda partiya və sovet orqanlarında çalışmışdır. 1935-ci ildə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan K(b)P Qax, Qusar və Zaqatala rayon komitələrinin birinci katibi olmuşdur.
Hətəm Əhmədov 1940-cı ildən ticarət təşkilatlarında işləməyə başlamış, Azərbaycan SSR xalq ticarət komissarının müavini olmuşdur. 1941-ci ildə Azərbaycan SSR xalq ticarət komissarı (1946-cı ildən Azərbaycan SSR ticarət naziri) vəzifəsinə təyin edilmiş və 1953-cü ilədək bu vəzifədə çalışmışdır. Sonralar fərdi pensiyaçı kimi təqaüdə çıxmasına baxmayaraq Ümumittifaq Ticarət Palatasının Azərbaycan şöbəsində rəyasət heyəti sədrinin müavini olmuşdur.
Hətəm Əhmədov Azərbaycan SSR və Zaqafqaziya SFSR mərkəzi icraiyyə komitələrinin, eləcə də Azərbaycan K(b)P Mərkəzi Komitəsi plenumunun üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni ilə təltif edilmişdir.
Hətəm Əhmədov 1970-ci il oktyabrın 31-də vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR ticarət nazirləri Kateqoriya:Azərbaycan SSR xalq ticarət komissarları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Məhərrəmlilər