Battlefield 4 (həmçinin BF4; ) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" oyun seriyasındakı 6-cı əsas epizoddur (ümumilikdə 13) və 2011-ci ildə satışa çıxarılan "Battlefield 3" videooyununun davamıdır. Oyun 2013-cü ilin 29 oktyabrında Microsoft Windows, PlayStation 3 və Xbox 360 platformaları, 12 noyabrında PlayStation 4 platforması, 19 noyabrında isə Xbox One platforması üçün satışa çıxarılmışdır.
Oyunun əsas süjet xətti sələfindən 6 il sonra, 2020-ci ildə cərəyan edir. 2014-cü il müharibəsinin bitməsinə baxmayaraq, ABŞ və Rusiya arasındakı gərginlik hələ də çox yüksək idi. Eyni zamanda, Admiral Çan Vey Çin hökumətini ABŞ-ni Cin Cenin qətlini təşkil etməklə təqsirləndirərək və ABŞ-nin regiondakı təsirini azaldaraq devirmək istəyir. Admiralın müvəffəqiyyəti Rusiya və Çinin müttəfiq olub ABŞ-yə müharibə elan etməsi ilə nəticələnə bilər. Oyunun baş qəhrəmanı Serjant Daniel Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" () dəstəsinin bir üzvüdür.
"Battlefield 4" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun çoxnəfərli rejimi, geympleyi və qrafikalarına görə təriflənmiş, ancaq qısa və dəyərsiz birnəfərli rejimi və çoxsaylı texniki problemlərinə görə tənqidlənmişdir. Bu texniki problemlər sonrakı illərdə həll edilmişdir. Oyun 7 milyondan çox nüsxə satdığına görə kommersial bir uğur hesab edilir.
Süjet
Qurma İranda, İraqda, Fransada, Azərbaycanda və başqa regionlarda ABŞ, İran və Rusiya arasında baş verən üçtərəfli 2014-cü il müharibəsi sona çatmışdı. Müharibə zamanı, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin üç agenti Vladimir Kamarivski, Dimitri Mayakovski və Kiril 13 noyabrda İranın Xalqın Azadlığı və Müqaviməti ( XAM, ) hərbi qruplaşmasının yerləşdirdiyi nüvə silahlarını dayandırmaq üçün Paris şəhərinə gedirlər. XAM qüvvələri tərəfindən aldadılandan sonra, "EURONEXT" bankında yerləşən nüvə silahı partlayır və 80 min insanın ölümüylə nəticələnir. Rus agentlərinin Paris hadisələrində iştirak etməsi Fransanın və müttəfiqi ABŞ-nin Rusiya ilə olan münasibətlərinin gərginləşməsi ilə nəticələnir. Oyunun əsas süjeti bu hadisələrdən 6 il sonra, 2020-ci ildə keçir. Çinli Admiral Çan Vey ABŞ-ni ölkədə baş verən siyasi hadisələrin səbəbkarı olaraq göstərərək hökuməti devirmək istəyir. Buna əlavə olaraq, Çan Vey Rusiya ilə müttəfiq olaraq ABŞ-ni məhv etmək arzusundadır.
Hekayə "Tombstone" () dəstəsi Azərbaycanın paytaxtı olan Bakı şəhərinə gedib önəmli məlumatları toplamaqla vəzifələndirilir. Rusiyanın Xüsusi Təyinatlı Qüvvələri tərəfindən izlənilən dəstə tikinti işləri aparılan bir göydələnin təpəsində yerləşən ekstraksiya helikopterinə getməlidir. Bu zaman, onlar çoxlu kiçik atışmalara qoşulurlar. Binaya çatanda Rusiyanın bir hücum helikopterinin atəşinə məruz qalır. Helikopterin atəşi tərəfindən zərərlənən bina uçur və nəticədə ekstraksiya helikopteri məhv olur. Bunlara əlavə olaraq, dağıntıların altında qalan dəstə rəhbəri Dannın ayağı kəsilir. Bu zaman azərbaycanlı bir turizm işçisi "Tombstone" dəstəsinə yardımın etmək üçün gəlir və onlara öz maşınını verir. Dəstə ərazidən qaçmağa çalışarkən həmin hücum helikopteri onları izləyirdi. Bunu görən Reker helikopteri qumbaraatanla məhv edir, ancaq maşını sürən Reker yoldan çıxır və maşını dənizə sürür. Yavaş-yavaş dənizə batan maşında oturan əsgərlər maşından çıxmağa çalışırlar. Bu zaman, stulların arasında qalan və kritik şəkildə yaralanan Dann Rekerə öz tapançasını verir. Reker dəstə komandirinin əmri ilə maşının şüşəsinə atəş açır. O, Pak və Ayriş Dannı arxada qoyaraq maşından qaçır. Əldə edilən məlumatlarda Admiral Çan Veyin Çində hərbi hökumət çevrilişi təşkil etməyə çalışdığı yazılır. Kapitan Qarrisonun başçısı Orakl Birləşmiş Ştatların bu məlumatları bildiyini açıqlayır.
"Tombstone" dəstəsinin üzvləri Çinin şərq sahillərinə gedən "Valkiriya" universal desant gəmisinə qayıdır. Burada Qarrison onlara Çin Prezidentliyi üçün namizədliyini irəli sürən Cin Cenin qətli və Çan Veyin çinliləri ABŞ-nin bu hadisənin səbəbkarı olduğuna inandıra bilməsi barədə məlumat verir. Daha sonra o, "Tombstone" dəstəsini Şanxay şəhərinə, üç vacib şəxsi – MKİ agenti Koviç, Hanna və onun ərini xilas etməyə göndərir. Bu zaman Reker dəstənin komandiri seçilir. "Tombstone" dəstəsi həmin şəxsləri ekstraksiya helikopterinə mindirir və oradan qaçqın qayığı vasitəsilə qaçır. Bu vaxt, şəhərdə bir elektromaqnit impuls aktivləşdirilir və ərazidəki bütün elektrik avadanlığı xarab olur. Qaçqınların öldürüləcəyini anlayan Ayriş onları "Valkiriya" gəmisinə aparır. Gəmiyə minəndə, Kapitan Qarrison gəminin istiqamətini "Titan" adlı bir "Nimits" tipli təyyarədaşıyanına doğru çevirir. Təyyarədaşıyana çatanda onun Çin ordusu tərəfindən zədələndiyi aşkar edilir. Buna görə də, Qarrison "Tombstone" dəstəsini və Koviçi sağ qalanları və önəmli məlumatları qurtarmaq üçün "Titan" təyyarədaşıyanına göndərir.
Dəstənin üzvləri gəmidə bir sərt disk tapır. Bu diskdə Çin qoşunlarının "Titan" təyyarədaşıyanına hücum etdiyi haqda məlumat verilir. Həddindən artıq zədələnən "Titan" iki yerə bölünür. "Tombstone" dəstəsinin üzvləri təyyarədaşıyanı tərk etməli olur və onlar bir hücum qayığı qarət edirlər. Onlar Çin qüvvələri tərəfindən mühasirəyə alınan "Valkiriya" gəmisinə gedirlər. Dəstə Çin qüvvələrini dəf etməyə çalışdığında Koviç kritik şəkildə yaralanır. Koviç ölməzdən əvvəl Rekeri dəstə komandiri seçir. Daha sonra, "Tombstone" dəstəsinin üzvləri kapitan körpücüyünə gedir və Qarrisonu xilas etmək üçün çinli əsgərləri öldürür.
Bu zaman Qarrison dəstə üzvlərinə ABŞ Silahlı Qüvvələrinin Çinin havadakı dominantlığını məhv etmək üçün Çin ordusunun nəzarəti altında olan Sinqapur Aerodromuna hücum ediləcəyini deyir. Hanna "Tombstone" dəstəsinə könüllü olaraq qoşulur, ancaq Ayriş buna dilxorluq edir.. ABŞ tanklarının və digər hərbi dəstələrinin dəstəyi ilə onlar sahilə müvəffəqiyyətlə hücum edirlər, fəqət bu gedişatda qüvvələrinin çox hissəsini itirirlər. Aerodroma gedən körpüdən keçəndə Reker güclü külək tərəfindən aparılan maşına ilişir və dəstənin digər üzvlərinin səyi ilə qurtulmağa çalışır. Bu vaxt, nəhəng bir yük gəmisi körpüyə toxunur, bu isə dəstənin üzvlərinin dənizə atılması ilə nəticələnir. Onlar bu qəzadan sağ çıxırlar və aerodroma kanalizasiya vasitəsilə gedirlər. Pak siqnal silahından atəş açır və onlar çinlilərin nəqliyyat vasitələrindən istifadə edərək ərazidən qaçmağa cəhd göstərirlər. Buna baxmayaraq, onların bu cəhdi ABŞ Hərbi Hava Qüvvələrinin əraziyə atəş açmasına görə uğursuz olur. Bu, Pakın zahirən ölümünə, Reker və Ayrişinsə ciddi şəkildə yaralanmasına səbəb olur. Hanna Çin qoşunlarını "Tombstone" dəstəsinin üzvlərini əsir almaq üçün gətirir və beləliklə, dəstəyə xəyanət edir. Çinlilər Reker və Ayrişi Kunlun dağlarında yerləşən bir həbsxanaya göndərir və onlar barədə istintaq aparırılar. Bir nəticə tapa bilməyən Admiral Çan Vey və yüksək rütbəli Çin Dövlət Təhlükəsizlik Nazirliyi işçisi Bohay Reker və Ayrişə fiziki və psixoloji işgəncə verməyə başlayır. Yenə bir nəticə tapa bilməyən çinlilər onların hər birini ayrı-ayrı türmə kameralarına atırlar.
Reker keçmiş Rusiya Baş Kəşfiyyat İdarəsi agenti və rus əsilli məhbus "Dima" ləqəbli Dimitri Mayakovski tərəfindən yuxudan oyadılır. Dimitri altı il əvvəl baş verən Paris hadisələrinin bir nəticəsi olaraq, hələ də radiasiyadan əziyyət çəkirdi. Reker və Dimitri kameralarından qaçırlar və digər məhbusları buraxaraq kütləvi bir qiyama səbəb olurlar. Buraxılan məhbusların arasında Ayriş də var idi. Onlar üçü həbsxanadan qaçmağa cəhd göstərirlər. Həbsxananın darvazasına çatanda Hanna, Bohay və digər əsgərlər tərəfindən tutulur. Hanna çinli əsgərlərə atəş açır və onları öldürür. O, Reker və Ayrişa özünü Hannanın əri kimi göstərən Cin Ceni qorumaq üçün xəlvət bir tapşırığı yerinə yetirməli olduğunu başa salır.. Dəstə Kunlun dağlarından vuruşa-vuruşa keçərək bir funikulyor vaqonuna minirlər. Bu zaman bir hücum helikopteri vaqona atəş açır və tramvayı məhv edir. Nəticədə, Reker, Ayriş və Hanna yaralanır, Dimitri isə həlak olur.
Yollarına piyada davam etməyə məcbur olan "Tombstone" dəstəsinin üzvləri sağ qalmaq üçün ovçuluqla məşğul olurlar. Yolda onlar bir "Jeep" avtomobili tapırlar və Qaşqar şəhərinə gedirlər. Dəstənin üzvləri şəhərə çatanda onun Çin və Rusiya əsgərləri tərəfindən mühasirəyə alındığını görürlər. Onlar yollarına vuruşa-vuruşa davam edirlər. Axırda, onlar Qaşqardakı ABŞ quru qoşunlarına komandirlik edən Mayor Qrinlendi tapırlar. O, səyyar bir hava hücumundan müdafiə sisteminin ABŞ qüvvələrini əlverişsiz vəziyyətdə qoyduğunu deyir. "Tombstone" könüllü olaraq, Qaşqar dambasını partlatmağa və nəticədə ərazidə nəhəng bir daşqın yaradaraq Çin və Rusiya qoşunlarını demilitarizasiya etməyə gedirlər. Buna əlavə olaraq, Mayor Qrinlend "Tombstone" dəstəsinin üzvləri bu tapşırıqlarında müvəffəqiyyətli olasar, onları "Valkiriya" gəmisinə göndərəcəkdi. Onlar əsgərlərlə dolu dambaya hücum edirlər və dambanın açar nöqtələrinə partlayıcı qurğular yerləşdirirlər. Dəstə üzvləri dambanı partladırlar və ərazidən qaçırlar. Mayor Qrinlend söz verdiyi kimi onları bir Lockheed AC-130 Spectre qanşipinin "Fulton" idarə olunan çıxarma sistemi vasitəsilə "Valkiriya" gəmisinə, Süveyş kanalına göndərir.
"Valkiriya" gəmisinin yaxınlıqlarına çatan zaman onlar paraşütlə mühasirə altındakı gəmiyə minirlər. "Tombstone" ABŞ qüvvələrinə çinliləri dəf etməkdə kömək edir. Daha sonra, onlar gəminin tibb bölməsində Qarrisonu, mülki şəxsləri, əsgərləri və Pakı tapırlar. Pak Sinqapur əməliyyatında həlak olmadığını, sadəcə kəskin şəkildə yaralandığını deyir. Çin və Rusiya qoşunları bölməyə olan qapını qırırlar və hər kəsi dustaq alırlar. Bu zaman Cin Ce öz sifətini çinlilərə göstərir. Çinlilər və ruslar Cin Cenin öldüyünə inanırdılar. Çinlilər rəhbərlərinin ölməməsi xəbərini qeyd edirlər və onların komandiri Admiral Çan Veyi "vətən xaini" elan edir. Bunu eşidən Admiral Çan Vey, ona sadiq olan hərbçilərin idarə etdiyi hərbi gəmisiylə "Valkiriya" gəmisini mühasirəyə alır. O, Cin Cenin sağ olması xəbərinin yayılmasını istəmirdi, çünki bu onun edamı ilə nəticələcəkdi. "Valkiriya" gəmisinin bütün hərbi avadanlıqlarının istifadəsiz olması və silah-sursatının bitməsi gəmini çarəsiz buraxmışdı. Reker, Ayriş və Hanna, yenə könüllü bir şəkildə, düşmən gəmisini bir-başa məhv etməyə gedir. Onlar hərbi gəminin kor nəqtəsinə qayıqla gedirlər. Daha sonra, "Tombstone" gəmiyə partlayıcı qurğular yerləşdirirlər və abordaj qarmağı ilə təhlükəsiz bir yerə çıxırlar. Qurğuları partladan cihaz işləmir və qurğuların əl ilə yenidən yerləşdirilməsi şərt olur. Hanna bunu etməyə könüllü olur, Ayriş isə onu dayandırır. O, Çin xalqının Hannaya ehtiyacı olduğunu irəli sürür. Burada Rekerin üç seçimi olur. Hannanı yollamaq, Ayrişi yollamaq və ya heç nə etməmək. Üçüncü seçimin bir nəticəsi olaraq, "Valkiriya" gəmisindəki hər kəs ölür və Amerika Birləşmiş Ştatları müharibədə məğlub olur. İlk iki seçimdən biri seçilsə, Reker cihaz yaşıl rəngi göstərən zaman partlayıcı qurğuları aktivləşdirir, bu isə qurğuları yenidən yerləşdirəni öldürür. Bir ABŞ xilasetmə helikopteri Rekeri və geridə qalan silahdaşını qurtarır və Qarrisona dəstənin bir üzvünün itkin düşdüyünü xəbər verir.
Personajlar Oyunçu "Rek" ləqəbli Serjant Daniel Rekeri idarə edir. Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" () dəstəsinin bir üzvüdür. Dəstənin keçmiş komandiri Ştab-serjant Uilyam Dann idi. Dəstənin ikinci dərəcəli komandiri "Ayriş" ləqəbli Ştab-serjant Kimbl Qreyvs, hərbi həkimi isə "Pak" ləqəbli Serjant Kleyton Pakovskidir. Daha sonra, "Tombstone" hərbi dəstəsinə "Agent U." ləqəbli ABŞ-yə bağlı MKİ operativi Laslo Koviç və özünə "Hanna" təxəllüsünü götürən Çin Dövlət Təhlükəsizlik Nazirliyi agenti Huan Şu qoşulur.