Hüseyn Abbas oğlu Abbaszadə () — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991).
Həyatı Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.
Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbaszadə qələminin məhsulu olan memuarlarda və publisistik məqalələrdə XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları öz əksini tapmışdır. Onun Azərbaycan Yazıçılar İttifaqının katibi kimi uzun illər müasir ədəbi prosesin təşkili sahəsində əməyi də təqdirəlayiq olmuşdur.
Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.
Mükafatları Ordenlər "Qırmızı ulduz" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 19.11.1982 I dərəcəli "Böyük Vətən müharibəsi" ordeni — 11.03.1985 "Şöhrət" ordeni — 22.11.1997 "H. A. Abbaszadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1997-ci il tarixli, 642 nömrəli Fərmanı
Fəxri adlar Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikasının xalq yazıçısı — 03.06.1991
Yaradıcılığı
Kitabları General (1962) Ləpədöyəndə (1965) Onu tanımadılar (1967) Qapı döyülür Burulğanlar (1979) Çəmbərəkənd balladası (1982) Dünyadan gör necə insanlar gedib (2000) Qayıdanlardan biri (2003)
Əsərləri Əlibalanın ağır səfəri Tələ Burulğanlar Dünyadan gör necə insanlar gedib Qayıdanlardan biri Ləpədöyəndə Qaradağ əhvalatı Evə kölgə düşür Qapı döyülür Mənsur
Müharibə mövzusuna həsr olunan əsərləri Onu tanımadılar Şokalad paylayan qız Uzaqdan gələn qonaq Dörd bazar günü Haradansınız, müsyö Abel? Barıt iyi
Filmoqrafiya Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Azərbaycan jurnal redaktorları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları