Ələddin Paşa () — Osmanlı şahzadəsi, I Osmanın oğullarından biri və I Orxanın qardaşı, Osmanlı imperiyasının ilk vəziri.

Həyatı Ələddin bəyin həyatı haqqında Osmanlı dövlətinin quruluş dövrünə aid mənbələrdə az məlumat vardır. Onun doğum tarixi, anasının kimliyi və I Orxandan böyük və ya kiçik olması dəqiq məlum deyil. Bəzi mənbələrdə anası Rəbia Bala Xatun, bəzi mənbələrdə isə Malhun Xatun kimi göstərilir.

Osmanlı salnamələrinə görə, I Osmanın ölümündən sonra hakimiyyət məsələsi müzakirə olunmuş, Ələddin bəy isə taxt iddiasından imtina edərək qardaşı I Orxanın hakimiyyətini qəbul etmişdir.

Dövlət fəaliyyətində rolu Bəzi mənbələrə görə, Ələddin bəy bir müddət Bursa yaxınlığındakı Fodra kəndində dərviş həyatı yaşamış, daha sonra I Orxanın dəvəti ilə dövlət idarəçiliyində iştirak etmişdir.

Ələddin bəyin Osmanlı dövlətinin ilk vəziri olub-olmaması mübahisəlidir. Bir sıra mənbələr onu ilk Osmanlı vəziri kimi təqdim etsə də, bəzi tarixçilər ilk vəzirin I Osmanın oğlu Ələddin bəy deyil, başqa bir şəxs — Hacı Kəmaləddin oğlu Ələddin paşa olduğunu qeyd edirlər.

Yerli rəvayətlərdə orduda ağ börk istifadəsinin tətbiqi, daimi piyada və müsəlləm birliklərinin yaradılması, divan təşkilatının formalaşması və sikkə zərbi kimi yeniliklər Əlaəddin bəyin adı ilə əlaqələndirilir. Lakin bu məlumatların bir hissəsi tarixşünaslıqda mübahisəli hesab olunur.

Ailəsi Ələddin bəy Balad adlı şəxsin qızı ilə evlənmişdir. Bu nikahdan Kılıç bəy, Hızır bəy, Mehmed bəy, İbrahim bəy, Şahi Çələbi, Taci Xatun, Ayşə Xatun və Paşa Xatun adlı övladları olmuşdur.

Tikinti fəaliyyəti Ələddin bəyin Bursada bir məscid inşa etdirdiyi bildirilir. Ələddin paşa məscidi Bursada tikilmiş ilk məscidlərdən biri hesab olunur.

Mənbələrdə onun Kükürtlüdə təkkə tikdirdiyi də qeyd olunur, lakin bu tikilinin sonrakı taleyi barədə dəqiq məlumat yoxdur.

Vəfatı Ələddin bəyin ölüm tarixi və səbəbi dəqiq məlum deyil. Bəzi mənbələr onun 1333-cü ildə Bursada vəfat etdiyini bildirir. Ölümündən sonra I Osmanın türbəsində dəfn olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Osmanlı sədrəzəmləri Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:Osmanlı paşaları