Əli Vulkan, Ali Volkan və ya Ali Usta () — azərbaycanlı şair, folklorçu, siyasi mühacir.

Azərbaycan Cümhuriyyəti dövründə Gəncədəki üçüncü piyada alayında xidmət edib. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və yaralanıb. Üsyanda iştirak etdiyi üçün həbs olunub. Həbsdən qaçıb və bir müddət sonra Qaraqoyunlu üsyanında iştirak edib. 1924-cü idlə Türkiyəyə mühacirət edib.

Mühacirətdə olduğu dövrdə "Yeni Kafkasya", "Kurtuluş", "Azerbaycan", "Türk Birliği", "Kırım", "Kuzey Kafkasya", "Emel" kimi jurnallarda şeirləri, məqalələri, xatirələri çap olunub. 1939-cu ildə "Azərbaycan xalq şərqi və maniləri" adlı kitab hazırlayıb.

Həyatı

Azərbaycanda Əli Volkan 1887-ci ildə Nardaran kəndində anadan olub.

Azərbaycan Cümhuriyyəti dövründə 1919–1920-ci illərdə Milli Ordunun Gəncədəki üçüncü piyada alayında xidmət edib. 1920-ci ildə Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və yaralanıb. Üsyan yatırıldıqdan sonra Gürcüstan Demokratik Respublikasına gedib. Gürcüstan DR bolşeviklər tərəfindən həbs olunduqdan sonra təslim olub və həbs edilib. 3 aydan sonra həbsdən buraxılıb və orduda xidmətə başlayıb. Gürcüstanda Lağıdağı ərazisində xidmət edib. Xidmət etdiyi müddətdə malyariya tutub və müalicə olunmaq üçün Vladiqafqaza göndərilib. Ordudan tərxis olunduqdan sonra Bakıya gedib. Gəncə üsyanında iştirak etdiyi üçün yenidən həbs olunub və Bayıl həbsxanasında cəza çəkib. Daha sonra həbsdən qaçıb və özünə saxta pasport təmin etdikdən sonra bir neçə müddət Kürdəmirdə işləyib. Bir müddət sonra Qaraqoyunlu kəndinin ərazisində sovet işğalına qarşı baş vermiş üsyanda iştirak edib. 1924-cü ildə Gürcüstandan keçməklə Türkiyəyə mühacirət edib.

Mühacirətdə Türkiyədə yenidən hərbi xidmət keçib. 1925-ci ildə Türkiyə vətəndaşlığı alıb. Mühacirətdə ikən yaradıcılıqla məşğul olub. "Usta" və "Volkan" təxəllüslərindən istifadə edib. "Yeni Kafkasya", "Kurtuluş", "Azerbaycan", "Türk Birliği", "Kırım", "Kuzey Kafkasya", "Emel" kimi jurnallarda şeirləri, məqalələri, xatirələri çap olunub. Türkiyənin müxtəlif bölgələrində yaşayıb. Qara dəniz Ereğli, Alucra, Adapazarı, Bartın və İstanbulda yaşayıb. Bir müddət Türkiyə Kömür Mədənlərinin Alaplı ilçəsində yerləşən mədənlərində işləyib. 1939-cu ildə "Azərbaycan xalq şərqi və maniləri" adlı kitab hazırlayıb. Bu kitabda Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib.

1981-ci il avqustun 2-də İstanbulda vəfat edib. Ölümündən sonra Azərbaycan Kültür Dərnəyinin sədri olmuş Feyzi Aküzüm "Azerbaycan" dərgisində vəfatı barədə məqalə yazıb. Krım türklərinin çıxardığı "Emel" dərgisində onun haqqında nekroloq dərc edib.

Ailəsi Əli Vulkan 1930-cu ildə ailə qurub. 1932-ci ildə Azər, daha sonra Tomris və Nərgiz adlı uşaqları olub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Gəncə üsyanının iştirakçıları Kateqoriya:Sovet işğalına qarşı döyüşənlər