Asəf Abbasqulu oğlu Nadirov () — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989).

Həyatı Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946–1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır.

Əmək fəaliyyəti Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956–1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır.

1958–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964–1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.1980–1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990–1998-ci illərdə isə sədri olmuşdur.

Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur. Daha sonra 1997–2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının müşaviri kimi fəaliyyət göstərmişdir. O, 2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü təyin edilmişdir. 2007-ci ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri təyin edilən Asəf Nadirov ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.

Asəf Nadirov 1966–1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri "İqtisadiyyat" seriyasının baş redaktor müavini olmuşdur. Daha sonra 1981-ci ildən həmin jurnalın baş redaktoru vəzifəsini icra etmişdir.

Elmi fəaliyyəti Asəf Nadirov 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş və 1956-cı ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını bitirmişdir. O, "Naxçıvan MSSR: İqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildə "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.

Asəf Nadirov 1970-ci ildə professor elmi adı verilmişdir. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Akademikin Asəf Nadirovun rəhbərliyi ilə 50-dən çox elmlər namizədi və 6 elmlər doktoru hazırlanmışdır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Asəf Nadirov 600-ə yaxın araşdırmanın, həmçinin 20-dən çox kitab, monoqrafiya, metodik material və dərsliyin müəllifidir.

Kitabları "Sosialist istehsalının yerləşdirilməsi" (Bakı, 1965); "Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri" (Bakı,1966); "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" (Bakı, 1976); "Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri" (Bakı, 2001); "Azərbaycan iqtisadiyyatı" (Bakı, 2003);

Ölümü Asəf Nadirov 14 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Nailiyyətləri Asəf Nadirovun əsərləri Türkiyədə, Rusiyada, MDB ölkələrində, Almaniyada, Fransada, Hindistanda, Yunanıstanda və s. ölkələrdə nəşr olunmuşdur. Türkiyə, Almaniya, Fransa, ÇXR, Hindistan, Yuqoslaviya, Yunanıstan, Avstriya, İran və s. keçirilmiş beynəlxalq, həmçinin ittifaq əhəmiyyətli konqres və simpoziumlarda məruzə etmişdir.

Mükafatları Asəf Nadirov Azərbaycan Respublikasının ali mükafatları olan "Şərəf"(2009) və "Şöhrət"(2004) ordenlərinə, bir çox medallara, fəxri fərmanlara layiq görülmüşdür. 2012-ci ilin oktyabr ayının 16-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitində İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatını alan ilk azərbaycanlı kimi tarixə düşüb

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Şərur rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan coğrafiyaşünasları Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər