Arzu Yusif oğlu Rəhimov () — Azərbaycan hərbi və dövlət xadimi, general-polkovnik (2021), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007).

Həyatı Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur.

Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, hərbi hissə komandiri və digər vəzifələrdə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir.

2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdir. 4 dekabr 2023-cü ildə hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Arzu Rəhimova 30 iyul 2004-cü ildə general-mayor, 1 mart 2012-ci ildə general-leytenant, 2 fevral 2021-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilmişdir. Həmçinin 17 mart 2010-cu ildə, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində olarkən ona II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Arzu Rəhimov ailəlidir. 2 övladı var.

Təltifləri Arzu Rəhimov Azərbaycan Prezidentlərinin fərmanlarına və sərəncamlarına əsasən Azərbaycanın orden və medalları ilə təltif edilmişdir.

"Hərbi xidmətlərə görə" medalı — 16 avqust 2002 "Vətən uğrunda" medalı — 15 avqust 2005 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 12 fevral 2018 "Qarabağ" ordeni — 9 dekabr 2020

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın dövlət xadimləri