Sultan Murad mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar () — XIX əsrdə yaşamış Qacar şahzadəsi, vali və hərbi sərkərdə. Taxt-tac varisi Abbas Mirzənin oğlu olan Murad Mirzə siyasi fəaliyyəti boyunca müxtəlif bölgələrdə, o cümlədən beş dəfə Xorasan vilayətində vali vəzifəsində çalışmışdır.
Tarixi mənbələrdə ilk dəfə atasının ömrünün son illərində Qaradağ valisi kimi qeyd olunur. 1837-ci ildə qardaşı hökmdar Məhəmməd şah Qacarın (1834–1848) əmri ilə Baxtiyari bölgəsində baş vermiş üsyanı yatırmaq üçün göndərilmişdir. 20 oktyabr 1848-ci ildə Nasirəddin şah Qacarın taxta çıxmasından sonra Xorasan vilayətindəki Həsən xan Saların qiyamını yatırmaq üçün təyin olunmuşdur. Bu üsyan Qacar sülaləsi daxilində baş verən hakimiyyət mübarizəsi idi. Qışın sərt keçməsi hərbi yürüşün gedişini ləngitmişdi, lakin Murad Mirzə 1850-ci ildə vilayətin paytaxtı Məşhədi ələ keçirərək uzun sürən tayfa müqavimətinə son qoymuş və şah hakimiyyətini bərpa etmişdi. Qələbədən sonra Həsən xan Salar və onun müttəfiqləri edam olunmuş, Murad Mirzəyə "Hissam əs-Səltənə" ("Səltənətin qılıncı") titulu və Xorasan valiliyi verilmişdi.
Murad Mirzə Qacar dövlətinin bölgədəki nüfuzunu artırmaq və tayfa başçıları ilə münasibətləri gücləndirmək üçün fəaliyyət göstərmiş, 1852-ci ildə Sərəxs, 1853-cü ildə isə Mərv şəhərlərində hakimiyyətini möhkəmləndirmişdi. Həmin dövrdə Herat rəsmi olaraq Qacarların nəzarətində olsa da, idarəetmə zəif idi və bu səbəbdən Herat strateji əhəmiyyət daşıyırdı. 1852-ci ilin yazında Məhəmmədzaylar sülaləsinə mənsub Sərdar Kuhəndil xan Herata yürüş etdikdə, Qacar qoşunları onu geri çəkilməyə məcbur etmiş və qısa müddətə Herat qalasını ələ keçirmişdilər. Lakin Britaniya bu hadisəni bölgədə Rusiyanın nüfuzunun artması təhlükəsi kimi qiymətləndirmiş və 1853-cü ilin yanvarında Qacarları Heratın daxili işlərinə qarışmamağa və yalnız xarici hücum olacağı təqdirdə hərbi qüvvə yerləşdirməyə məcbur etmişdi.
Bu razılaşma gələcəkdə baş verəcək qarşıdurmalar üçün zəmin yaratdı və nəticədə 1856-cı ildə İkinci Herat müharibəsi baş verdi. 15 sentyabr 1855-ci ildə Səid Məhəmməd xan devrildikdən sonra Dürrani sülaləsinə mənsub şahzadə Məhəmmədyusif Mirzə Dürrani Herat uğrunda mübarizədə Qacar dövlətindən kömək istədi. Lakin onun əleyhinə olan Kuhəndil xanın qardaşı, Dost Məhəmməd xan Britaniya tərəfindən Əfqanıstanın bütün ərazisinin hökmdarı kimi tanındı. Bu addım Qacarların Herat üzərindəki iddialarını zəiflətmək məqsədi daşıyırdı. Qacar dövlətinin dəstəyinə olan ümidini itirən Məhəmmədyusif Mirzə daha sonra Britaniyanın tərəfinə keçdi.
1856-cı ilin aprelində Murad Mirzə 30 min nəfərlik ordu ilə Heratı mühasirəyə aldı. Aylarla davam edən müqavimətə baxmayaraq, ərzaq çatışmazlığı səbəbilə şəhər 25 oktyabr 1856-cı ildə təslim oldu. Bu hadisə 1853-cü il razılaşmasının pozulması kimi qiymətləndirildi və 1 noyabr 1856-cı ildə Britaniya Qacar dövlətinə qarşı müharibə elan etdi.
Xəzinənin boşalması və siyasi böhran təhlükəsi qarşısında qalan Qacar hökuməti 4 mart 1857-ci ildə Paris müqaviləsini imzalamağa məcbur oldu. Bu müqaviləyə əsasən, Qacarlar Heratı tərk etməli və Əfqanıstan üzərindəki bütün iddialarından imtina etməli idi.
Bu hadisələrdən sonra Murad Mirzə müxtəlif inzibati vəzifələrdə fəaliyyətini davam etdirdi. O, Fars vilayətinin valisi vəzifəsini iki dəfə – 1859–1861 və 1865–1868-ci illərdə icra etmişdi. Beşinci dəfə Xorasan valisi təyin edildiyi zaman isə vəfat etmiş və Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn olunmuşdur.
Həyatı
Erkən illəri 1818-ci ildə anadan olan Murad Mirzə Qacarlar sülaləsinə mənsub şahzadə və taxt varisi Abbas Mirzənin on üçüncü oğlu idi.Abbas Mirzə 1832-ci ildə xəstəlik səbəbilə vəfat etmişdi.Murad Mirzə tarixi mənbələrdə ilk dəfə atasının son illərində Qaradağ valisi kimi qeyd olunur.1837-ci ildə qardaşı Məhəmməd şah Qacar onu Baxtiyari bölgəsində baş qaldıran üsyanı yatırmaq üçün göndərmişdi.
1848-ci il oktyabrın 20-də Nasirəddin şah Qacar taxta çıxdıqdan sonra Murad Mirzəyə 7 minlik ordu verilmiş və Xorasan vilayətində Həsən xan Saların başçılıq etdiyi üsyanı yatırmaq tapşırılmışdı. Bu mübarizə Qacarların Davalu qolunun daxili münaqişəsi idi.
Murad Mirzə Tehrandan hərəkətə başlasa da, güclü şaxta və qar səbəbilə irəliləyə bilmədi. Əsgərlərinin sağ qalması yalnız kürd Zəfəranlu tayfasının başçısı Səm xan İlxaninin yardımı sayəsində mümkün oldu. 1848–1849-cu ilin qışında Xorasan valisi Həmzə Mirzə Hişmətüd-Dövlə Məşhəddən qovulduqda, Qacarların bölgəyə nəzarəti demək olar ki, tamamilə itmişdi.
Murad Mirzə 1849-cu ilin yazında yavaş-yavaş irəliləməyə başladı və Tərşiz, Turbət Heydəriyə, Cövhəyn və Səbzəvar şəhərlərini ələ keçirdi. 1849-cu ilin iyununda Məşhədi mühasirəyə aldı. Məşhəddəki əhali və Əfşar, Həzara və Türkmən icmalarının bəzi liderləri ilk vaxtlarda Həsən xan Saları dəstəkləyirdilər. Murad Mirzəyə kömək üçün göndərilmiş Qacar hərbi alayına Həsənəli xan Qərrusi rəhbərlik edirdi.
Məşhəd əhalisi Həsən xanı o qədər dəstəkləyirdi ki, dilənçilər belə şəhəri müdafiə etmək üçün silahlanmışdılar. Lakin o, oktyabr ayında İmam Rza ziyarətgahındakı 22 min tümən dəyərində qızıl və gümüş əşyaları əridərək xərclərinə sərf etdiyi üçün nüfuzunu itirdi. 1850-ci ilin əvvəllərində şəhərdə ərzaq qıtlığı və qiymət artımı ilə bağlı şikayətlər artdı. Nəhayət, 23 mart 1850-ci ildə Həsən xan Saların müttəfiqləri – Kərimdad xan Həzara, Abbasqulu xan Dərgəzii və Uraz xan Toqtamış Sərəxsi Murad Mirzənin ordusuna şəhərə daxil olmaq üçün şərait yaratdılar.
Həsən xan Salar əvvəllər nüfuzlu din xadimlərinə qarşı sərt münasibət bəslədiyindən İmam Rza ziyarətgahında sığınacaq tapa bilmədi və Murad Mirzəyə təslim oldu. O, 29 aprel 1850-ci ildə qardaşı Məhəmmədəli xan Davalu və oğlu Əmiraslanla birlikdə edam edildi. 21 may 1850-ci ildə isə Murad Mirzənin Səbzəvarı ələ keçirdiyi vaxt əsir düşən digər qardaşı Mirzə Məhəmməd xan Bəylərbəyi Tehranda edam olundu.
Xorasan valisi kimi Məşhəd şəhəri yenidən Qacarların nəzarətinə keçdikdən sonra Murad Mirzə Xorasan valisi təyin edildi. Bu uğuruna görə, Nəsirəddin şah ona "Hissam əs-Səltənə" ("Dövlətin qılıncı") fəxri adını təqdim etdi və onu qılınc və dövlət nişanı ilə təltif etdi.
Murad Mirzənin Xorasan valiliyinin birinci dövründə əsas məqsədi Herat və şimal sərhədləri boyunca Qacar nüfuzunu gücləndirmək idi. Onun tayfa rəhbərləri arasından seçdiyi müttəfiqlər Qucan, Dərgəz və Bocnurd kimi mühüm bölgələrdə yerli hakimiyyətin möhkəmləndirilməsində mühüm rol oynadılar. Həsən xan Saların üsyanı zamanı sədaqətli mövqe sərgiləmiş Səm xan İlxani sonrakı illərdə dəfələrlə Qacar hökumətinin hərbi əməliyyatlarında iştirak etdi: 1851-ci ildə türkmənlərə qarşı səfərdə, 1852-ci ildə Herat məsələsində, 1854-cü ildə Xivə xanlığının hücumuna qarşı Sərəxsin müdafiəsində və 1856-cı ildə baş vermiş İkinci Herat müharibəsində. Onun atası Rzaqulu xan Zəfəranlu 1820-ci illərdə Qacar hakimiyyətinə qarşı çıxmışdı, bu səbəbdən Səm xan İlxaninin mərkəzi hakimiyyətə bağlılıq nümayiş etdirməsi siyasi dairələrdə gözlənilməz və diqqətçəkici hesab edilirdi.
Murad Mirzənin digər əhəmiyyətli tayfa müttəfiqləri arasında Dərgəz və daha sonra Mərv valisi olmuş Abbasqulu xan Dərgəzi, eləcə də əvvəllər Həsən xan Saların tərəfdarı olmuş, lakin 1854-cü ildə Cacərm, Nərdin və Astarabad bölgələrinin valisi təyin edilmiş Cəfərqulu xan Şadillu yer alırdı.
Murad Mirzənin diqqətini ilk cəlb edən bölgə Herat olmuşdu. Qacar dövləti Heratı öz siyasi və tarixi ərazisi hesab edir, onu Qacarın "mühafizə olunan torpaqları"ndan biri kimi qiymətləndirirdi. Lakin bu bölgədə anti-Qacar əhval-ruhiyyəsi güclü idi və eyni zamanda Britaniyanın Əfqanıstandakı nüfuzu artmaqda idi. Britaniya Şərqi Hindistan Kompaniyası əvvəllər Heratın Qacar nəzarətində qalmasını dəstəkləsə də, sonradan şəhəri Qacarla Britaniya Hindistanı arasında tampon zona olaraq saxlamağı məqsədəuyğun hesab etdi.
1851-ci ilin iyun ayında Herat hakimi Yar Məhəmməd xanın vəfatından sonra onun oğlu Səid Məhəmməd xan hakimiyyətə gəldi. Lakin atasından fərqli olaraq, o, yerli tayfa başçılarını öz iradəsinə tabe etdirə bilmədi.
1852-ci ilin mart ayında Qəndəharın Məhəmmədzay hakimi Sərdar Kuhəndil xan Herata qarşı hərbi yürüşə başladı. O, Fərah və Əsfəzar şəhərlərini ələ keçirdi və Herat sərhədlərinə yaxınlaşdı. Bu vəziyyətə cavab olaraq, Qacar hökuməti Səm xan İlxani və Abbasqulu xan Dərgəzin başçılığı ilə iki ordu təşkil etdi. Qacar qüvvələri bölgəyə yaxınlaşdıqda Kuhəndil xan geri çəkilməyə məcbur oldu. Herat qalası 1852-ci ilin may ayının üçüncü ongünlüyünə qədər Səm xan İlxaninin nəzarətində saxlanıldı, daha sonra isə şəhər yenidən Səid Məhəmməd xana təhvil verildi. Lakin Qacar qoşunları bölgədə daha üç ay fəaliyyət göstərdi.
Britaniyanın Tehrandakı diplomatik nümayəndəsi Castin Şil bu hərbi uğurdan narahat olaraq, Qacar qoşunlarının Heratdan dərhal çıxarılmasını tələb etdi. Bu tələblə Qacar-Britaniya münasibətlərində Herat üzərində yeni gərginlik mərhələsi başlandı və nəticə etibarilə bu hadisələr 1856-cı ildə İkinci Herat müharibəsinin başlanmasına gətirib çıxardı. Qacarların Heratda daimi mövcudluğu halında Rusiyanın bölgədə konsulluq açmaq ehtimalı Britaniya hökumətində ciddi narahatlıq doğururdu. Nəticədə, 1853-cü ilin yanvar ayında Britaniya baş vəzir Mirzə Ağa xan Nuriyə təzyiq göstərərək birtərəfli müqavilənin — Şil-Nuri razılaşmasının imzalanmasına nail oldu. Bu razılaşmaya əsasən, Qacar dövləti yalnız xarici hücum halında Herata qoşun yeridə bilərdi və belə halda da həmin qüvvələr dərhal bölgəni tərk etməli idi. Eyni zamanda, Qacarların Heratın daxili işlərinə müdaxilə etməsi qəti şəkildə qadağan edilmişdi. Yalnız Səid Məhəmməd xan üzərində əvvəlki siyasi təsirin qorunub saxlanmasına icazə verilirdi. Habelə Herat sikkələrində Qacar hökmdarlarının adının çəkilməsi, cümə namazlarında adlarının zikr olunması və digər siyasi itaət simvollarından istifadə olunması da qadağan edilmişdi. Razılaşma yalnız o halda qüvvədə qala bilərdi ki, Britaniya da Heratın daxili işlərinə qarışmaqdan çəkinmiş olardı.
Səid Məhəmməd xan bu razılaşmadan xəbər tutduqdan sonra Britaniya ilə əməkdaşlığa başladı. Nəticədə, Qacar dövləti onun rəqibi, Dürrani nəslindən olan Məhəmmədyusif Mirzəni dəstəkləməyə qərar verdi. Səid Məhəmməd xan Şil–Nuri razılaşmasından xəbərdar olduqdan sonra Britaniya ilə əməkdaşlıq etməyə başladı. Bu siyasi manevrdən narazı qalan Qacar dövləti isə Herat üzərində nüfuzunu qorumaq məqsədilə onun rəqibi – Dürrani sülaləsinə mənsub olan Məhəmmədyusif Mirzəni dəstəkləməyə qərar verdi.
Sərəxs və Mərvin tabe edilməsi XIX əsrin əvvəllərindən etibarən Qacar dövlətinin şərq sərhədlərində yerləşən Sərəxs və Mərv ərazilərinə Xivə xanlığının tez-tez müdaxilələri qeydə alınmışdı. Xüsusilə 1818 və 1837–1838-ci illərdə Heratla bağlı münaqişələr zamanı bu müdaxilələr daha da intensivləşmişdi. 1851–1854-cü illər arasında Xorasan valilərinin Sərəxs və Mərv üzərində ərazi iddialarını yenidən gündəmə gətirməsi Qacar dövləti ilə Xivə xanlığı arasında açıq qarşıdurma ilə nəticələndi. 1851-ci ilin iyununda Murad Mirzə Sərəxs üzərində müvəqqəti nəzarət əldə etsə də, Xivə xanlığının nümayəndəsi Mir Əhməd xan Cəmşidinin təşkil etdiyi əks tədbirlər nəticəsində bölgədə birbaşa hakimiyyət qurmaq mümkün olmadı. Sərəxs valisi Abbasqulu xan Dərgəz bir müddət sonra şəhəri tərk etmək məcburiyyətində qaldı. Lakin Xivə xanlığının bölgədəki hərbi gücü tayfa başçılarını Qacar hakimiyyətini tamamilə rədd etməyə sövq edə bilmədi. 1852-ci ilin yayında Murad Mirzə Sərəxsə qarşı yeni hərbi yürüşə hazırlaşarkən, tayfa başçısı Uraz xan Təkkə altmış türkmən əyanı ilə birlikdə Məşhədə gələrək Qacar hökumətinə tabe olduqlarını bildirdi. Onlar Murad Mirzənin ordusuna əlli nəfərlik hərbi dəstək verəcəyini, sərhədlərin qorunması üçün yüz nəfərlik mühafizə qüvvəsi ayıracağını və əlli nəfərlik girov verəcəyini vəd etdilər.