Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messier 31 (M31) və ya (Y. Dreyer kataloquna görə) NGC 224 adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Göyün Şimal yarımkürəsinin ən parlaq qalaktikası, bizim qalaktikaya, Süd Yoluna ən yaxın olanlardan biri. Yeni Ümumi Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Andromeda bürcündə adi gözlə zəif işıqlanan duman ləkəsi kimi görünür. Andromeda qalaktikası ilk dəfə ərəb astronomu as-Sufinin əsərində "kiçik buludcuq" kimi xatırlanmışdır. Bu qalaktikanı 1614-cü ildə teleskopun köməyi ilə alman astronomu Ş. Marius kəşf etmişdir. 1925-ci ildə 2,5 m-lik teleskop vasitəsilə Andromeda qalaktikası ilk dəfə ulduzlar aşkar edildikdən sonra onun ulduz təbiətli olduğu müəyyən edilmişdir. Andromeda dumanlığının bucaq ölçüləri (foto şəkillər vasitəsilə ölçülmüş) təxminən 200′×90′, xətti ölçüsü isə 40×20 kiloparsekdir (kpk). Yerdən məsafəsi 700 kpk-dir. Radioşüalarda uzunluğu, onun optik xəyalından böyükdür. Andromeda dumanlığının bizim Qalaktikaya oxşarlığı çoxdur. Bu iki ulduzlar sistemi nəhənglər sırasına aiddir, spiral quruluşludur və yaşları təqribən eynidir. Onlar qalaktikaların qruplaşma məkanına daxildirlər və onun ən iri və ağır üzvləridirlər, lakin Andromeda qalaktikası bizim qalaktikadan böyük və ağırdır. Onun morfoloji tipi Sb kimi təyin olunur, yəni bu kifayət qədər güclü sferoidal komponentli və tam inkişaf etmiş spiral qolları ilə fərqlənən spiral qalaktikadır. Andromeda dumanlığı elliptik formada görünür və nüvəsi ikilidir; onun komponentləri bir-birindən təxminən 2 pk aralıdırlar, belə ki, nüvə komponentlərindən birinin mərkəzində kütləsi təqribən 50 mln Günəş kütləsinə bərabər qara deşik mövcud olduğu ehtimal edilir. Qalaktikanın halosundə təxminən 400 kürəvi ulduz topaları müəyyən olunub, onun kənarında isə – 10 cırtdan qalaktikalar aşkar edilmişdir. Onlardan biri (M 32) elliptik, qalanları isə sferoidaldır və bunların hamısına Andromeda dumanlığının peyki kimi baxılır. Mərkəzdən 30 kpk məsafəyə qədər qaz diskinin fırlanma sürəti ilə ölçülən Andromeda dumanlığının kütləsi təxminən 3.1011 Günəş kütləsinə bərabər olmuşdur. Daha böyük məsafələrdə ulduzları və qazı müəyyən etmək qeyri-mümkündür, lakin mərkəzdən təxminən 100 kpk məsafəyədək peyklərin hərəkət sürəti ilə təyin olunan Andromeda qalaktikasının kütləsi təxminən 1012 Günəş kütləsinə bərabərdir.

Xarici keçidlər SEDS

İstinadlar

NGC 224 Kateqoriya:Andromed bürcü Kateqoriya:Antik dövrlərdən bəri bilinən astronomik cisimlər Kateqoriya:Messye cisimləri Kateqoriya:IRAS kataloqu obyektləri Kateqoriya:Uppsala Əsas Kataloqu obyektləri Kateqoriya:Morfoloji Qalaktikalar Kataloqu obyektləri Kateqoriya:Spiral qalaktikalar Kateqoriya:Qalaktikalar və Qalaktikalar Topaları Kataloqu obyektləri Kateqoriya:Barsız spiral qalaktikalar Kateqoriya:Barlı spiral qalaktikalar Kateqoriya:Yeni Ümumi Kataloq qalaktikaları