Məmmədəli Hüseyn oğlu Müsəddiq () — Azərbaycan şərqşünas, ədəbiyyatşünas və filoloq.

Həyatı Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş. M. Xiyabaninin sədaqətli silahdaşlarından idi.

Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş. M. Xiyabani 1917–1920-ci illər hərəkatına qədər 1905–1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917–1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M. C. Pişəvəri yazırdı: "Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş… Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi. Amma tüfəng atanları o ruhlandırırdı. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi".

Ş. M. Xiyabani hərəkatının əsas məqsədi İranda şah üsul-idarəsinin ləğv edilməsi və bütün vətəndaşların firavan yaşayacağı ədalətli bir cəmiyyətin yaradılması idi. O, yalnız azərbaycanlıların deyil, bütün İran xalqının azadlığı uğrunda mübarizə aparırdı. Yalnız Azərbaycan əhalisinin deyil, bütün İran xalqının azadlığı uğrunda mübarizə aparırdı.

Şeyx Məhəmməd Xiyabani hicri tarixi ilə 1297-ci ildə (miladi 1880) Təbrizin Xamənə qəsəbəsində tacir ailəsində anadan olmuşdur. Atası Hacı Əbdülhəmid 30 ilə yaxın Petrovsk (indiki Mahaçqala) şəhərində yaşadığına görə balaca Məhəmməd ilk təhsilini Xamənədə aldıqdan sonra Petrovska gəlmiş, ticarət işlərində atasına kömək etməyə başlamışdır. Təbrizə qayıtdıqdan sonra burada təhsilini davam etdirmiş, dünyəvi və dini elmlərə yiyələnmiş, rus və fransız dillərini öyrənmişdir. Sonra Xiyabani Təbrizdəki Talibiyyə mədrəsəsində astronomiyadan dərs demişdir.

Xiyabani siyasətə 1905–11-ci illər İran inqilabı dövründə qədəm qoymuş, inqilabın fəal iştirakçısına çevrilmişdir (o, Təbrizin Xiyaban məhəlləsində gedən qızğın döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə bu ləqəbi almışdı). Siyasi fəaliyyətinin ilkin dövründə Azərbaycan əyalətlərindən ikinci Məclisə nümayəndə seçilən Şeyx Məhəmməd 1909-cu ildə təşkil edilmiş İran Demokrat Partiyasına (İDP) daxil olmuşdur.

1911-ci ilin dekabrında şah rejimi bütün ölkədə demokratik qüvvələrə qarşı hücuma keçdikdə Xiyabani İranı tərk edərək Şimali Qafqaza getmişdi. 1914-cü ildə Təbrizə qayıtdıqdan sonra siyasi təqibdən yaxa qurtarmaq üçün ticarətlə məşğul olmuşdur. Eyni zamanda başçılıq etdiyi ədəbi-fəlsəfi dərnəklərdə gizli siyasi fəaliyyətini də davam etdirmişdir.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı nəticəsində çarın devrilməsi, ardınca bolşeviklərin Oktyabr inqilabı, daha sonra — 1918-ci ilin martından rus qoşunlarının İran ərazisindən çıxarılması burada demokratik qüvvələrin fəallaşmasına səbəb oldu. İndiyədək Cənubi Azərbaycanda gizli fəaliyyət göstərən siyasi təşkilatlar açıq işə keçdi. Belə təşkilatların sayları getdikcə çoxalmağa başladı. Bu təşkilatlar içərisində Məhəmməd Xiyabaninin başçılıq etdiyi İDP-nin Azərbaycan Əyalət Komitəsi daha nüfuzlu idi.

Əyalət Komitəsinin 1917-ci il avqust ayının 24-də keçirilən geniş konfransı keçirildi. Bu konfransda komitənin Təbrizdən başqa, Ərdəbil, Zəncan, Qəzvin, Gərməri, Miyana və digər şəhərlərdəki təşkilatlarından 480 nəfər nümayəndə iştirak edirdi. Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn də bu nümayəndələrin sırasında idi. Burada Azərbaycan Demokrat Partiyası (ADP) müstəqil elan edildi. Konfrans həmçinin Xiyabani başda olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi və partiyanın qarşıdakı vəzifələrini müəyyənləşdirən geniş qətnamələr qəbul etdi.

1920-ci ilin əvvəllərində mərkəzi hökumətin, onun başçısı Vüsuqüddövlənin bütün İranda, xüsusilə Cənubi Azərbaycanda cəza tədbirlərini gücləndirməsi, buraya yeni polis dəstələri göndərməsi, digər tərəfdən İrandakı ingilis komandanlığının təcrübəli zabitlərinin Təbrizdə yerləşdirilməsi, ADP üzvlərindən bir neçəsinin həbs edilməsi 8 aydan artıq hazırlanmış üsyanın başlanması üçün bilavasitə səbəb oldu. Aprelin 6-da Təbrizdə ADP-nin rəhbərliyi altında üsyan başlandı. Bununla da Ş. M. Xiyabaninin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti daha da gücləndi. Üsyanı idarə etmək üçün Xiyabaninin rəhbərliyi ilə ictimai heyət yaradıldı. İki gün ərzində demək olar ki, Təbrizdə əsas dövlət idarələri üsyançıların əlinə keçmişdi. Aprelin 7-də polis və jandarm dəstələri də silahlarını təhvil verərək, üsyançılara qoşuldu. Üsyanın rəhbərliyi Tehrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarələrindən kənar edərək Təbrizdən qovdu.

Üsyanın hərəkətveriçi qüvvələrini emalatxanalarda çalışan sənətkar və fəhlələr, xırda tacirlər və şəhər yoxsulları təşkil edirdi. Üsyanda ziyalıların, milli ticarət burjuaziyasının, liberal mülkədarların, ruhanilərin, orta və aşağı təbəqələrin nümayəndələri və Təbriz mahalının kəndliləri də iştirak edirdilər. Üsyanda iştirak etmək üçün Gərməridən gələn dəstənin içərisində Hacı Hüseyn də var idi. O, yaxınlarının onun bu hərəkatda iştirak etməsini istəməməsinə baxmayaraq, öz mübarizə yoldaşlarından ayrılmamış, vətəninin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bildirmişdi. Müsəddiqin anasından eşitdiyinə görə Hacı Hüseynin belə bir fikri var imiş ki, "əgər mən ölərəmsə, qanım tökülən torpaqlarda gələcək nəsillər, övladlarımız azad yaşayar." Hərəkatın rəhbərliyi də, başlıca olaraq, həmin zümrələrə mənsub idi. Hərbi qüvvələrin təşkilində isə sənətkarlar, fəhlə və kəndlilərin nümayəndələri əsas rol oynayırdılar.

1920-ci il sentyabrın 11-də irticaçı qüvvələr Milli hökumətin üzərinə qəfil hücuma keçdilər. Sentyabrın 12-də "Ala qapı" alındı, 14-də isə Ş. M. Xiyabani vəhşicəsinə öldürüldü. Üsyançılara amansızcasına divan tutuldu, 300 nəfərdən çox adam edam edildi, bir çoxları həbs olundu. Üsyan fəallarından olan Ş. M. Xiyabaninin, Badamçının, Gənçeynin, Abdulzadənin və başqalarının evləri qarət edildi. Evi qarət olunanlar içərisində Hacı Hüseynə qarşı daha amansız münasibət göstərildi. Məmmədəlinin atası Hacı Hüseyn Şeyx Məhəmməd Xiyabani hərəkatında yaxından iştirak etdiyinə görə, bir neçə məsləkdaşı ilə birlikdə həbs edilmiş, var-yoxları dövlət adamları və yerli mülkədarlar tərəfindən qarət olunmuşdur. Bununla kifayətlənməyən dövlət məmurları Hacı Hüseyni meydanda ayaqlarından başı aşağı asır və buradan qurtarmaq üçün ailəsindən əlavə vəsait tələb edirlər. Ailənin min bir çətinliklə topladığı pulun sayəsində həbsdən canını qurtaran Hacı Hüseyn daha bu kənddə yaşamağın mümkünsüzlüyünü görüb ailəsini də götürərək Miyana şəhərinə köçmüşdür.

İlk təhsilini Yenkicədə atasından alan kiçik Məmmədəli burada həm də molla məktəbinə getmişdir. Miyana şəhərinə köçdükdən sonra orada dövlət məktəbində təhsilini davam etdirərək orta məktəbi bitirmişdir.

İti müşahidə qabiliyyətinə, möhkəm iradəyə malik olan gənc Məmmədəlinin doğma yurduna, sevimli vətəninə olan sonsuz sevgisi onu atasının mübarizə yolunu davam etdirməyə, 1941-ci ildə Cənubda baş verən siyasi cərəyanlarda iştirak etməyə yönəltdi. Elə həmin ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edən Seyid Cəfər Pişəvəri ilə tanış olur.

S. C. Pişəvəri Cənubi Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək 1945-ci il sentyabr ayının 3-də Azərbaycan Demokrat firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat firqəsi qısa müddət ərzində Cənubi Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADf-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənin sədri seçmişdir. ADf-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.

Siyasi fəaliyyətə başladığınin beşinci ili M. Müsəddiq atası ilə birlikdə həbs olunur və bu dəfə də var-yoxları Tehran hökuməti tərəfindən talanır. Bir müddət sonra onlar azadlığa buraxılır. Atası yaşlı və xəstə olduğu üçün Məmmədəli siyasi fəaliyyətini onsuz, dostları ilə birgə davam etdirməli olur.

ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu.

Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.

İranda Azərbaycan Demokratik Respublikası qanda boğulandan sonra Arazın Qüzey tayına "mühacirət"dən başqa əlacı qalmayan Məmmədəli Müsəddiqin 1947-ci ildə Şimali Azərbaycana üz tutmasının bir sıra səbəbləri vardı. Qoca ata-anasından, ilk məhəbbəti- ömür-gün yoldaşı Xədicə xanımdan, altı aylıq qızı körpə Əşrəfdən ayrılan Müsəddiq məhkum olunduğu "ölüm hökmü"dən qaçmaq, Azərbaycanın bu tayında özünə gün-güzəran qurmaq, doğmalarını da buraya gətirmək və vətəninin azadlığı uğrunda mübarizəsini davam etdirmək istəyirdi. Düşünürdü ki, müəyyən zaman keçəndən sonra o öz mübarizə yoldaşlarını taparaq birləşəcək və yenidən siyasi fəaliyyətə başlayacaq.

Lakin onun arzuları baş tutmur.

1947-ci ildə Şimali Azərbaycana gələn Məmmədəli Müsəddiq sərhədi keçdikdən sönra Sovet Azərbaycanı hökuməti tərəfindən həbs edilərək 2 ay Lənkəranda, 1 il Astarada, bir müddət də Bakıya gətirilərək Böyük- Şor əmək-islah düşərgəsində saxlanılmışdır. Buradan azad edildikdən sonra Gəncəyə gedərək Kirovabad Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1953-cü ildə buranı əla qiymətlərlə bitirərək Ağstafa pambıqçılıq təcrübə tarlasında işə başlamışdır. Elə burada da ömrünün sonuna qədər böyük sevgi və hörmətlə həyat yaşadığı ömür-gün yoldaşı Kubra xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onun iki oğul övladı olmuşdur.

1954–1958-ci illərdə Bakıda Ali Partiya məktəbini oxuyur. Aldığı təhsillə bərabər həm bədii, həm də elmi yaradıcılıqla məşğul olur.

Keçən əsrin 70-ci illərinin əvvəllərində həm Azərbaycan Dövlət Pedaqoji Universitetində fars dilindən dərs deyir, həm də Feyzulla Qasımzadənin rəhbərliyi ilə "Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

1985-ci ilin iyul ayında İranda altı aylıq qoyub gəldiyi və 39 il üzünü görüb, səsini eşitmədiyi, yalnız nadir hallarda məktublaşdığı qızı Əşrəf xanım atasının görüşünə gəldi. Onu da qeyd edək ki, bu müddət ərzində Müsəddiq İrana göndərdiyi məktubları oradakı əzizlərini İran dövlətinin incitməməsi üçün başqa imzalarla yazırdı (Hüseynoğlu, Sani və s.).

1992-ci ildə 45 ildən sonra doğma yurduna dönərək, Təbriz, Tehran, Miyana və Yengicəni ziyarət edir.

1997-ci il fevralın 21-də dünyasını dəyişir. Vəfat etməmişdən bir qədər əvvəl bir vəsiyyətnamə yazır. Bu vəsiyyətnamənin ictimai-tarixi mənasını gələcək nəsillər dərk edərək nəticə çıxarmalı və öz torpaqlarını sevərək onun uğrunda mübarizəyə həmişə hazır olmalıdırlar. Vəsiyyətnamədə deyilir: