Amerika Birləşmiş Ştatlarının ərazilərində tarix ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı.
1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi. General Corc Vaşinqtonun rəhbərlik etdiyi İstiqlal müharibəsində qələbə qazanıldı. 1783-cü il Paris sülh müqviləsi yeni dövlətin sərhədlərini müəyyən etdi. Konfederasiya maddələri mərkəzləşdirilmiş hökumət qurdu, lakin vergiləri toplaya bilmədiyi və icra məmuru olmadığı üçün sabitliyi təmin etməkdə təsirsiz qaldı. Konvensiya 1789-cu ildə qəbul edilmiş yeni Konstitusiyanı yazdı və ayrılmaz hüquqları təmin etmək üçün 1791-ci ildə Hüquqlar haqqında Bill əlavə edildi. İlk prezident Vaşinqton və onun baş müşaviri Aleksandr Hamilton ilə güclü mərkəzi hökumət yaradıldı. 1803-cü ildə Fransadan Luiziana ərazisinin satın alınması ABŞ-nin ərazisini iki dəfə artırdı.
Açıq taledən ruhlanan ABŞ Sakit okean sahillərinə qədər ərazisini artırdı. Ölkə ərazisinə görə böyük olsa da, 1790-cı ildə əhalisi cəmi 4 milyon idi. Qərbə doğru genişlənmə fermerlər və qul sahibləri üçün ucuz torpaq axtarışından qaynaqlanırdı. Köləliyin genişlənməsi getdikcə daha çox mübahisəli oldu və kompromislərlə həll edilən siyasi və konstitusional döyüşləri qızışdırdı. Köləlik 1804-cü ildə Meyson-Dikson xəttinin şimalındakı bütün ştatlarda ləğv edildi, lakin cənubdakı ştatlar cənub iqtisadiyyatına hakim olan kənd təsərrüfatını dəstəkləmək üçün köləliyi davam etdirdi. 1860-cı ildə Avraam Linkolnun prezident seçilməsi ilə başlayan vətəndaş müharibəsi cənub ştatlarının ittifaqdan ayrılaraq öz köləlik tərəfdarı olan Amerika Konfederativ Ştatlarını yaratmaqla başladı. 1865-ci ildə Konfederativlərin məğlubiyyəti köləliyin ləğvinə səbəb oldu. Müharibədən sonrakı Yenidənqurma dövründə azad olunmuş kişi qullara səs vermə hüququ verildi. Milli hökumət daha da gücləndi və fərdi hüquqları qorumağa başladı. Lakin ağdərili cənublu Demokratlar 1877-ci ildə səsvermənin əsasən hərbiləşdirilmiş şəkildə yatırılması yolu ilə Cənubda öz siyasi güclərini bərpa etdikdə, ağdərililərin üstünlüyünü qorumaq üçün Cim Krou qanunlarını, eləcə də irqə əsaslanan ayrı-seçkiliyi qanuniləşdirən və əksər afroamerikalıların ictimai həyatda iştirakının qarşısını alan yeni ştat konstitusiyalarını qəbul etdilər.
ABŞ sahibkarlıq və sənayeləşmə bumu və milyonlarla miqrant işçi və fermerin gəlişi nəticəsində XX əsrin əvvəlində dünyanın qabaqcıl sənaye gücünə çevrildi. Milli dəmir yolu şəbəkəsi hazırlandı və irimiqyaslı mədən və fabrikalar quruldu. Korrupsiya, səmərəsizlik və ənənəvi siyasətə qarşı olan kütləvi narazılıq 1890-cı illərdən 1920-ci illərə qədər Proqressiv hərəkatı canlandırdı, eləcə də federal gəlir vergisi, senatorların birbaşa seçilməsi, bir çox yerli xalqa vətəndaşlıq verilməsi, spirtli içki qadağası və qadınların seçki hüququ kimi islahatlara səbəb oldu. Birinci Dünya müharibəsində başlanğıcda birtərəf olan ABŞ 1917-ci ildə Almaniyaya müharibə elan etdi və sonrakı il Antanta dövlətlərinin zəfərini maliyyələşdirdi. Kükrəyən iyirmilərdən sonra 1929-cu il birja çöküşü on il davam edəcək olan dünya miqyaslı Böyük böhranın başlanğıcı oldu. Prezident Franklin Ruzvelt işsizlərə kömək, fermerlərə dəstək, sosial təhlükəsizlik və ortalama əmək haqqı da daxil olmaqla yeni kurs proqramlarını qüvvəyə mindirdi. Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ İkinci Dünya müharibəsinə girərək Anti-Hitler koalisiyasını maliyyələşdirmiş və Avropa cəbhəsində Nasist Almaniyası və Faşist İtaliyasının məğlub olmasına dəstək göstərmişdir. ABŞ-nin iştirakı Sakit Okean müharibəsində Yaponiya imperiyasını məğlub etmək üçün Hiroşima və Naqasakidə yeni icad edilmiş amerikan nüvə silahlarından istifadə etməklə kuliminasiya nöqtəsinə çatdı.
ABŞ və SSRİ İkinci Dünya müharibəsindən sonra iki hegemon güc olaraq meydana çıxdı. Soyuq müharibədə iki ölkə silahlanma yarışı, kosmik yarış, təbliğat kampaniyaları və vasitəçilik müharibələrində mübarizə apardı. 1960-cı illərdə böyük miqyaslı mülki hüquqular hərəkatı sayəsində afro-amerikalıların səs vermə və hərəkət azadlığı kimi konstitusional hüquqlarını təmin edən sosial islahat dalğası qüvvəyə mindi. 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə ABŞ siyasəti vergi və dəyişikliklərin azaldılması istiqamətində yenidən quruldu. Soyuq müharibə 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatdı və ABŞ dünyanın tək hegemon dövləti oldu. Soyuq müharibədən sonra xarici siyasət, xüsusilə də 11 sentyabr hücumlarından sonra əsasən Orta Şərqə yönəlmişdir. XXI əsrin əvvəllərində ABŞ-də dünyaya mənfi təsir göstərən Dünya iqtisadi böhranı və COVID-19 pandemiyası yaşandı.
Aborigenlər
thumb|Buzsuz dəhlizin və xüsusi paleohindi məntəqələrinin təxmini yeri (Klovis nəzəriyyəsi) Amerikan aborigenlərinin Amerika qitəsinə və hazırkı ABŞ ərazisinə ilk gəlişi və məskunlaşması dəqiq bilinmir. Başlıca nəzəriyyəyə görə, Avrasiyadan gələn insanlar Son buzlaq dövründə Sibirlə hazırkı Alyaska arasındakı quru körpü olan Beringiyadan keçərək cənuba tərəf Amerikaya yayılmışdır. Bu köç 30.000 il əvvəl başlamış və 10.000 il əvvələ qədər, hansı ki, quru körpünün buzların əriməsi ilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində su altında qaldığı vaxta qədər davam etmiş ola bilər. Paleohindilər adlandırılan bu aborigenlər qısa müddətdə mədəni cəhətdən müxtəlif yüzlərlə yaşayış məntəqəsi və ölkə qurmuşdur.
Kolumbaqədərki sivilizasiya Üst Paleolit dövründəki ilkin məskunlaşmadan başlayaraq erkən müasir dövrdə Avropa müstəmləkəçiliyinə qədər davam edən, Amerika qitəsində Avropa təsirlərinin görünməsindən əvvəlki Amerika tarixinin bütün dövrlərini özündə birləşdirir. Termin texniki olaraq Xristofor Kolumbun 1492-ci ildə səyahətindən əvvəlki dövrə aid edilsə də, praktikada bu termin əsasən Kolumbun ilk gəlişindən onilliklər və ya əsrlər sonra baş vermiş olsa belə, avropalılar tərəfindən fəth edilənə və ya əhəmiyyətli dərəcədə təsirlənənə qədər Amerikanın yerli mədəniyyətlərinin tarixini əhatə edir.
Paleohindilər
right|thumb|Alfred Kreberə görə, Kolumbaqədərki Şimali Amerikanın mədəni əraziləri E.ə. 10.000-ci ildə insanlar Şimali Amerikada nisbətən daha yaxşı məskunlaşmışdılar. İlk başlarda paleohindilər mamont kimi Buzlaq dövrünün meqafaunalarını ovladılar, lakin onların nəsli tükənməyə başladıqda insanlar qida mənbəyi kimi bizonlardan istifadə etdilər. Getdikcə meyvələr və toxumlar üçün qida axtarmaq ovçuluğun alternativinə çevrildi. Orta Meksikadakı paleohindilər e.ə. 8.000-ci il civarında qarğıdalı, lobya və balqabaq becərməyə başlayaraq Amerikada təsərrüfatla məşğul olan ilk insanlar oldular. Bunun haqqındakı məlumat nəhayət şimala tərəf yayılmağa başladı. E.ə. 3.000-ci ildə Arizona və Nyu-Meksiko vadilərində insanlar qarğıdalı becərməyə başlamış, ardınca ibtidai suvarma sistemləri və Hohokamın ilk kəndləri yaradılmışdır.
Müasir ABŞ ərazisindəki ən qədim mədəniyyətlərdən biri Klovis mədəniyyətidir. Bu mədəniyyət ilk növbədə Klovis ucu adlanan yivli nizə uclarının istifadəsi ilə tanınır. E.ə. 9.100—8.850-ci illərdə Şimali Amerikanın çox hissəsinə yayılmış bu mədəniyyət Cənubi Amerikada da görülmüşdür. Bu mədəniyyətə aid əsərlər ilk dəfə 1932-ci ildə Nyu-Meksiko ştatının Klovis şəhərinin yaxınlarında tapılmışdır. Folsom mədəniyyəti də oxşardır, lakin o, Folsom ucunun istifadəsi ilə tanınır.
Linqivistiklər, antropoloqlar və arxeoloqların müəyyən etdiyi növbəti köç e.ə. 8.000-ci il civarında baş vermişdir Bu köç e.ə. 5.000-ci ildə Şimal-qərbi Sakit okeana çatmış na-dene dillərində danışan xalqları əhatə edir. Buradan Sakit okean sahili boyunca və daxili ərazilərlə köç etmiş, eləcə də kəndlərində sadəcə mövsumi olaraq yayda ovçuluq və balıqçılıq, qışda isə qida toplamaq üçün istifadə edilən çox ailəli böyük məntəqələr inşa etmişdirlər. E.ə. 5.000—e. 600-cü illərində yaşamış digər bir qrup olan Oşara mədəniyyətinin insanları arxaik cənub-qərbinin bir hissəsi idi.
Kurqan inşaatçıları və anasazilər
thumb|Kaxokiyada yerləşən Monks-Maund kurqanı (UNESCO Ümumdünya irsi) thumb|Mesa-Verde milli parkında yerləşən Kliff Pelas (UNESCO Ümumdünya irsi) Adena mədəniyyəti e.ə. 600-cü il civarında böyük ölçülü kurqanlar tikməyə başladılar. Onlar bilinən ən qədim kurqan inşaatçılarıdır, lakin ABŞ-də bu mədəniyyətdən də qədim kurqanlar vardır. Votson-Breyk Luizianada yerləşən e.ə. 3.500-cü ilə aid 11 kurqandan ibarət kompleksdir. Poverti-Point mədəniyyətinin inşa etdiyi Poverti-Point e.ə. 1.700-cü ilə aid kurqan kompleksidir. Bu kurqanlar çox güman ki, dini məqsədlə tikilmişdi.
Adenalılar geniş ərazidə alət və mal ticarəti ilə məşğul olan güclü xalq olan Houpvell mədəniyyətinə daxil oldular. Onlar Adenanın kurqan inşa etmək adətini davam etdirdilər. Cənubi Ohayodakı keçmiş ərazilərinin nüvəsində hələ də mövcud olan bir neçə min kurqanın qalıqları mövcuddur. Houpvell "Houpvell mübadilə sistemi" adlanan və ən böyük dərəcədə indiki Cənub-Şərqdən Ontario gölünün Kanada tərəfinə qədər uzanan ticarət sisteminin əsasını qoymuşdur. Bizim eranın 500-cü ilində houpvellilər də daha böyük Missisipi mədəniyyətinə daxil olmuş və yoxa çıxmışdırlar.
Missisipilər geniş qəbilə qrupu idi. Ən mühüm şəhəri indiki Missuri ştatının Sent-Luis şəhərinin yaxınlığında yerləşən Kaxokiya idi. Bu şəhər XII əsrdə kuliminasiya nöqtəsinə çatanda əhalisinin sayı təxminən 20.000 nəfər idi, belə ki, bu say o vaxtkı Londonun əhalisindən daha çox idi. Bütün şəhər 30 metr hündürlükdə olan Monks-Maund kurqanının ətrafında toplanmışdı. Kaxokiya həmin dövrün bir çox şəhər və kəndi kimi ovçuluq, qida toplama, ticarət və təsərrüfatla məşğul idi. Həmçinin mayyalılar kimi cənub xalqlarından təsirlənərək kölələr və insan qurban etmək ilə təbəqələşmə sistemi yaratmışdılar.
Cənub-Qərbdə anasazilər e.ə. 900-cü il civarında daşdan və kərpicdən pueblolar inşa etməyə başlamışdı. Mesa-Verdedə yerləşən Kliff Pelas nümunəsindən göründüyü kimi bu bina tipli tikililər əsasən qaya üz inşa edilmişdir. Bəziləri şəhər böyüklüyündə olmuşdur. Nyu-Meksikodakı Çako çayı boyunca uzanan Pueblo-Bonito vaxtıykən 800 otaqdan ibarət olmuşdur.
Şimal-qərb və şimal-şərq
right|thumb|Tlingit Kiks.ádi klanına aid K'alyaan totem dirəyi 1804-cü il Sitka döyüşündə həlak olanlarının xatirəsinə Sitka Milli Tarixi Parkında ucaldılmışdır. Sakit okean şimal-qərbinin aborigenləri çox güman ki, Amerikanın ən zəngin yerliləri idi. Bu ərazidə bir çox müxtəlif mədəni qrup və siyasi qurumlar inkişaf etdi. Onların hamısı müəyyən inancları, adət-ənənələri və təcrübələri, məsələn, qızılbalığın mənbə və mənəvi simvol kimi mərkəzi rol oynamasını paylaşırdılar. Bu ərazidə hələ e.ə.1.000-ci ildə daimi kəndlər inkişaf etməyə başladı və bu icmalar potlaç adlandırılan hədiyyə ziyafəti ilə qeyd olunurdu. Bu məclislər adətən totem dirəyinin ucaldılması və ya yeni rəisin qeyd olunması kimi xüsusi hadisələri qeyd etmək üçün təşkil edilirdi.