Cavad xan Ziyadoğlu-Qacar və ya sadəcə Cavad xan () — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, Qacarlar (Dövləti-Qacariyyə) dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən xanlığı idarə edən Cavad xan 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə həlak olmuşdur.

Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.

Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar.

Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavad xandan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Xeyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanım ilə və 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanım ilə ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da vəfat etmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784–1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanım ilə evlənib.

Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir müddət keçəndən sonra isə 1786-cı ildə onun qardaşı Cavad xan gəlir. Görünür, Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlmişdir. Belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil Gürcüstan çarına on min manat həcmində vergi ödəyirdi. Həmin asılılıqdan və gürcülərin Gəncə şəhəri üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1795-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Ağa Məhəmməd şah Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xan ilə II İrakli arasındakı münasibətlər daha da gərginləşir. Gürcüstan çarı II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Xanı Umma Xan Avarın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.

Mənşəyi thumb|260px|Cavad xanın buncuğu (Azərbaycan Tarix Muzeyi) Cavad xanın ailəsi təxminən üç yüz ildən artıq Gəncədə və Qarabağda hakim olmuşdu. Onun ulu babası 1494/1495-ci ildə iki Qacar eli ilə birlikdə buraya yerləşmişdir. Cavad xanın əcdadı Xızır bəy Qarımış Qacar Ziyadoğlu-Qacar nəslindən siyasi meydanına çıxmış ilk şəxsdir. Xızır bəy Qarımışın oğlu Ümmət bəy 1501 və ya 1502-ci ildə Şah İsmayılın hüzuruna çıxmış və Şah İsmayıl ona Ziyadoğlu ləqəbini vermişdir. Ümmət bəyin oğlu Şahverdi Sultan Ziyadoğlu bu nəsildən çıxmış ilk böyük sərkərdə hesab edilir. O, Şah Təhmasibin dövründə Səfəvi imperiyasının ən məşhur sərkərdələrindən birinə çevrilmişdir. O, bu nəsildən hakimiyyətini bütün Qarabağa yayan ilk şəxs olmuş və vilayətin paytaxtı olaraq da Gəncəni seçmişdir. Fəaliyyəti boyunca Osmanlı ordusuna qarşı döyüşməklə birlikdə, ləzgi və gürcü üsyançılarla da mübarizə aparmışdır. Onun oğlanlarından biri olan Xəlil və Qacar sülaləsinin əcdadı Hüseyn də Səfəvi imperiyasının Astrabad hakimləri olmuşdurlar. Xəlil xanın oğlu Məhəmməd bəy də Qarabağ bəylərbəyi olmuşdur. O, 1615-ci ildə gürcülərlə döyüşdə öldürüldü. Məhəmməd xanın ölümündən sonra onun üç oğlu: Mürşidqulu xan, Məhəmmədqulu xan və Mürtəzaqulu xan bir-birinin ardınca Qarabağın hakimiyyətinə sahib çıxmışdılar. Ziyadoğlular nəslinin daha bir tanınmış nümayəndəsi Uğurlu xan idi. Bəzi tarixçilər onu Məhəmmədəli xanın oğlu və Mürtəzaqulu xanın qardaşı oğlu kimi göstərirlər. Uğurlu xandan sonra hakimiyyətə Kəlbəli xan gəlmişdi və onun hökuməti dövründə əfqanlar İsfananı zəbt etmişdilər. Kəlbəli xanın ardınca onun oğlu (bu şəxsin də adı Uğurlu xan idi) Qarabağın hakimi oldu. Həmin Uğurlu xan məşhur Muğan qurultayında Səfəvilər sülaləsinin hakimiyyətdən uzaqlaşmasına və Nadir xanın şah elan edilməsinə müxalif olmuşdu, lakin bu vəziyyət Uğurlu xana Nadirin şah taxtına əyləşdikdən sonra ona var-qüvvə ilə xidmət etməyə mane olmamışdı. O, Nadir şahın ordusunun əmirlərindən biri kimi ləzgilər üzərinə yürüşdə iştirak edərkən öldürülmüşdü. Uğurlu xanın ardınca onun qardaşı Həsənəli xan, ondan sonra isə Cavad xanın atası Şahverdi xan Qarabağ bəylərbəyi vəzifəsini icra etmişdilər.

Cavad xanın atası Şahverdi xan 1747-ci ildə hakimiyyətə gəlmiş və 1760-cı ilə qədər hakimiyyətdə qalmışdır. Güman edilir ki, Şahverdi xan Uğurlu xanın oğlu olmuşdur. Həmçinin Şahverdi xanın övladı Cavad xan da öz oğluna Uğurlu adını qoymuşdu. Şahverdi xandan sonra hakimiyyətə Məhəmmədhəsən xan gəldi, lakin bəzi mənbələrdə Şahverdi xandan sonra birbaşa hakimiyyətə Cavad xanın gəldiyi bildirilmədədir. 1781–1783-cü illərdə Gəncə xanlığı Qarabağlı İbrahimxəlil xanın nümayəndəsi tərəfindən idarə edilmiş, lakin Hacı bəy buna son qoymuşdur.

Erkən illəri Cavad xan 1748-ci ildə Şahverdi xanın oğlu kimi dünyaya gəlmişdir. Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Anasının adı Şərəfcahan Bəyim olmuşdur. Cavad xan 1778-ci ildə Qarabağ xanı İbrahimxəlil xanın yanına qaçmağa məcbur olmuşdu. Çünki özündən böyük və ona ögey olan qardaşı Məhəmməd xan taxtı qəsb edərək qohumlarını öldürməyə başlamışdı. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəkixanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurmuşdur.

Hakimiyyəti

İlk illər Cavad xandan əvvəl hakimiyyətdə onun qardaşı Rəhim xan idi. Rəhim xan Gəncəni İbrahimxəlilin nümayəndəsi kimi idarə edən və xalq tərəfindən devrilən Həzrətqulu bəydən sonra xanlıq vəzifəsini icra etməyə başlamışdı, lakin heç bir ildə hakimiyyətdə qalmadan İbrahimxəlildən yardım alan Cavad xan tərəfindən hakimiyyətdən devrildi. Beləliklə, 1786-cı ildə xan olan Cavad xan hakimiyyətinin elə lap əvvəlindən Kartli-Kaxeti çarlığının təhdidi ilə üzləşməyə başladı. İbrahimxəlil xan II İraklidən qaynaqlanan təhdidi ortadan qaldırmaq üçün Şamxoru onlara vermək qərarına gəldi və Cavad xanı inandırmağa çalışdı ki, bu iş Gəncəni gürcü təhdidindən qorumaq üçün atılmalıdır. Cavad xanın nümayəndəsi Misael, İbrahimxəlilin nümayəndəsi Həzrətqulu və Kartli-Kaxetinin Gəncədəki səfiri Şahzadə Keyxosro Andronikaşvili birlikdə II İrakliyə bildirdilər ki, Gəncənin Şamxora heç bir iddiası yoxdur. Eyni zamanda Cavad xanın nümayəndəsi Misael bildirdi ki, xan dostluq əlaməti olaraq öz illik gəlirinin yarısını ona göndərməyə hazırdır. Tiflisdəki rus hərbi nümayəndəsi polkovnik Burnaşevin təkidi ilə II İrakli təklifi rədd etdi və Gəncənin tamamilə onun hakimiyyətinə verilməsini tələb etdi.

Bu təklifdən qəzəblənən nümayəndələr geri qayıtdılar və təklifin bu cür qarşılanması Qarabağ xanlığı ilə Kartli-Kaxeti münasibətlərinin yüksək səviyyədə gərginləşməsinə səbəb oldu. 1787-ci ildə 6 min döyüşçüdən ibarət ordu quran II İraklı rus nümayəndəsi Burnaşevə Gəncə və Qarabağ üzərinə ortaq əməliyyat keçirməyi təklif etdi, lakin bunun Qacar imperiyası ilə açıq müharibəyə səbəb ola biləcəyindən çəkinən Burnaşev bu təklifdən imtina etdi. Eyni zamanda II İraklı Qarabağ məlikliklərindən olan Gülüstan, Crabert məlikliklərini də Qarabağ xanına qarşı dəstəkləməkdə idi. 1787-ci ildə Gəcə xanlığı üçün daha bir pis hadisə baş verdi. İbrahimxəlil xanın erməni məlikliklərinə qarşı yürüşdə olmasından istifadə edərək (çünki belə olacağı halda cənubdan yardım gəlməyəcəkdi) rus-gürcü ordusu Gəncə üzərinə yürüşə başladı, lakin bu yürüşü çoxdan gözləyən məliklər Gürcüstanda məskunlaşmalarına köməklik etmək xahişi ilə II Heraklaya üz tutdular. II Heraklius onlara kömək etmək üçün Şahzadə Orbeliani və oğlu Şahzadə İulonun başçılığı ilə 4000 nəfərlik ordu göndərdi. Cavad xanla başlayan danışıqlar gözlnilmədən yarıda saxlanıldı. Çünki yeni bir Rus-Osmanlı müharibəsi başlamışdı və Pavel Potemkin tərəfindən verilən əmrə əsasən Qafqazdakı bütün rus ordularına geri çəkilmə əmr edilirdi. Bundan sonra Burnaşev hər nə qədər II İraklinin istəklərinə yerinə yetirmək istəsə də, öz yüksək komandanlığının əmrlərini görməzdən gələ bilmədi. Onun çapar vasitəsilə Potemkinə göndərdiyi məktubda heç olmasa yaza qədər rus ordusunun Tiflisdə qalması üçün etdiyi təklif də rədd edildi. 1787-ci ilin oktyabr ayının əvvəllərində Burnaşev bölgədəki rus ordusu ilə birlikdə Vladiqafqaza getdi. Bu ana qədərki döyüşlərdən yorulan və əsas müttəfiqini itirən II İraklı Gəncədən geri çəkilməyə məcbur oldu. Nəticədə tərəflər arasında kövrək bir andlaşma yarandı. II İraklı Cavad xanın Şəmşəddil üzərində hakimiyyətini tanıdı, bunun qarşılığında isə Cavad xan Borçalı və Qazaxdan olan sakinlərin bir hissəsini öz əvvəlki yerlərinə qaytardı.

Bu hadisələr baş verərkən II İraklı Qubalı Fətəli xanla diplomatik münasibətlər yaratdı. Qarşılıqlı şəkildə göndərilən nümayəndələrin danışıqları yaxşı keçirdi. Quba xanlığı yaxşı münasibətlərin yaradılması II İraklidə Gəncədə dominant olan Qarabağ xanlığına qarşı Quba xanlığı ilə ittifaqın yaradılması fikrinin formalaşmasına səbəb oldu. İndi Qubalı Fətəli xan və Şəkili Məhəmmədhəsən xanla ittifaqda olan II İraklı 1788-ci ilin dekabrında Gəncənin ətraf bölgələrini ələ keçirdi. 1789-cu ilin əvvəllərində II İraklinin oğlu Vaxtanqın komandanlıq etdiyi bölmələr Cavad xanı məğlub etdilər. Qarabağ xanlığı və Gəncə xanlığının vəziyyətini çətinləşdirən bir başqa amil isə IV Ümmə xanın vəziyyəti ilə bağlı idi. Qarabağ və Gəncə xanlığının müttəfiqi olan IV Ümmə xan ağır xəstə olduğuna görə öz müttəfiqlərinə yardım edə bilmirdi.

Fətəli xanla Məhəmmədhəsən xan 1789-cu ilin yanvarında Gəncə xanlığı ərazisində II İrakli ilə görüşdülər. Görüş yeri Şəmkirçayın sol sahili idi. Cavad xan da görüşdə iştirak edirdi və bundan az əvvəl Gəncənin açarlarını Fətəli xana təslim etmişdi. II İraklı ilə Fətəli xan ortaq rəqibləri olan Qarabağ xanlığına qarşı nələr etməli olduqlarını müzakirə etdilər. Gəlinən nəticədə bu iki şəxs regionu özlərinin nüfuz dairələrinə böldülər. Bu bölgəyə görə Cənubi Qafqazın yerdə qalan qismi II İraklinin, Cənubi Azərbaycan isə Fətəli xanın nüfuz dairəsi olaraq bölündü. Həmçinin müttəfiqlər yeni aktivləşməyə başlayan Ağa Məhəmməd xan Qacara qarşı da "Rusiyanın himayəsi altında" mübarizə aparmaq qərarına gəldilər. II İraklı Şəmşəddili Gəncəyə geri qaytardı və ora üçün müəyyən muxtariyyət əldə etdi. Bu görüşdən sonra Fətəli xan xəstələndi və təcili Bakıya bacısının yanına yola düşdü. Elə orada da 22 mart 1789-cu ildə vəfat etdi. Bu da Cavad xana öz hakimiyyətini yenidən müstəqil şəkildə davam etdirmək üçün fürsət yaratdı.

Sonrakı dövrlər thumb|250x250px|Gəncə Xanlığının bayrağı|left