Hüseyn bəy Şamlı (); d. ?, türk mənşəli Şamlı eli — ö. 1514, Çaldıran) — Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.

"Tarix-i Qızılbaşan" əsərinin müəllifi onun barədə yazır:

"Şamlı tayfasının böyük əmirlərindən biri Hüseyn bəy Lələdir. O, Lahicanda I Şah İsmayılın xidmətində idi. O həzrətin zühurundan sonra əmir əl-üməra oldu və Cihan çayı sahilində Sarı Qaplan tərəfindən məğlub edildikdə gözdən düşdü. Amma Şeybək xanın qətli və Xorasanın fəthindən sonra Herat hakimi oldu. Əmir Nəcmi Saninin məğlubiyyətindən sonra aləmin pənahı olan dərgaha gəldi və Çaldıran döyüşündə öldürlüdü."

Mənbədə də qeyd edildiyi kimi, Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür.

Həyatı Şamlı tayfasının ən məşhur əmirlərindən biri olan Hüseyn bəy Şamlının adına mənbələrdə ilk dəfə 1488-ci il iyul ayının 9-da Şeyx Heydər ilə Şirvanşahlar arasında baş verən döyüşdə rast gəlinir. "Tarixi Cahanqoşayi Xaqan" əsərinin müəllifi yazır ki, o, bu döyüşdə Şeyx Heydərin ordusunun sol qanadına rəhbərlik etmişdi. Bu döyüş barədə həmçinin İsgəndər bəy Münşi isə yazıb bilidirir ki, "Fütuhat-i Əmini" əsərinin müəllifi Təbərsəran adlanan bu döyüş haqqında topladığı məlumatları məhz Hüseyn bəy Lələ və Fərrux ağa kimi hərb meydanında olan şəxslərdən eşitmişdi.

Hüseyn bəy Şamlı həmçinin 1492-ci ildə məğlub edilib öldürülən Baysunqurun qarşısında Sultan Əlinin ordusunda bir başqa Qızılbaş əmiri ilə birlikdə sağ qanada rəhbərlik edirdi.

Şah İsmayılın lələsi kimi Hüseyn bəy, Şah İsmayılın lələsi idi. 1494-cü ildə Rüstəm Mirzə Sultan Əlinin qardaşları ilə birlikdə Təbrizi tərk etməsi xəbəri alınan kimi, onun ardınca qoşun dəstəsi göndərdi. Bu qoşun dəstəsinə rəhbərlik Aybə sultana tapşıırldı. Bu dəstə böyük sürətlə Səfəvi şeyxlərinin və müridlərinin ardınca hərəkət etdi və Ərdəbil yaxınlığında Sultan Əlinin dəstəsini yaxalamaq mümkün oldu. Rüstəm Mirzə tərəfindən belə bir tapşırıq verilmişdi ki, Sultan Əli Ərdəbilə daxil olmamış ələ keçirilsin. Rüstəm Mirzə tərəfindən göndərilən qoşun dəstəsinə müqavimət göstərilməsi aydın olanda Sultan Əli qardaşı İsmayıl Mirzəni (Şah İsmayılı) yanına çağırdı, təriqət mürşidliyini ona tapşırdı, Heydər tacını onun başına qoydu, kəmərini onun belinə bağladı və sonra da vəsiyyətini etdi. Bundan sonra Sultan Əli ətrafındakılardan 7 nəfər etibar qazanmış sərkərdələrin, o cümlədən Hüseyn bəy Lələnin müşaiəyti ilə Gilana yollanmalarını, orada Lahican hakiminə sığınmalarını və sonra da oradan hərəkata başlamalarını tövsiyə etdi. Hüseyn bəy Lələ Sultan Əlinin yanında qalmağı təkid etdi. Sultan Əli yenə qəbul etmədi və ona tapşırdı ki, qardaşlarının lələsi olsun. Onda Hüseyn bəy onun ayaqlarından öpdü və sonra da Sultan Əlinin qardaşlarını götürüb Ərdəbilə yollandı.

Münşi yazır ki, bu döyüşdə öldürülən Sultan Əlini Hüseyn bəy Lələ və Xəlifətül-xüləfa kimi tanınan Dədə bəy Talış Ərdəbilə gətirərək,"Səfəviyyənin mübarək, nurlu məqbərəsində dəfn etdilər".Aləmara-yi Şah İsmayıl əsərində yazır:

"Hüseyn bəy Lələ yoldaşları ilə birlikdə şeyxzadələri götürüb, Lahican Gilanına yollandı. Onlar Şeyx Səfi müridlərindən olan Əmir Kiyanın yanına gəldilər. Onların gəlişindən xəbər tutan Əmir Kiya böyük qonaqpərvərlik göstərdi və onları öz sarayında elə gizlətdi ki, yadlar onların əhvalından xəbər tutmasınlar". Yenə burada qeyd olunur ki, Şah İsmayıl bu zaman yaşca çox kiçik olduğundan Səfəvi hərəkatının idarə edilməsində Hüseyn bəy Lələnin də daxil olduğu "Yeddi nəfər pak etiqadı sufi" kimi xarakterizə edilən qızılbaş sərkərdələri qrupu mühüm rol oynadı.

İsmayıl Mirzə Lahicanı tərk edib Taroma çatdıqda onun dəstəsi artıq formalaşmağa başlamışdı. Bu xəbər ətrafa yayıldıqda Tarom hakimi Hüseyn Sultan təşvişə düşdü və bölgədə Ağqoyunlu ilə düşmən bir qüvvənin toplanmasının qarşısını almaq üçün tədbirlər görməyə başladı. O, 700 nəfərlik bir dəstə ilə Taromun 4 fərsəxliyində İsmayıl Mirzənin qarşısına çıxdıqda Hüseyn bəy Lələ ona döyüşə girmədən uzaqlaşmağı məsləhət gördü. İsmayıl Mirzə isə bu təklifi qəbul etmədi və bildirdi ki, o artıq öz hərəkatına başlamışdır və yaxınlaşan təhlükədən üz çevirməsi yaxşı qarşılanmaz. Hüseyn Sultanın qardaşı irəli çıxaraq İsmayıl Mirzə ilə döyüşə başlamaq istədi. İsmayıl Mirzənin razılığı ilə onun qarşısına Hüseyn bəy Lələ çıxdı. Hüseyn bəy əvvəlcə onu fikrindən çəkindirməyə çalışdı. Görünür, Hüseyn Sultanın qardaşı İsmayıl Mirzənin asanlıqla ələ keçiriləcəyini güman etdiyindən heç bir təklifi qəbul etmədi. Belə olanda Hüseyn bəy Lələ qılınca əl atdı və Hüseyn Sultanın qardaşını qətlə yetirdi. Hüseyn Sultan bunu görüncə İsmayıl Mirzənin dərhal ələ keçirilməsinə işarə verdi. Lakin İsmayıl Mirzənin qılınc zərbəsi ilə döyüş meydanında öldürüldü. İlk döyüşdə uğur qazanan İsmayıl Mirzənin dəstəsi qələbə sevinci ilə yenidən Taroma qayıtdı.

1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşdükdə yenə Hüseyn bəy Lələ başda olmaqla bu yeddi sərkərdə onu müşaiət etdi.

1500-cü ildə Gülüstan qalası yaxınlığında,Cəbani adlı yerdə İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular. Hüseyn bəy Lələ bu döyüşdə sağ cinaha rəhbərlik edirdi. Döyüş qızılbaşların üstünlüyü ilə davam edirdi. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu. Tək qalan şirvanşah Fərrux Yəsar atını Buğurt qalası istiqamətində çapmağa baçladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yəsar anonim tarixçinin Hüseyn bəy Lələnin "cilovdarı" adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək İsmayıla gətirdi.

Hüseyn bəy Lələ 1501-ci ildə baş verən Şərur döyüşündə də Şah İsmayılın yanında olan əmirlərdən biri idi. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirdi ki, Əlvənd böyük bir qoşunla paytaxtdan çıxmışdır. İsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Tarixi qaynaqlarda ağqoyunluların ordusunun sayı 10.000–30.000, qızılbaşların isə 7 minlik ordusu var idi. Əlvənd Mirzə bu döyüşdə böyük bir məğlubiyyətə uğradıldı. Şərur döyüşündə qalib gələn İsmayıl Mirzə Təbrizə daxil olub özünü şah elan etdi. Şah İsmayıl Təbrizi fəth edərkən Hüseyn bəy Lələ də onun yanında idi. O, Şah İsmayılın Təbrizdə qurduğu dövlətin ilk vəkili və əmir əl-ümərası oldu.

Əmir əl-üməra və dövlət vəkili kimi Hüseyn bəy Lələ 20 iyun 1503-cü ildə Həmədan yaxınlığında Ağqoyunlu Murad Bayandur ilə baş verən döyüşdə Səfəvi ordusunda döyüşürdü. Ağqoyunlu hakimiyyətinin sonunda Yəzd şəhəri Murad bəy Bayandura məxsus idi. O qızılbaşların Şiraza yaxınlaşdığını eşidib dərhal şəhəri tərk edib Bağdada qaçmışdı. Nəticədə 1503-cü ildə Şah İsmayıl Şiraza daxil oldu. Fars vilayətindən olduğu müddət ərzində Şah İsmayıl ətraf vilayətlərin hakimiyyət altına gətirilməsi ilə məşğul oldu. Bu vilayətlərdən bəzilərinin hakimləri könüllü şəkildə öz itaətlərini bildirdilər və həmin hakimlər öz vəzifələrində saxlandılar. Yəzd hakimi də könüllü olaraq vilayəti təhvil verdi. Şah İsmayıl bu vilayətin hakimliyini Hüseyn bəy Lələyə tapşırdı. Hüseyn bəy Lələ isə Şah İsmayılın yaxın ətrafına daxil olduğu üçün o da bu vilayətin hakimliyini öz yaxınlarından olan Şöüb ağaya həvalə etdi.Lakin Yezdin köhnə hakimi Əhməd bəy xəyanət edərək Şöüb ağanı öldürüb hakimiyyəti yenidən öz əlinə aldı.

1506-cı ildə Sultan Muradla Əlaüddövlənin ittifaqı xəbərini eşidən Şah İsmayıl qəti hərəkətə keçməyə məcbur oldu. 913 / 1507-ci ilin yayın əvvəllərində qızılbaş ordusu yürüşə başladı. Şah İsmayılın gəlişindən xəbər tutan Əlaüddövlə və Murad Ceyhan çayını keçərək, Durna dağına sığındılar. İsmayıl Hüseyn bəy Lələni 4 minlik qoşunla çayın sahilində mövqe tutmağa göndərdi.Mövcud məlumatlara görə, qızılbaş qoşunları Əlbistan çayı kənarına çatanda düşərgə saldılar. Əlaüddövlə də öz oğlu Sarı Aslanın qüvvələrini çayın digər sahilində yerləşdirdi.Bundan sonra döyüşçülərə imkan verildi ki, atlar üçün yem ehtiyatı yaratsınlar. Bu məqsədlə döyüşçülər ətrafa səpələndilər. Elə bu vaxt Əlaüddövlənin böyük oğlu Qasım bəy (Sarı Qaplan) öz dəstəsi ilə Hüseyn bəy Lələnin dəstəsinin üzərinə qəfil hücum təşkil etdi. Hücumun gözlənilməz olması və qızılbaşların da dağınıq olması döyüşün gedişinə təsir göstərdi. Hüseyn bəy Lələnin göstərdiyi bütün cəhdlərə baxmayaraq, bu hücumun qarşısını almaq mümkün olmadı və qızılbaş dəstəsinə ağır zərbə vuruldu. Hətta Hüseyn bəy Lələ ağır vəziyyətlə qarşılaşdı və onu vurub atdan yerə saldılar. Onu təhlükədən xilas etmək üçün qızılbaşlardan biri atını ona verdi və Hüseyn bəy Lələ bu atı minərək özünü çaya vurdu və o biri sahilə adladı. Həsən bəy Rumlu bu hadisəni belə təsvir edir:

"O əsnada Əlaüddövlə Zülqədərin oğlu Sarı Qaplan cövşən geymiş igidlərdən [ibarət] bir dəstə ilə göründü. Lələ bəy az adamla onların qarşısına çıxdı. İki tərəf arasında qarşıdurma oldu və döyüş atəşi alovlandı. Zülqədər dilavərləri çox olduqları üçün qazilərə qalib gələrək Lələ bəyi atdan saldılar. O əsnada Xəlil ağa öz dəyərli canından əl çəkib öz atını Hüseyn bəy Lələyə verdi. Lələ bəy ata minib, özünü suya vuraraq çoxlu məşəqqətlə o coşqun dəryadan nicat sahilinə çıxmağı bacardı. Zülqədərlilər Xəlil ağanı üç yüz nəfər qazi ilə birlikdə qətlə yetirib geri döndülər."

Bütünlükdə isə qızılbaş dəstəsi ağır itki verdi və onlardan 300 nəfəri qətlə yetirildi.Nəhayət, bu barədə Şah İsmayıla da xəbər çatdı. Şah İsmayıl dərhal bir dəstə ilə Hüseyn bəyin köməyinə yollandı və Durmuş xana da göstəriş verdi ki, o da öz dəstəsi ilə onun arxasınca hərəkətə başlasın. Sarı Qaplan bu zaman hiylə işlədərək arxadan Şah İsmayıla yaxınlaşmaq və onu qətlə yetirmək istədi. Amma Şah İsmayıl bundan xəbər tutanda Sarı Qaplanın geri çəkilmək imkanı qalmadı və Şah İsmayılın zərbəsindən dünyasını dəyişməli oldu.

Bəzi mənbələr yazır ki, bu hadisədən sonra Hüseyn bəy Lələ etibarını itirdiyi üçün 1508–1509-cu ildə şahın qərarı ilə vəkil vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə Əmir Nəcmi gətirildi. Hüseyn bəy isə şahın bu qərarına heç bir etiraz bildirmədi. Buna səbəb Şamlı tayfasının mənsublarının şaha olan dərin hörməti və bağlılığı idi.

Bağdad üsyanı və Luristanın tabe edilməsində rolu 914 / 1508-ci ildə Şah İsmayıl Həmədan yaylaqlarında olarkən öz elçisi Xəlil bəyi hədiyyələrlə Bağdad hakimi Barik (Bayrək) bəy Pornakın yanına göndərərək, ondan itaət tələb etdi. Barik bəy təklifi yaxşı qarşıladı, hətta qızılbaş tacı örtərək, Səfəvilərin tərəfinə keçdiyini bildirdi və öz adamlarından Əbu-İshaq Şirəçini Xəlil bəylə birgə Şah İsmayılın hüzuruna yolladı. Lakin İsmayıl Barikin səmimiliyinə inanmayaraq, onun itaət etmək üçün şəxsən özünün dərgaha gəlməsinin zəruriliyini bildirdi. Bu tələbə rədd cavabı verən Barik müdafiə hazırlıqlarına başladı. Şah İsmayıl Bağdad üzərinə yürüşə çıxdı. O, Mahidəşt adlı yerə çatdıqda Hüseyn bəy Lələnin komandanlığı ilə 5–6 minlik qoşunu irəli göndərərək, özü də əsas qüvvələrlə onların ardınca hərəkət etdi. Qarapu adlı mövqeyə gələn Hüseyn bəy Lələ şahın adından Barikə daha bir müraciət edərək, onu əlverişli şərtlə tabe olmağa çağırdı. Bu təklifin müqabilində Barikdən yenə də rədd cavabı alındı. Hüseyn bəy Lələnin başçılıq etdiyi ön dəstələrə zərbə vurmaq üçün şəhərdən çıxan Barik Şah İsmayılın ordusunun yaxınlaşdığını gördükdə müqavimətin mənasız olduğunu anlayıb aradan çıxdı.