Gəncə üsyanı — Sovet işğalına qarşı 1920-ci il mayın 26–31-də Gəncədə baş vermiş xalq üsyanı. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi.
Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi. Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Mayın 25-də Taman süvari briqadasının II alayı da Gəncəyə gətirildi.
Mayın 25-dən 26-na keçən gecə başlanan üsyanda üsyançılar qısa müddətdə şəhərin mühüm obyektlərini, azərbaycanlılar məhəlləsindəki qırmızı qoşun hissələrini nəzarət altına götürdülər. Hərbi anbar, şəhər həbsxanası, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası da ələ keçirildi. Mayın 28-də Gəncə üsyanının rəhbərləri və şəhər ictimaiyyəti dairə məhkəməsinin binasına toplaşıb, Azərbaycanın istiqlaliyyətinin elan olunmasının iki illiyini qeyd edirlər.
Mayın 29-da bolşeviklərin üsyançılar üzərinə hücumu uğursuzluqla başa çatdı. Bir neçə istiqamətdən həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər. Əksinə, üsyançıların əkshücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. Daha sonra XI Qırmızı Ordu komandanlığı Gəncəyə əlavə qüvvələr gətirdi. Mayın 30-da növbəti döyüşlər başlamazdan əvvəl 11-ci Qırmızı ordunun Gəncədə 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşdirildi və mayın 31-də əsas hücum buradan başladı. Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi.
Üsyandan əvvəl vəziyyət
Aprel işğalı 200px|thumb|right|XI Qırmızı Ordunun zirehli qatarının Bakıya gəlməsi 28 aprel 1920-ci il. Şəkildə Mixail Yefremov, Anastas Mikoyan, Qəzənfər Musabəyov, Simon Ter-Petrosyan və digərləri III İnternasional qatarında təsvir olunublar 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası Serqo Orconikidzenin başçılığı ilə XI Qırmızı Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Qırmızı Ordu qərargahı hücuma rəhbərlik etmək üçün Dərbəndə köçür. XI Ordunun hücumu aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başlayır. 70.000 XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir. Bu qoşuna rəhbərlik edənlər arasında Anastas Mikoyan və Qəzənfər Musabəyov da var idi. Azərbaycan ordusunun əksəriyyəti Əsgəran döyüşündə olduğu üçün sərhəddi yalnız Quba alayının bir neçə yüngül top və pulemyotla silahlanmış iki rotası, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi qoruyurdu. Yalama stansiyasında baş vermiş Yalama döyüşündə böyük say fərqinə görə AXC orudusu 300 nəfərdən çox itki verir. 1920-ci ilin Aprelin 28-də saat 5-də "III İnternasional" zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı vağzalına çatdı. Azərbaycan bolşevikləri Azərbaycan Müvəqqəti İnqilab Komitəsini formalaşdırıb, Xalq Komissarları Sovetini təşkil edərək, Sovet Rusiyası ilə sıx münasibətlərə hazır olduqlarını bəyan edirlər. Bununla da Azərbaycan Sovet Sosialist Respublikasının əsası qoyulur.
Bakıdakı hadisələrdən xəbər tutan AKP Gəncə dairə komitəsi elə həmin gün Quberniya İnqilab Komitəsini formalaşdırır. Növbəti günün axşamı qubernator Xudadat bəy Rəfibəyli bütün Gəncə quberniyasında hakimiyyətin İnqilab Komitəsinə verilməsi haqqında aktı imzalayır. Gəncə İnqilab Komitəsinin tərkibində sədr İbrahim Əliyev, müavin Fərhad Əliyev, Vəkilov, Sultanov və Eminbəyov var idi.
Gəncə quberniyasında hakimiyyət dəyişikliyi gedən vaxt Bakıdan Gəncə istiqamətində zirehli qatarlar hərəkətə başlayırlar. Şəhərə yaxınlaşanda onlar yollarını kəsməyə çalışan müsavatçıların dəstələri ilə böyük döyüşə girirlər. 1 may tarixində sovet zirehli qatarları və 28-ci atıcı diviziyanın desant rotaları Gəncə stansiyasını və şəhərin dəmir yolu rayonunu tutdular. Növbəti gün bura II Atlı korpusun və Taman süvari diviziyasının alayları gəldilər və şəhəri eləcə də ona tabe rayonları tutdular.
5 may tarixində Sovet Azərbaycanının rəhbərliyinə, Leninin göndərdiyi və Sovet Azərbaycanının yeni dövlət kimi tanınması kimi qiymətləndirilən teleqramdan sonra 8 may tarixində Gəncə İnqilab Komitəsindən quberniya inqilab komitəsinin sədri İbrahim Əliyevin imzası ilə teleqram gəlir. Bu teleqramda Gəncə quberniyasının RSFSR tərəfindən Azərbaycan Sovet Sosialist Respublikasının tanınması alqışlanmış və dünyadakı bütün fəhlə sinfini istismar edənlərə qarşı amansızca mübarizə aparmağa hazır olduğunu ifadə etmişdir. Bununla yanaşı Gəncə üsyanı zamanı belə bir çox kəndlərin ölkənin sovetləşməsindən xəbərləri belə yox idi.
AXC ordusuna qarşı siyasət 28 aprel tarixində Azərbaycan İnqilab Komitəsinin dekretinə əsasən Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı yaradıldı və onun ilk komissarı Çingiz İldırım təyin olundu. Növbəti gün Azərbaycan İnqilab Komitəsi Azərbaycan ordusunun əsgərlərinə müraciət edərək onları Sovet hökuməti uğrunda mübarizə aparmaqda Qırmızı Orduya kömək etməyə çağırdı. Elə həmin gün Azərbaycan ordusunu dərhal XI Qırmızı Orduya tabe etmək və ordunu Fəhlə Kəndli Qırmızı Ordusu əsasında, uyğun say və hissələri Azərbaycan adını saxlamaqla yenidən formalaşdırmaq haqqında qərar qəbul edildi. Yeni formalaşdırılmış ordu ilk dövrlər (may ayı) öz şəxsi heyətinə, təchizatına görə keçmiş AXC ordusunun varisi idi, onun yalnız adı dəyişərək Qırmızı Ordu adlanırdı. Əsgər və zabitlər artıq yeni hökumətin tabeliyindəki orduda xidmət edirdilər. Ayın 30-da Çingiz İldırım keçmiş hərbi nazirin müavini Əliağa Şıxlinskini özünə müvəqqəti köməkçi təyin edir.
Azərbaycan Kommunist Partiyasının üzvlərini siyasi rəhbərliyi öz əllərində cəmləmələri üçün keçmiş ordu hissələrinə göndərməyə başlayırlar. Gəncədə yerləşən hərbi hissələrin komissarı Azərbaycan İnqilab Komitəsinin tövsiyəsinə əsasən və Azərbaycan Sovet Respublikası Hərbi və Dəniz işləri üzrə xalq komissarının əmri ilə 4 may tarixində Əhməd Rzayev təyin edilir. 7 may tarixində AİK "operativ, inzibati, təşkilati və eləcə də bütün növ təchizatlarla bağlı" o dövrdə artıq adı dəyişdirilmiş ordu və donanmanı XI Qırmızı Orduya və Volqa – Xəzər hərbi donanmasına tabe etmək haqqında qərar qəbul edir. Köhnə AXC ordusunun hissələrini XI Qırmızı Orduya tabe etmək təkcə siyasi fəaliyyət deyildi. Qafqaza daxil olmuş XI Qırmızı Orduya öz şəxsi heyətini artırmaq vacib idi.
Bu qərarı icra etmək üçün 11 may tarixində XI Qırmızı Ordunun komandanı Mixail Levandovskinin, İnqilabi Hərbi Şuranın üzvü Konstantin Mexonoşinin və qərargah rəisi Aleksandr Remezov tərəfindən çıxmış qərara görə Gəncə qəzasında yerləşən Azərbaycan hissələri 32-ci diviziyanın komandanına tabe edilməli və XI Qırmızı Ordu inspektorları tərəfindən Azərbaycan hissələrini yenidən formalaşdırmaq, eləcə də, I Birləşmiş Azərbaycan fəhlə-kəndli qırmızı sovet atıcı diviziyasını yaratmaq planını cızmaq tapşırılmışdı. Həmin gün Çingiz İldırım yazırdı:
Yenidənqurma zamanı köhnə Azərbaycan ordusunun hissələri yenidən təşkil edilirdilər. Azərbaycan Sovet Respublikasının Hərbi-Dəniz komissarının 16 may tarixli qərarına əsasən III Gəncə piyada alayının adı, III Azərbaycan fəhlə-kəndli qırmızı atıcı alayına, I piyada diviziyası (sonradan üsyan qaldırırlar) II piyada diviziyası ilə birləşdirilərək adı, I fəhlə-kəndli qırmızı atıcı briqadasına dəyişdirilir. I fəhlə-kəndli qırmızı atıcı briqadası I Azərbaycan fəhlə-kəndli qırmızı diviziyasının bir hissəsi olur. (I piyada diviziyasının qərargahı Azərbaycan fəhlə-kəndli birləşmiş diviziyası adını alır). Demək olar ki, eyni vaxtda Azərbaycan Sovet Respublikasının Hərbi-Dəniz komissarının qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbinin adı dəyişdirilərək Fəhlə-Kəndli Qırmızı komandanlıq Kursları adını alır. Təlim tədris hissələrinin yenidən formalaşdırılması işi isə keçmiş ordunun zabiti həmin dövrdə Azərbaycan Sovet Respublikasının Hərbi-Dəniz komissarının köməkçisi olan general Əliağa Şıxlinskiyə tapşırılır: "Təlim tədris hissələrinin yenidən formalaşdırılması isə mənim müavinim Əliağa Şıxlinskinin göstərişlərinə əsasən aparılsın".
Hərbi-siyasi vəziyyət Gəncə üsyanı baş verən dövrdə Azərbaycan sərhədlərində qarışıqlıq hökm sürürdü.
Sovet Azərbaycanının qərb sərhədlərində Qırmızı Ordu hissələri ilə gürcü ordusu arasında silahlı qarşıdurmalar baş verirdi. 1 maydan etibarən 15 maya qədər hər iki tərəf arasında arasıkəsilməz atışma baş vermişdi. Gürcü ordusu strateji əhəmiyyətli Poylu körpüsünü nəzarət altına almaq eləcə də Gəncə və Zaqatala istiqamətində irəliləmək niyyətində idi. XI Qırmızı Ordunun İnqilabi Hərbi Şurası gələcəkdə bütün Zaqafqaziyanı sovetləşdirməyi təbliğ edirdi. Gürcü kommunistləri 3 mayda uğursuz hakimiyyət çevrilişinə cəhd etdilər. 13 may tarixində Sovet Rusiyası ilə Gürcüstan arasında sülh müqaviləsi bağlandı. Gəncə üsyanı bolşeviklərin Zaqafqaziyadakı vəziyyətini çətinləşdirdiyi üçün gürcü generalı Georgi Kvinitadzeyə inanırdı ki, yalnız onda gürcü ordusu bolşeviklərə məhv etməyə və mütəffiq kimi Azərbaycanın yanındakı öhdəliyi yerinə yetirməyə qadir idi.
Sovet Azərbaycanı da Gürcüstanla sülh müqaviləsi bağlayıb hərbi əməliyyatlara son qoymaq haqqında danışıqlara başlayır. İnqilabi Hərbi Şuranın təzyiqi ilə Azərbaycan İnqilab Komitəsi 27 may tarixində Gürcüstanla sülh müqaviləsi bağlayır.
Bu dövrdə Ermənistanda da vəziyyət kəskinləşir. 10 may tarixində bolşeviklər üsyan qaldırsalar belə erməni hökuməti tərəfindən bu üsyan yatırılır. Kömək məqsədilə İngiltərə Ermənistana 1 milyon funt sterlinq dəyərində silah sursat təklif edir və ermənilər bu təklifi may ayının 19-da qəbul edirlər. Üsyan yatırılsa belə Ermənistanın bəzi bölgələrində hökumətə qarşı silahlı mübarizə gedirdi. Hətta Şəmşəddin rayonunun üsyançılarına Sovet Azərbaycanı tərəfindən 18 may tarixində 17 vaqon ərzaq və 5 milyon rubl göndərilmişdir. Buna baxmayaraq uzun sürən döyüşlərdən sonra 1600 nəfər erməni üsyançısı Azərbaycana keçir. Sovet Azərbaycanında onlardan Erməni Qırmızı üsyançı alayı (I Qazax üsyançı alayı) formalaşdırılır. 18–20 may tarixlərində daşnaklar Qazaxın cənub hissəsində sərhəddi pozmaqlarına baxmayaraq sovet ordusu tərəfindən geriyə oturdulurlar.