Şeyx Sənan — Üzeyir bəy Hacıbəyovun ikinci operası.

Haqqında Əsər 5 pərdəlidir. Librettosunu eyniadlı xalq dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. Əsər müxtəlif dinlərə etiqad edən iki gəncin faciəli məhəbbətindən bəhs edir. İlk dəfə 1909-cu il noyabrın 30-da (yeni təqvimlə dekabrın 13-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru H. Şərifov, dirijoru Üzeyir bəy Hacıbəyov olmuşdur. Əsas partiyaları Hüseynqulu Sarabski (Şeyx Sənan), Leyla xanım (T. Boqatko; Xumar), Hənifə Terequlov (Xumarın atası) ifa etmişlər. Lakin operanın səhnə taleyi uğursuz olmuş və o, bir daha oynanılmamışdır. İlk tamaşa ilə əlaqədar o dövr mətbuatında ("Səda", "Tərəqqi", "Həqiqət", "Kaspi", "Baku" qəzetləri və s.) dərc olunmuş yazılar bu uğursuzluğun səbəblərini qismən açıqlayır.

Bu xalq dastanı haqqında rusdilli oxuculara hələ 1907-ci ildə ilk dəfə məlumat verən Mehdi bəy Hacınski "Şeyx Sənan" operasına tamaşa etdikdən sonra "Avara" imzası ilə dərc etdirdiyi məqalədə yazmışdı: "Leyli və Məcnun" operası gənc bəstəkara yeni "Şeyx Sənan" operasını yaratmağa imkan verdi. Gənc bəstəkar dastanın "eşqin sərhədi yoxdur" kimi əsas ideyasını saxlamaqla ona gözəl musiqi yazmışdır" ("Kaspi" qəzeti, 2 dekabr 1909, № 270). "Şeyx Sənan"a tamaşa etmiş incəsənət xadimləri və jurnalistlərin rəylərində operanın "son dərəcə gözəl havası" ("Həqiqət" qəzeti, 26 may 1910, № 118), musiqisinin "çox gözəl" ("Səda" qəzeti, 2 dekabr 1909, № 45) olması, burada "gözəl nəğmələr" eşidilməsi ("Reklam" qəzeti, rusca) barədə tərifli fikirlər var. Məsələn, "mükəmməl musiqi ilə tərtib olunmuş" ("Səda" qəzeti, 25 oktyabr 1909, № 15) "Şeyx Sənan" operasının səhnə həyatı nə səbəbə uğursuz olmuşdur? İstər Üzeyir bəy Hacıbəyovun müasirləri, istərsə də tədqiqatçıları bunu operanın librettosunun zəifliyi ilə izah edirlər.

Operanın librettosu həqiqətən zəif olub. Belə ki, tamaşa Üzeyir bəy Hacıbəyovun iki ildən bəri üzərində işlədiyi libretto əsasında oynanılmamışdır. Mənbələrdən aydın olur ki, Üzeyir bəy Hacıbəyov opera üzərində işləyərkən "Şeyx Sənan" dastanını nəzmə çəkməyi dərbəndli şair Mirzə Səməndərə sifariş etmişdi. Bunun bilavasitə şahidi olan H. Abbasov xatirələrində Mirzə Səməndəri Üzeyir bəy Hacıbəyovun tapşırığı ilə Bakıya dəvət etdiyini, onun üç ay burada qalıb dastanı nəzmə çəkdiyini və həmin şeirləri əlbəəl Üzeyir bəy Hacıbəyova təqdim etdiyini göstərir (H. Abbasov. "Xatirələrim", Bakı: 1968, səh. 30). Lakin güman etmək olar ki, Mirzə Səməndər hansı səbəbdənsə, kiminsə təhriki ilə ilk tamaşaya az qalmış şeirləri Üzeyir bəy Hacıbəyovdan almış və o, librettodakı şeirlərin yerini dar macalda şifahi xalq ədəbiyyatından seçdiyi parçalarla əvəz etmişdir.

Müasirləri operanın səhnə həyatının uğursuzluğuna musiqisinin Avropa tərzində olmasını, "yəhudi xoru"nun xoşagəlməyən ifasını, Leyla xanımın "müsəlman ləhnlərinə biganəliyi"ni və s. səbəblər də göstərirdilər. "İlk tamaşadan sonra Ü. Hacıbəyov özü "Şeyx Sənan" operasını məhv etmişdir" iddiası da əsassızdır. Üzeyir bəy Hacıbəyovun 1911-ci ildə opera üzərində yenidən işlədiyi və təzə libretto yazacağı haqqında "Kaspi" qəzetində (8 may 1911) məlumat vardır. "Şeyx Sənan" operasının musiqisi isə heç zaman məhv edilməmiş, bəstəkar bu musiqidən sonrakı əsərlərində istifadə etmişdir. "Şeyx Sənan" operasının ilk tamaşası barədə rəylərin, Üzeyir bəy Hacıbəyovun başqa əsərlərinə yazılmış resenziyaların, "Nicat" cəmiyyətinin iclaslarındakı müzakirələrdə irəli sürülən mülahizələrin tədqiqi bu əsər haqqında natamam təsəvvürləri dəqiqləşdirməyə imkan verərdi.

Mənbə "Şeyx Sənan"

Həmçinin bax Fikrət Əmirovun "Kor ərəbin mahnısı"

Kateqoriya:Üzeyir Hacıbəyovun operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycan haqqında operalar