Z nəsli etirazları yaxud Z nəsli inqilabları — 2020-ci illərdə bir çox ölkədə baş vermiş və əsasən Z nəslinin nümayəndələrinin rəhbərlik etdiyi hökumət əleyhinə etirazları və üsyanları təsvir etmək üçün müxtəlif media vasitələrinin istifadə etdiyi termin. Bu etirazlara korrupsiya, nepotizm, iqtisadi bərabərsizlik, avtoritarizmvə demokratik geriləmə səbəb olmuşdur.
Etirazlarda əsas rolu Z nəsli, xüsusilə tələbələr oynayır. Sosial şəbəkələr hakimiyyətə qarşı müqavimətin təşkilində mühüm rol oynayır. Bunun nəticəsində etirazların baş verdiyi bəzi ölkələrin hökumətləri sosial şəbəkələrə məhdudiyyətlər və qadağalar tətbiq etmişlər. Yaponiyanın One Piece manqasındakı Saman Şlyapalı Piratların bayrağı kimi populyar mədəniyyət simvolları da dünyanın müxtəlif yerlərində etirazçılar tərəfindən istifadə olunmuşdur. Bu simvollar etirazçıların ortaq kimliyini və həmrəyliyini ifadə edən vasitələrə çevrilmişdir.
Adlandırılması Bu etirazlar çox vaxt Z nəslinin inqilabları və ya üsyanları adlandırılır. İnternet seqmentində bəzən “zumerlərin etirazları və ya inqilabları” ifadəsindən istifadə olunur. Asiyada baş verən Z nəsli etirazlarını təsvir etmək üçün isə tez-tez “Asiya baharı” və ya “Cənubi Asiya baharı” terminləri işlədilir.
İlkin şərtlər və səbəblər Z nəslinin etirazlarının səbəbləri ölkələrə görə fərqlənsə də, bir qayda olaraq, hökumətlərdən narazılıq, iqtisadi vəziyyət, həyat səviyyəsinin aşağı düşməsi, korrupsiya və gənclərin, xüsusilə də işsiz gənclərin sayının çox olması ilə bağlıdır. Əksər hallarda etirazlar hökumət daxilində baş verən qalmaqallar, əsas kommunal xidmətlərə və zəruri resurslara çıxışın çətinləşməsi, eləcə də həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar kütləvi narazılıq nəticəsində yaranır. Siyasi elmlər professoru Bart Kammarts CNN-ə müsahibəsində qeyd edir ki, etirazların səbəblərindən biri Z nəslinin özünü diqqətdən kənarda qalmış hiss etməsidir. Onun sözlərinə görə, gənclər hesab edirlər ki, onların maraqları təmsil olunmur və nəzərə alınmır.
Etirazların metodları Z nəslinin etirazları, bir qayda olaraq, mərkəzləşdirilməmiş xarakter daşıyır və konkret liderlərə malik olmur.
Sosial şəbəkələrin rolu Sosial şəbəkələr bütün bu etirazlarda onların təşkili və əlaqələndirilməsi üçün istifadə olunmuşdur. Mərakeş və Nepalda etirazçılar tez-tez Discord platforması vasitəsilə ünsiyyət qurmuşlar. Instagram, TikTok və Telegram kimi digər sosial şəbəkələr də nümayişçilər tərəfindən istifadə edilmişdir. Bu platformalar müxtəlif ölkələrdəki qruplar arasında real vaxt rejimində mərkəzləşdirilməmiş koordinasiyaya, məlumatların sürətli mübadiləsinə və insanları birləşdirən populyar simvolların yayılmasına imkan yaratmışdır.
Etirazların simvolları Z nəslinin müxtəlif etirazlarında One Piece manqasındakı Saman Şlyapalı Piratların bayrağı tez-tez gənclərin etiraz hərəkatlarının simvolu kimi istifadə olunur. Bu bayraq ilk dəfə İndoneziyadakı etirazlar zamanı istifadə edilmiş, daha sonra isə digər ölkələrdəki nümayişçilər tərəfindən də qaldırılmışdır. Nepalda Şarma Olinin hökuməti devrildikdən sonra etirazçılar həmin bayrağı Sinqha Durbar sarayının darvazasında asmışdılar.
Hadisələrin gedişi Ərəb baharı ilə əlaqələndirilərək “Asiya baharı” da adlandırılan Asiyadakı Z nəsli etirazlarının başlanğıcı Le Monde qəzeti tərəfindən 2022-ci ildə Şri-Lankada baş vermiş etirazlarla əlaqələndirilmişdir. “Z nəslinin etirazları” termini ilk dəfə 2024-cü ildə Keniyada maliyyə qanun layihəsinə qarşı keçirilən etirazları təsvir etmək üçün istifadə olunmuşdur. Bu termin 2025-ci ildə Nepal hökumətinin devrilməsindən və həmin hadisə zamanı, eləcə də sonrasında dünyanın müxtəlif yerlərində baş verən etirazlar silsiləsindən sonra beynəlxalq mediada geniş yayılmışdır. Time jurnalının 2025-ci ilin oktyabrına aid məlumatına görə, Z nəslinin etirazları artıq Asiya, Afrika və Cənubi Amerika qitələrini əhatə etmişdi.
Ölkələr üzrə
Şri-Lanka 2022-ci ilin martında Şri-Lankada hökumətə qarşı kütləvi etirazlar başladı. Bu etirazlar sinhal dilində “mübarizə” mənasını verən Aragalaya adı ilə də tanınır. Etirazlara korrupsiya və bunun nəticəsində yaranmış iqtisadi böhran səbəb olmuşdu. Nümayişçilərin əsas tələbi prezident Qotabaya Rajapaksanın və Rajapaksa ailəsinə mənsub olan əsas vəzifəli şəxslərin istefası idi. Etirazçıların əksəriyyəti özlərini siyasi baxımdan bitərəf hesab edirdi. Onların bir çoxu parlament müxalifətindən də narazı idi. Etirazlar geniş ictimaiyyət tərəfindən təşkil olunmuş, gənclər isə bu prosesdə mühüm rol oynamışdılar. Hökumət etirazlara fövqəladə vəziyyət elan etmək, hərbçilərə mülki şəxsləri həbs etmək səlahiyyəti vermək, komendant saatı tətbiq etmək və sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq kimi sərt tədbirlərlə cavab verdi. Tətbiq edilən tədbirlərin bir çoxunun Şri-Lanka Konstitusiyasına zidd olduğu bildirilirdi. 3 aprel 2022-ci ildə Qotabaya Rajapaksanın ikinci kabinetinin 26 üzvü, prezidentin özü və baş nazir Mahinda Rajapaksa istisna olmaqla, istefa verdi. Ertəsi gün istefa vermiş bir neçə nazir başqa nazirliklərdə yenidən vəzifəyə təyin olundu. Mayın 12-də Mahinda Rajapaksa baş nazir vəzifəsindən istefa verdi və onun yerinə Ranil Vikramasinqhe təyin edildi.
10 iyul 2022-ci ildə etirazçılar paytaxt Kolomboda prezident iqamətgahını ələ keçirdilər. Bu hadisə Qotabaya Rajapaksanın ölkədən qaçmasına və baş nazir Ranil Vikramasinqhenin istefaya hazır olduğunu bildirməsinə səbəb oldu. On gün sonra, iyulun 20-də parlament Vikramasinqheni prezident seçdi. 2022-ci ilin noyabrına qədər iqtisadi vəziyyətin yaxşılaşması fonunda etirazlar dayandı.
Keniya 2024-cü il iyunun 18-dən avqustun 8-dək Keniyada vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı etirazlar keçirildi. İyunun 25-də etirazçılar parlament binasına daxil oldular. Bu, polis ilə nümayişçilər arasında toqquşmalara səbəb oldu. Nəticədə ən azı 22 nəfər öldü, çoxlu sayda insan yaralandı. Human Rights Watch təşkilatı Keniya təhlükəsizlik qüvvələrini hökumət əleyhinə etirazların ehtimal olunan liderlərini oğurlamaqda, onlara işgəncə verməkdə və məhkəməsiz edam etməkdə ittiham etdi. İyunun 26-da Keniya prezidenti Uilyam Ruto mətbuat konfransı keçirərək qanun layihəsinin ictimaiyyət arasında populyar olmaması səbəbindən onu imzalamayacağını bildirdi. Avqustun 8-dək etirazlar dayandı.
Banqladeş 2024-cü ildə Banqladeşdə İyul inqilabı baş verdi. İyun ayının əvvəlində dövlət qulluğuna qəbul zamanı tətbiq edilən kvota sisteminin islahatı tələbi ilə başlayan hərəkat baş nazir Şeyx Hasinanın istefası ilə nəticələndi. Hərəkata əsasən, “Ayrı-seçkiliyə qarşı tələbələr” təşkilatı rəhbərlik edirdi. Əvvəlcə universitet tələbələrinin rəhbərlik etdiyi hərəkat dövlət vəzifələrinə qəbul zamanı kvota sisteminin yenidən qurulmasını tələb edirdi. Lakin hökumətlə əlaqəli qrupların nümayişçilərə və mülki şəxslərə qarşı zorakılıq tətbiq etməsi nəticəsində etirazlar genişlənərək avtoritar hökumətə qarşı ümumxalq hərəkatına çevrildi. Etirazlar 2024-cü ilin iyununda Banqladeş Ali Məhkəməsinin Muktibahini (Banqladeşin müstəqillik müharibəsində iştirak etmiş azadlıq döyüşçüləri) üzvlərinin nəslindən olan şəxslər üçün dövlət qulluğunda 30 faizlik kvotanı bərpa etməsinə cavab olaraq başladı. Tələbələr hesab edirdilər ki, bu sistem onların şəxsi nailiyyətləri və bacarıqları əsasında işə qəbul olunmaq imkanlarını məhdudlaşdırır.
Hökumətin sərt reaksiyası və repressiv siyasətə qarşı artan narazılıq etirazların ölkə üzrə sürətlə yayılmasına səbəb oldu. Hökumət polis qüvvələrindən, Çevik Reaksiya Batalyonundan, Sərhəd Mühafizəsi qüvvələrindən və silahlı qüvvələrdən istifadə etdi. Ölkə üzrə komendant saatı elan edildi və etirazçılara xəbərdarlıq etmədən atəş açılmasına icazə verildiyi bildirildi. İnternet və mobil rabitə kəsildi, nəticədə Banqladeş faktiki olaraq xarici dünyadan təcrid olundu. Daha sonra hökumət sosial şəbəkələri də blokladı. Dövlət qüvvələri paytaxt Dəkkənin bəzi hissələrini mühasirəyə aldı və etirazlarla əlaqəsi olduğundan şübhələnilən şəxsləri seçmə qaydada həbs etdi. Bu tədbirlər şəhər sakinləri arasında qorxu yaratdı. 2 avqust 2024-cü il tarixinə olan məlumatlara görə, 215 nəfərin ölümü təsdiqlənmiş, 20 mindən çox insan yaralanmış və 11 mindən çox insan həbs edilmişdi. Qeyri-rəsmi məlumatlarda ölənlərin sayının 300–500 nəfər arasında olduğu bildirilirdi. UNICEF iyul etirazları zamanı ən azı 32 uşağın öldürüldüyünü, daha çox uşağın isə yaralandığını və saxlanıldığını açıqlamışdı. Həlak olanların dəqiq sayını müəyyənləşdirmək çətin idi. Məlumatlara görə, hökumət xəstəxanalara polis icazəsi olmadan KİV-lə məlumat paylaşmağı qadağan etmiş, xəstəxanalardakı müşahidə kameralarının görüntüləri müsadirə edilmiş və odlu silah yaralarından ölən bir çox insanın kimliyi müəyyənləşdirilmədən dəfn olunmuşdu. Komendant saatına baxmayaraq, hərəkat davam etdi və etirazçıların tələbləri genişləndi. Onlar artıq baş nazir Şeyx Hasinanın istefasını tələb edirdilər. Hökumətin genişmiqyaslı zorakılıq tətbiq etməsi tələbə etirazlarını “Əməkdaşlıqdan imtina hərəkatı” kimi tanınan ümumxalq üsyanına çevirdi. “Bir tələb hərəkatı” adı ilə də tanınan bu hərəkat kvota sisteminin ləğvi uğrunda etirazların davamı idi. Onun yeganə tələbi Şeyx Hasinanın və kabinetinin istefası idi.
3 avqust 2024-cü ildə “Ayrı-seçkiliyə qarşı tələbələr” hərəkatının liderləri baş nazirin və onun kabinetinin istefasını tələb etdilər və hakimiyyətlə tam əməkdaşlıqdan imtinaya çağırdılar. Avqustun 4-də baş verən şiddətli toqquşmalar nəticəsində əsasən tələbələr olmaqla 97 nəfər öldü. Avqustun 5-də Şeyx Hasina istefa verdi və Hindistana qaçdı. Onun istefasından sonra ölkədə kütləvi bayram və sevinc nümayişləri keçirildi. Eyni zamanda, hərbi rəhbərlik və Banqladeş prezidenti Məhəmməd Şahabuddin iqtisadçı və Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərliyi altında müvəqqəti hökumətin yaradıldığını elan etdilər.
İndoneziya 2025-ci il avqustun 25-də İndoneziyada korrupsiya, iqtisadi qeyri-sabitlik və parlament üzvləri üçün mənzil subsidiyalarının artırılmasını nəzərdə tutan qanun layihəsi ilə əlaqədar etirazlar başladı. İlk mərhələdə etirazçılar Xalq Nümayəndələri Şurasından subsidiyaların ləğvini, təhqiramiz bəyanatlar vermiş qanunvericilərin cəzalandırılmasını və korrupsiyaya görə məhkum edilmiş qanunvericilərin aktivlərinin müsadirəsini nəzərdə tutan qanunun qəbulunu tələb edirdilər. Etirazların əsas səbəblərindən biri parlament üzvləri üçün aylıq 50 milyon rupi məbləğində mənzil müavinətinin nəzərdə tutulması idi. Bu məbləğ Cakartada minimum əməkhaqqından on dəfə çox idi. Parlament üzvlərinin mövcud yemək və nəqliyyat müavinətləri ilə birlikdə bu güzəşt ərzaq və təhsil xərclərinin artdığı, kütləvi işdənçıxarmaların baş verdiyi və büdcə maliyyələşməsinin azaldılması fonunda əmlak vergisinin yüksəldildiyi bir vaxtda ictimai narazılığa səbəb oldu. Əsasən tələbələrin rəhbərlik etdiyi etirazçılar avqustun sonlarında tələblərini genişləndirərək İndoneziya Milli Polisinin hərtərəfli islahatını və polis rəisi Listyo Siqit Prabovonun istefasını tələb etdilər. Əsasən paytaxt Cakartada keçirilən etirazlar avqustun 28-də Mobil Briqada Korpusunun taktiki avtomobilinin motosiklet taksisi sürücüsü Affan Kurniawanı vuraraq öldürməsindən sonra gücləndi və ölkənin digər bölgələrinə yayıldı. Makassar və Surabaya kimi şəhərlərdə bir neçə dövlət binası yandırıldı. Parlament üzvləri ilə əlaqəli və ya onlara məxsus bəzi evlər də qarət edildi. İndoneziyanın bir çox media orqanı bu etirazları Asiyada baş verən daha genişmiqyaslı etirazların və ya Z nəslinin etiraz hərəkatının bir hissəsi kimi qiymətləndirirdi.
Nepal