Mədəaltı vəzi axacağı və ya Virsunq axacağı (əlavə mədəaltı vəzi axacağının mövcudluğuna görə əsas mədəaltı vəzi axacağı da adlandırılır) — mədəaltı vəzini ümumi öd axacağı ilə birləşdirən axacaqdır. Bu axacaq mədəaltı vəzinin ekzokrin hissəsi tərəfindən istehsal olunan və həzm prosesinə kömək edən mədəaltı vəzi şirəsini daşıyır.
Quruluşu Mədəaltı vəzi axacağı Vater ampulasına çatmazdan əvvəl ümumi öd axacağı ilə birləşir. Bundan sonra hər iki axacaq onikibarmaq bağırsaqın ikinci hissəsinin medial divarından keçərək onikibarmaq bağırsağın böyük məməciyi səviyyəsində onun mənfəzinə açılır. Bu quruluşun bir çox anatomik variantları təsvir edilmişdir, lakin onlara olduqca nadir hallarda rast gəlinir.
Əlavə mədəaltı vəzi axacağı İnsanların əksəriyyətində yalnız bir mədəaltı vəzi axacağı olur. Bununla belə, bəzi insanlarda əlavə mədəaltı vəzi axacağı mövcuddur. Bu axacaq Santorini axacağı da adlandırılır. Əlavə mədəaltı vəzi axacağı funksional və ya qeyri-funksional ola bilər. O, onikibarmaq bağırsağın ikinci hissəsinə ayrıca açıla bilər.Moore KL, Dalley AF. 2006. Clinically Oriented Anatomy. 5th Ed. Lippincott Williams & Wilkins. p 287.Mchonde GJ, Gesase AP. Termination pattern of main and accessory pancreatic ducts among Tanzanians. Anatomy Journal of Africa. 2014; 3(1):223–227. Əlavə axacaq dorsal mənşəlidir və adətən insanların 70%-ində onikibarmaq bağırsağın kiçik məməciyi vasitəsilə onikibarmaq bağırsaqa açılır. İnsanların qalan 30%-ində isə əlavə axacaq əsas mədəaltı vəzi axacağına birləşir. Əsas axacaq öz növbəsində onikibarmaq bağırsağın böyük məməciyi vasitəsilə onun mənfəzinə açılır. Beləliklə, həm əsas mədəaltı vəzi axacağı, həm də əlavə axacaq birbaşa və ya dolayı yolla onikibarmaq bağırsaqın ikinci hissəsi ilə (D2 — şaquli seqment) əlaqələnir.
Bu axacaq Covanni Domeniko Santorininin şərəfinə adlandırılmışdır.G. D. Santorini. Observationes anatomicae. Venetiis, apus J. B. Recurti, 1724
Klinik əhəmiyyəti Mədəaltı vəzi axacağının sıxılması, tutulması və ya iltihabı kəskin pankreatitə səbəb ola bilər. Axacağın tutulmasının ən geniş yayılmış səbəbi ümumi öd axacağında öd daşlarının olmasıdır. Bu vəziyyət xoledoxolitiaz adlanır. Axacağın tutulması Kron xəstəliyi zamanı onikibarmaq bağırsağın iltihabı nəticəsində də baş verə bilər.
Öd daşı Vater ampulasının daralmış distal hissəsində ilişib qala bilər. Bu zaman həm ödün, həm də mədəaltı vəzi şirəsinin onikibarmaq bağırsağa axınına maneə yaranır. Ödün geriyə, mədəaltı vəzi axacağına qayıtması pankreatitin inkişafına səbəb ola bilər.
Kompüter tomoqrafiyası (KT) müayinəsində mədəaltı vəzi axacağının diametri vəzinin baş hissəsində 3 mm-dən, cisim və ya quyruq hissəsində isə 2 mm-dən çox olduqda, adətən, patoloji genişlənmə hesab edilir.
Ultrasəs müayinəsi zamanı insanların 75–85%-ində mədəaltı vəzi axacağını və ya onun müəyyən hissələrini görüntüləmək mümkündür.
Mədəaltı vəzi axacağının karsinoması Mədəaltı vəzi axacağının adenokarsinoması mədəaltı vəzi xərçənginin ən geniş yayılmış formasıdır.
Öd turşuları mədəaltı vəzi xərçənginin böyüməsi və proqressivləşməsi ilə sıx əlaqəlidir. Öd turşularının mədəaltı vəzi axacağının adenokarsinoma hüceyrələrində MUC4 zülalının həddindən artıq ekspressiyasına səbəb olmaqla kanserogen prosesləri sürətləndirdiyi ehtimal edilir.
Mədəaltı vəzinin adenokarsinoması və xoşxassəli xəstəlikləri olan pasiyentlərin ödündə (ümumi öd axacağından götürülmüş nümunələrdə) öd turşularının tərkibinin müqayisəli tədqiqi aparılmışdır.
Bədxassəli xəstəliyi olan pasiyentlər qrupunda konyuqasiya olunmamış öd turşusu olan xol turşusunun konsentrasiyası xoşxassəli xəstəliyi olan pasiyentlər qrupuna nisbətən əhəmiyyətli dərəcədə yüksək olmuşdur.
Mədəaltı vəzi xərçənginin risk amillərinin əksəriyyəti, o cümlədən alkoqol qəbulu, siqaret çəkmə və yüksək yağ tərkibli qidalanma öd turşularının sekresiyasının artmasına səbəb olur.
Öd turşularının mədəaltı vəzi axacağına reflüksü mədəaltı vəzi adenokarsinomasının inkişaf etdiyi epitel hüceyrələrinə və ya asinar hüceyrələrə təsir göstərir.
Tarixi Mədəaltı vəzi axacağı Virsunq axacağı da adlandırılır. Bu ad axacağı kəşf etmiş alman anatomu İohann Georq Virsunqun (1589–1643) şərəfinə verilmişdir.
Əlavə şəkillər
İstinadlar
Kateqoriya:Mədəaltı vəzi