Prussiyalı Luiza Ulrika (; ) — Prussiya kralı I Fridrix Vilhelmin qızı, İsveç kraliçası.

24 iyul 1720-ci ildə Berlində dünyaya gəldi. Atası Prussiya kralı I Fridrix Vilhelm, anası isə Britaniya kralı I Georqun qızı Sofiya Doroteyadır.

Uels şahzadəsi Frederik, İspaniya kralı III Karl və Hessen-Darmştadt landqrafı IX Lüdovik də daxil olmaqla, dövrün bir çox mühüm siyasi fiquruyla evləndirilməsi müzakirə edilsə də, bu müzakirələr nəticəsiz qaldı. Nəhayət, 1 mart 1744-cü ildə İsveç taxt-tacının namizədi seçilən Adolf Frederiklə evlənəcəyi elan olundu. 28 iyunda lüteran məzhəbinə keçdi. Cütlüyün formal nigahı 17 iyul 1744-cü ildə Berlində bağlandı. Əsas toy mərasimi isə 18 avqustda İsveç kralı I Frederikin sarayında baş tutdu. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Ölü doğulan bir oğlan uşağı (1745) III Qustav (1746-1792) XIII Karl (1748-1818) Frederik Adolf (1750-1803) Sofiya Albertina (1753-1829)

1751-ci ildə kralın vəfatıyla əri Adolf Frederik İsveç taxtına əyləşdi. Cütlük 26 noyabrda Stokholmda baş tutan tacqoyma mərasimiylə İsveç kral və kraliçası ünvanlarını qazandılar. Əri üzərində və saray idarəsindəki güclü nüfuzuyla mütləq monarxiyanı dəstəkləyirdi və bu səbəblə, parlament tərəfindən sevilmədi.

Ancaq ərinin yaşlanması və böyük oğlu vəliəhd-şahzadə Qustavın yetkinlik yaşına çatmasının ardından saray daxilindəki nüfuzu azaldı. Artıq dövlət idarəsində söz sahibi olan böyük oğluyla siyasi rəqabət aparmağa başladı.

1771-ci ildə ərinin vəfatının ardından dul qaldı və böyük oğlu III Qustav taxta çıxdı. Ertəsi il oğlu saray çevrilişiylə parlamenti ləğv etdi və anasının ümid etdiyi mütləq monarxiyanı bərpa etdi. Ancaq oğlunun güclü idarəçiliyi və onu siyasətdən uzaq tutması səbəbilə münasibətləri pisləşdi.

16 iyul 1782-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:İsveç zadəganlığı Kateqoriya:Finlandiya tarixi Kateqoriya:Yeddiillik müharibə iştirakçıları