Əbu Bəkr Məhəmməd ibn Vəlid ibn Məhəmməd ibn Xələf əl-Fihri ət-Turtuşi (; ) — maliki məzhəbinə mənsub fəqih və mühəddis.
Bioqrafiyası Hicri 451-ci (1059) ildə Turtuşə şəhərində (indiki Tortosa) anadan oldu.
Ət-Turtuşi ilk təhsilini Saraqustada (indiki Saraqosa) aldı. Daha sonra müxtəlif alimlərdən dərs almaq üçün səfərlərə çıxdı. Əbül-Vəlid əl-Bacidən ərəb dili, fiqh, hədis, miras hüququ və xilaf elmlərini öyrəndi. Bəzi mənbələr onun İşbiliyədə (indiki Sevilya) İbn Həzmdən ərəb ədəbiyyatı oxuduğunu bildirir. Lakin bu məlumat mübahisəli hesab edilir.
Hicri 476-cı (1084) ildə həcc ziyarətindən sonra İraq, Şam və Misirin müxtəlif şəhərlərinə yollandı. Bağdadda Nizamiyyə mədrəsəsində şafii alimlərindən fiqh öyrəndi, hənəfi və hənbəli alimlərindən hədis dinlədi. Bəsrədə Əbu Əli ət-Tüstəridən Əbu Davudun "Sünən" əsərini oxudu.
O, Qüds, Dəməşq, Cəbəl-Lübnan və Rəşiddə də olmuş, daha sonra İsgəndəriyyədə məskunlaşmışdır. Səfərləri zamanı sufiliyə maraq göstərmişdir. Onun Əbu Həmid əl-Qəzzali ilə Qüdsdə görüşüb-görüşməməsi barədə fərqli rəvayətlər mövcuddur.
İsgəndəriyyədə ət-Turtuşi evinin bir hissəsini mədrəsəyə çevirərək dərs deməyə başladı. Qısa müddətdə çoxsaylı tələbələr topladı. Tələbələri arasında Əbu Bəkr ibnül-Ərəbi, Əbu Əli əs-Sədəfi, İbn Tümərt, İbn Zəfər əs-Siqilli və Əbüt-Tahir ibn Əvf kimi alimlər vardı. Qazi İyad da ondan əsərləri və rəvayətləri üzrə icazə almışdı.
Ət-Turtuşinin İsgəndəriyyədəki fəaliyyəti Misirdə maliki elmi ənənəsinin inkişafına təsir göstərmişdir. İbn Xəldun onun vasitəsilə Əndəlüs maliki məktəbinin bəzi əsaslarının Misir alimlərinə keçdiyini qeyd edir.
Turtuşi elmi fəaliyyətlə yanaşı ictimai və əxlaqi məsələlərə də münasibət bildirirdi. Hakimlərin bəzi qərarlarını tənqid etdiyinə və verdiyi fətvalara görə vəzir Əfdala şikayət edilmiş, bundan sonra Qahirəyə çağırılmış və Fustatda bir müddət məcburi yaşamışdır. Əfdalın hicri 515-ci (1121) ildə ölümündən sonra İsgəndəriyyəyə qayıdaraq tədris fəaliyyətini davam etdirdi. Hicri 516-cı (1122) ildə "Siracül-müluk" əsərini vəzir Məmun əl-Bətaihiə təqdim etdi.
Ət-Turtuşi hicri 520-ci (1126) ildə İsgəndəriyyədə vəfat etmişdir. Bəzi mənbələr onun ölüm tarixini hicri 525-ci (1131) il kimi qeyd edir. İsgəndəriyyədə onun məzarının yerləşdiyi və öz adını daşıyan məscid dövrümüzədək qorunmuşdur.
Həmçinin bax Yusif ibn Təşfin
İstinadlar Kateqoriya:İspaniya müsəlmanları