"Tanker müharibəsi" daha genişmiqyaslı İran–İraq müharibəsinin tərkib hissəsi olmaqla, 1981–1988-ci illərdə İran və İraq tərəfindən Fars körfəzində və Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilmiş bir sıra hərbi hücumlardan ibarət idi. İraq 283 hücuma, İran isə 168 hücuma görə məsuliyyət daşıyırdı.

Tarixi İran–İraq müharibəsi 1980-ci ilin sentyabrında başlamışdır. 1980-ci ilin dekabrında BMT-nin Baş katibi Kurt Valdhaym İran və İraqı Fars körfəzində dinc gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırdı. Həmin vaxt İran digər dövlətlərə Hörmüz boğazını açıq saxlayacağına dair təminat verdi. 1981-ci ildə İraq İranın müharibə səylərini zəiflətmək məqsədilə kommersiya gəmiçiliyinə hücumlara başladı. Əvvəlcə İraq qüvvələri İran quru qoşunları üçün hərbi təchizat daşıyan gəmiləri hədəfə alırdı. Daha sonra hücumların miqyasını genişləndirərək İranın ixrac məhsullarını daşıyan gəmilərə hücum etməyə başladılar. İran isə buna cavab olaraq İraqın ticarət tərəfdaşlarına və İraqa maliyyə dəstəyi göstərən ölkələrə məxsus gəmilərə hücum etdi.

Tanker müharibəsinin birinci mərhələsi 1981-ci ilin mayında, İraqın Fars körfəzinin şimal hissəsində yerləşən İran limanlarına gedən və ya həmin limanlardan çıxan bütün gəmilərə hücum edəcəyini elan etməsi ilə başladı. Bu təhdidi həyata keçirmək üçün İraq əsasən hava qüvvələrindən istifadə edirdi. Buraya Super Frelon helikopterləri, həmçinin Exocet gəmiəleyhinə qanadlı raketləri ilə silahlandırılmış F-1 Mirage və MiQ-23 qırıcı təyyarələri daxil idi. Lakin 1981–1983-cü illər arasında İran qüvvələri, ümumiyyətlə, cavab hücumlarından çəkinirdilər.

1984-cü ildə İraq Xark adasındakı neft terminalına və neft tankerlərinə hücum etməklə tanker müharibəsini genişləndirdi. İraqın İranın gəmiçiliyinə hücum etməkdə məqsədi iranlıları Hörmüz boğazını bütün dəniz nəqliyyatı üçün bağlamaq kimi ifrat tədbirlərə əl atmağa təhrik etmək və bununla da İrana qarşı xarici müdaxiləyə şərait yaratmaq idi.

Buna cavab olaraq İran Küveytə və İraqın müharibə səylərini dəstəkləyən digər ərəb körfəzi dövlətlərinə gedən və ya həmin ölkələrdən çıxan tankerlərə hücum etməyə başladı. İranın hücumları intensivləşdikcə, Küveyt öz gəmiçiliyi üçün xarici müdafiə axtarmağa başladı və tankerlərini müşayiət etmək üçün Sovet İttifaqı ilə danışıqlar apardı.

ABŞ Hörmüz boğazının bağlanacağı təqdirdə bir neçə dəfə müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Küveyt və Səudiyyə Ərəbistanı İrana qarşı İraqı dəstəkləyirdi. ABŞ 1986-cı ildə Küveyt tankerlərini qorumaq məqsədilə münaqişəyə müdaxilə etdi və İranla qarşıdurmaya girdi. Hər iki tərəf "müstəsna zona" (exclusion zone) elan etmişdi. Bu, gəmilərin daxil olması barədə əvvəlcədən xəbərdarlıq edilən ərazilər demək idi. İraq İranın Xark adası ətrafındakı ərazini istisna zonası elan etdi. Xark adasında İranın əsas neft ixracı limanı yerləşirdi. İraq bu istisna zonasının sərhədlərini koordinatlarla dəqiq müəyyənləşdirmiş və bütün ölkələrə əvvəlcədən məlumat vermişdi. Lakin İraq bu zonada təhlükəsiz keçid marşrutları müəyyən etməmişdi.

İran isə sahilindən 40 mil məsafəyə qədər olan bütün suları öz istisna zonası elan etdi. İran olmayan limanlara gedən gəmilərə bu xəttin qərbindən hərəkət etmək tapşırılmışdı. İran da öz istisna zonasında təhlükəsiz keçid marşrutları müəyyən etməmişdi. Lakin buna ehtiyac yox idi, çünki İranın istisna zonası gəmilərin körfəzə daxil olub çıxmasına imkan verirdi və mahiyyət etibarilə yalnız xarici gəmilərin İranın öz sularına daxil olmasının qarşısını alırdı. İranın yaratdığı istisna zonası İraq üçün İran gəmilərini hədəfə almağı asanlaşdırdı. İraq belə hesab edə bilirdi ki, İranın ərazi sularında olan istənilən gəmi İran limanına gedir və ya oradan gəlir.

1988-ci il aprelin 18-də ABŞ Hərbi Dəniz Qüvvələrinin "Mantis Prayer" əməliyyatı zamanı hücuma məruz qaldıqdan sonra İranın IRIS Sahand freqatı burun hissəsindən arxa hissəsinə qədər yanaraq məhv olmuşdu. Müharibə üzrə tədqiqatçı Stiven Fillips yazır ki, 1987-ci ilin yanvarında Küveyt hökuməti öz gəmiçiliyinə qarşı İran hücumlarının qarşısını almaq üçün ağıllı bir plan irəli sürdü. Küveyt ABŞ-dan tankerlərinin Amerika bayrağı altında yenidən qeydiyyata alınmasına və ABŞ Hərbi Dəniz Qüvvələrinin mühafizəsindən istifadə etməsinə icazə verib-verməyəcəyini soruşdu. Prezident Ronald Reyqan administrasiyası bu ideyanı müzakirə etdikdən sonra 1987-ci il martın 7-də onunla razılaşdı. O'Rourke bu gəmiləri "bayrağı dəyişdirilmiş Küveyt gəmiləri" (reflagged Kuwaiti ships) adlandırır. 1987-ci il mayın 17-də İraq təyyarəsinin USS Stark gəmisinə hücumu nəticəsində 37 ABŞ hərbçisi həlak oldu. İraq prezidenti Səddam Hüseyn üzr istədi və pilotun ABŞ gəmisini İran tankeri ilə səhv saldığını bildirdi.

BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsi 1987-ci il iyulun 20-də yekdilliklə qəbul edildi. Bu qətnamənin qəbulundan sonra "Earnest Will" əməliyyatı (24 iyul 1987 – 26 sentyabr 1988) həyata keçirildi. Bu, ABŞ-ın Küveytin ticarət gəmiçiliyini qorumaq məqsədilə apardığı və uğurla nəticələnən əməliyyat idi. O'Rourke-nin qeyd etdiyi kimi, İran gəmilərindən başqa, ən çox zərər çəkənlər dünyada geniş istifadə olunan "rahatlıq bayraqları" (flags of convenience) altında üzən gəmilər olmuşdu. Tanker müharibəsinin son mərhələsində mühafizə məqsədilə Qərbin rəhbərlik etdiyi silahlı müşayiət gəmilərindən ibarət konvoy taktikalarından istifadə edildi. 1987-ci ildə yedəyə alınan, radarı yayındıran aldadıcı qurğuların (decoys) və digər passiv əks-tədbirlərin istifadəsi də uğurla tətbiq olunmağa başladı.

Ümumilikdə, 100-dən çox dənizçi həlak olmuş, təxminən eyni sayda insan yaralanmışdı. 1981–1987-ci illər arasında 30 milyon tondan çox yükə ziyan dəymişdi. 1987-ci ildə, münaqişə davam edərkən, İran sürətli katerlərdən istifadə etməklə hücumlar həyata keçirmək taktikasını təkmilləşdirdi və atəşi hədəf gəmilərin ekipaj bölmələrinə yönəltməyə başladı. İran həmçinin Çində istehsal olunmuş qurudan atılan "Silkworm" raketlərindən də kifayət qədər effektiv şəkildə istifadə etdi.

İstinadlar

Kateqoriya:İran-İraq müharibəsi